Mediaya qayğı siyasəti kompleks səciyyə daşıyır

4 Avqust 2014 18:25 (UTC+04:00)

Azərbaycan Mətbuat Şurası "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsini reallaşdırmaqdadır. Ötən ilin sentyabr ayından həyata keçirilməkdə olan layihə çərçivəsində mövzuya dair tematik tədbirlər, eyni zamanda jurnalistlər arasında "Heydər Əliyev və Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda müsabiqə də keçirilib. Bütün bunlarla, o cümlədən sözügedən layihənin gedişi ilə bağlı MŞ-nin Beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevlə söhbətləşdik.

- Cavanşir müəllim, ümumən "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsinin məqsəd və vəzifələri barədə söz açmanızı istərdik.

Mətbuat Şurası fəaliyyətində müxtəlif sahələrin mediada işıqlandırılması məsələsinə ciddi önəm verir. Bu məqsədlə müsabiqələr, maarifləndirici tədbirlər, tematik müşavirələr, seminar, konfrans və "dəyirmi masa"lar düzənləyir. Bu sırada beynəlxalq münasibətlər mövzusuna verilən önəm də təbiidirİlk növbədə ondan başlayaq ki, hər hansı sahənin gündəmə gətirilməsini zəruriləşdirən obyektiv və subyektiv səbəblər var. Bunlardan kifayət qədər söz açmaq mümkündür. Məsələn, jurnalistlərin hüquqi məsələləri necə qələmə almalarına diiqət yetirsək, bu istiqamətdəmüəyyən problemlərin mövcudluğunu görərik. Eləcə də digər istiqamətlərlə bağlı. Bu problemlər təbii ki, obyektiv səciyyə daşıyırlar. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, jurnalistlərin spesifik sahələr üzrə peşəkar biliklərinin istənilən səviyyədə olmaması və sair. Ancaq sadaladıqlarım bütöv prosesi dayandırmaq, ləngitmək üçün əsaslar vermir. Biz heç də o anı gözləməməliyik ki, Azərbaycan jurnalisti BBC-nin əməkdaşı qədər məvacib alandan sonra onun kimi peşəkara çevrilsin. Əslində bəzən görürük ki, Azərbaycan jurnalisti hazırladığı mateiral baxımından hansısa qabaqcıl media korporasiyasının əməkdaşını üstələyir. İstənilən qədərolmasa da, deməliyik ki, belə nümunələr də var və deməli, peşəkarlıq heç də həmişə maddiyyatla ölçülmür və bu zaman dövriyyəyə subyektiv amillər girir. Jurnalisti hazırlamaq, maarifləndirmək, onun fəaliyyətini müəyyən mənada stimullaşdırmaq lazımdır. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu formalaşdırılıb. Təbii ki, mediaya qayğı siyasəti kompleks səciyyə daşıyır. Mətbuat Şurasının  medianın faəliyyət dairəsinə daxil olan bir çox istiqamətlərdə jurnalist peşəkarlığının artırılmasına yönələn işləri də qənaətbəxşdir. Beynəlxalq münasibətlər mövzusundakı layihəyə gəlincə, Azərbaycanın beynəlxalq sahədəki siyasi, iqtisadi, elmi və mədəni əlaqələri demək olar, bütün kütləvi informasiya vasitələrimizin maraq dairəsindədir. Mövzuya dair əksər qəzet, jurnal, informasiya agentliyi və xəbər portalları çoxsaylı materiallar həsr edir. Lakin bir çox hallarda bu materiallarda yaradıcılıq meylləri  nəzərə çarpmır. Onlar əsasən rəsmi xronikadan olduğu kimi götürülür, jurnalist araşdırması, təhlillər və oxucunun gözlədiyi digər cəhətlərə nadir hallarda üstünlük verilir. Layihə çərçivəsində aparılan monitorinqin nəticələri də elə bunu göstərir. Mətbuat Şurası problemin həlli yolunu ilk növbədə Azərbaycanın beynəlxalq əlaqələrini KİV-lərdə işıqlandıran jurnalistlərimizin ixtisaslaşmalarında, qazanılan peşəkarlıq vərdişlərinin inkişafı üçün stimullaşdırıcı kompleks tədbirlərin həyata keçirilməsində görür. Qeyd etdiyim kimi,mövcud layihə Azərbaycanın beynəlxalq nüfuzunun və beynəlxalq əlaqələrinin daim yüksəlişdə olduğu indiki məqamda müstəsna önəm daşıyır və jurnalistlərin beynəlxalq siyasət sahəsində ixtisaslaşması qlobal proseslərin ölkəmizin oxucusu tərəfindən daha yaxından dərkinə töhfə verə bilər. Dünyada  və regionda baş verən hadisə və proseslərə sistemli jurnalist yanaşması ilk növbədə Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması, həmçinin Qarabağ məsələsində daxili ictimai rəyin monolitliyinin təminatı nöqteyi-nəzərdən önəmli məqamdır. Layihə bütün bu kimi məsələlərə təsir göstərilməsini, medianın səfərbəredici missiyasının məhz Azərbaycanın beynəlxalq əlaqələri müstəvisində gücləndirməyi nəzərdə tutur. 

