İmtahanının nəticələri yaxın günlərdə elan olunacaq

31 İyul 2014 18:40 (UTC+04:00)

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.  TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, imtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub.  İmtahandan əvvəl TQDK-nın inzibati binasında Azərbaycan Mətbuat Şurasının, TQDK rəhbərliyinin və KİV nümayəndələrinin iştirakı ilə abituriyentlərə təqdim olunacaq mövzular təsadüfi seçim əsasında müəyyənləşdirilib. Belə ki, əvvəlcədən elan olunmuş 250-yə yaxın mövzu arasından 3 mövzu seçilib və canlı videobağlantı əsasında bütün imtahan mərkəzlərinə ötürülüb.  

İmtahan zamanı abituriyentlər həmin 3 mövzudan istədiyi biri üzrə 2 saat 30 dəqiqə müddətində yazı işi yerinə yetiriblər. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilib.  Yaxın günlərdə imtahanın nəticələrinin yoxlanılması başa çatdırılacaq və nəticələri elan olunacaq.  Qeyd edək ki, yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək. "Məqbul" qiyməti alanlar ixtisas seçimi zamanı III ixtisas qrupunun digər ixtisasları ilə yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.