“Azərbaycanla Rusiya arasında parlamentlərarası əlaqələrin mövcud potensialından kifayət qədər istifadə etməmişik”
10 İyul 2012 11:43 (UTC+04:00)
Rusiya Dövlət Dumasının sədri
Sergey Narışkinin Azərbaycana səfəri başa çatıb. APA-nın məlumatına görə, Heydər Əliyev
Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Sergey
Narışkin iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı
üçün böyük potensial olduğunu qeyd edib: "Bu günə qədər biz bu
potensialdan kifayət qədər istifadə etməmişik. Lakin əldə olunan
razılaşmalar bizi müsbət əhval-ruhiyyədə kökləndirir. Biz əvvəl də
bir sıra beynəlxalq parlamentlərarası qurumlar çərçivəsində sıx
əməkdaşlıq etmişik. Xüsusilə MDB Parlament Assambleyasında, AŞPA-da
və sair qurumlarda öz mövqelərimizi əvvəlcədən razılaşdıraraq
əməkdaşlıq etmiş, ümumi maraqlarımızı müdafiə etmişik". O qeyd edib
ki, beynəlxalq aləmdə Azərbaycan və Rusiyanın bir çox üst-üstə
düşən maraqları var.
S. Narışkin deyib ki, həmçinin keçirdiyi görüşlər zamanı siyasi,
sosial və humanitar sahələrdə geniş müzakirələr aparılıb:
"Azərbaycana səfərim zamanı parlamentlərarası və hökumətlərarası
müstəvidə çoxşaxəli müzakirələrim oldu. Hesab edirəm ki, humanitar
sahədə əməkdaşlıq daha aktiv olmalıdır və daha vacibdir. Çünki, bu
gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradır. Bu səbəbdən səfərim
zamanı təhsil, elm, digər sahələrdə çalışan yaradıcı insanlarla
görüş keçirdim. Görüşlər zamanı Avrasiya inteqrasiyasının inkişafı
barədə ciddi müzakirələr aparıldı. Son illər bu məsələyə təkan
verilib. Biz Avrasiyaya inteqrasiyanın bütün sahələri barədə fikir
mübadiləsi apardıq".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədrini Heydər Əliyev
Beynəlxalq Hava Limanından Milli Məclisin birinci vitse-spikeri
Ziyafət Əsgərov və parlament üzvləri yola salıblar.