Obama yenə də Həması ittiham etdi
2 Avqust 2014 11:05 (UTC+04:00)
İsrail ordusu Fələstinin Qəzza zolağında keçirdiyi hərbi
əməliyyatlar zamanı Həmas silahlılarına məxsus daha bir neçə tuneli
aşkarlayıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
əməliyyatlar zamanı İsrail əsgərləri Qırmızı Xaç cəmiyyətinin
binasını vurublar.
Qəzzanın cənub hissəsinə doğru irəliləyən hərbi qüvvələr Həması
zərərsizləşdirməklə yanaşı Böyük Britaniya əsilli girov götürülən
İsrail əsgərini də axtarır. Məlumata görə, əsgər Həmas silahlıları
ilə qarşıdurmalar zamanı itkin düşüb. Ötən gün baş verən
qarşıdurmalar zamanı 62 fələstinli və 2 israilli öldürülmüşdü.
Qarşıdurmalar BMT tərəfindən çağırılan 72 saatlıq atəşkəs rejiminin
pozulmasından dərhal sonra baş vermişdi.
Birləşmiş Millətlər Təşkilatı atəşkəsin pozulmasına görə, Həması
günahlandırıb və girov götürülən əsgərin dərhal sərbəst
buraxılmasını tələb edib.
Həm İsrail rəhbərliyi, həm də Həmas atəşkəsin pozulmamasına görə,
bir-birilərini günahlandırıblar.
Həmçinin, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da
əsgərin dərhal sərbəst buraxılması istəyib. Obama qeyd edib ki,
Həmas əgər, həqiqətən də, münaqişənin həll olunmasını istəyirsə,
İsrail əsgərini qeyri-şərtsiz azad etməlidir.
"İsrailliləri mütəmadi olaraq narahat edirlər. İsrailin özünü
müdafiə etmək hüququ var. Döyüşlər ağırdır. Məqsədə çatmaq çətin
olacaq. İnsanlar arasında qəzəb və ümidsizlik var. Lakin biz hədəfə
çatmaq üçün çalışmalıyıq" - deyə Obama vurğulayıb.
Artıq 25 gündür ki, İsrail Qəzzaya bomba yağdırır. Qarşıdurmalar
zamanı indiyə qədər ölənlərin sayı 1500-ə çatıb. İsrail tərəfdən 63
əsgər, 3 mülki şəxs ölüb.
İsrailin Qəzzaya müdaxiləsinə qarşı çıxan fələstinlilər Qərb Sahili
bölgəsində etiraz aksiyaları keçiriblər. Qüds, Hebron və Betlehem
şəhərlərində baş tutan aksiyalara 10 minlərlə insan qatılıb. Aksiya
zamanı fəallarla İsrailin təhlükəsizlik qüvvələri arasında
qarşıdurmalar olub. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə
hücum ediblər. Polis rezin güllərlə aksiyanı dağıtmağa çalışıb.
Qarşıdurmalar zamanı bir gənc sinəsindən aldığı güllə yarasından
dünyasını dəyişib.