- Layihə ötən ilin sentyabrından davam edir. Bilmək istərdik, ötən müddətdə jurnalistlərin beynəlxalq münasibətlər mövzusuna yanaşması baxımından hansı pozitiv meyllər müşahidə olunur?

- Düşünürəm ki, indidən hansısa yekun dəyərləndirmə aparmaq tezdir. Layihə çərvivəsində monitorinq davam edir. Ötən müddət ərzində beynəlxalq mövzudakı materialların təqdimatında janr müxtəlifliyinə görə "Xalq cəbhəsi", "Olaylar" qəzetləri seçildiyini qeyd etmək mümkündür. Eyni zamanda "Azərbaycan" və "Xalq qəzeti"ndə verilmiş materiallarda peşəkarlıq səviyyəsinin yüksək olduğunu qeyd etmək olar. Elektron media resurslarından APA-nı və AzərTAc-I daha çox fərqləndirmək mümkündür. Əlbəttə, ümumən pozitiv meyllər az deyil. Bu meyllər özünü təkcə Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin deyil, eləcə də dünyada baş verən hadisələrin təhlili müstəvisində də göstərir. Belə materiallar tərəfimizdən qruplaşdırılır və mütəxəssislər tərəfindən dəyərləndirilir. Qeyd edim ki, jurnalistlər arasında keçirdiyimiz müsabiqənin təqdimat mərasimində beynəlxalq münasibətlər mövzusunu daha çox diqqətdə saxlayan KİV-lər də mükafatlandırıldı. Bununla belə hələlik arzuladığımız mənzərənin formalaşdığını söyləmək tezdir. Biz beynəlxalq prosesləri də, həmin proseslərlə bağlı dünyanın aparıcı KİV-lərində gedən şərhləri də izləyirik. Bəzən hansı fikirlərin hansı məqsədlərə kökləndiyi aydın görünür. Əslində ictimai rəy də məhz belə formalaşdırılır. Əksər hallarda mətbuat vasitəsilə formalaşdırılan ictimai rəy nəticə etibarilə ikili standartların formalaşmasına gətirir. Azərbaycan da məhz ikili standartlar siyasətindən əziyyət çəkən ölkədir. Azərbaycan jurnalistikası da məhz bu kimi  məqamlar üzərində düşünməlidir. Digər bir cəhət proseslərin özünün dərindən öyrənilməsidir. Bu, iki baxımdan vacibdir. Birincisi, xaricdən olan təsirlərə zəruri reaksiyanın verilməsi, ikincisi, daxili ictimai rəyin yanlış yönləndirilməsinin qarşısının alınması. Daha bir məqam isə nəhəng media korporasiyalarının apardıqları məqsədəyönlü təbliğatdakı stereotiplərin aşkarlanmasıdır. Göründüyü kimi, bütün bunların həyata keçirilməsi məsələlərə sistemli yanaşan jurnalistika istitutunun mövcudluğu şəraitində mümkündür. Bəlkə də bu iş media tədqiqatları üzrə ixtisaslaşan ayrıca mərkəzlər tərəfindən koordinasiya edilməlidir. Amma hər halda öyrənilməli və jurnalist fəaliyyətində tətbiq olunmalı cəhətlər çoxdur. Layihə çərçivəsində aparılan aylıq monitorinqlərin nəticəsi göstərir ki, kütləvi informasiya vasitələrinin materiallarında jurnalist araşdırması, təhlillər və oxucunun gözlədiyi digər cəhətlərə az hallarda üstünlük verilir. Bu baxımdan qəzetlərdə vəziyyət nisbətən pozitivdir. Onlarda analitik məzmunlu materialların təqdimatına xüsusi yanaşma mövcuddur. Beynəxalq müstəvidə cərəyan edən hadisə və proseslərlə əlaqədar müsahibələrə yer verilməsi baxımından da qəzetlər seçilirlər. Hazırda ənənəvi mediadan onlayn mediaya keçidin yaşandığını nəzərə alsaq, əlbəttə, internet üzərindən yayımlanan KİV-lərin beynəlxalq məsələlərə daha çox önəm verməsi xüsusilə vacibdir.

- Sadaladığınız cəhətlər kifayət qədər dərin məzmun daşıyır. Azərbaycanın hazırkı media reallıqları üçün kifayət qədər əlçatmaz görünür…

- Elədir, amma nədənsə başlamaq lazımdır.  Heç kəs bizəBBC-ni və ya CNN-i bağışlayan deyil. Amma hədəfimiz o olmalıdır ki,  bizdə adlarını çəkdiyim qurumlara bənzər qurumlar olsun. Əlbəttə, həmin təşkilatların arxasında dayanan dövlətlər həm ərazicə, həməhalisayına görə, həm də iqtisadi imkanlarına görə nəhəng dövlətlərdir və bu da o media qurumlarının beynəlxalq nüfuzunu artıran amillərdəndir. Lakin unutmaq lazım deyil ki, onlar da bir zaman sıfırdan başlayıblar, nüfuz və etimad, eləcə də iqtisadi imkanlar isə peşəkarlığın artırılması ilə bərabər qazanılıb. Əlbəttə, Azərbaycan mediasının hazırkı iqtisadi durumu  nüfuzlu media korporasiyalarının iqtisadi imkanları ilə müqayisə oluna bilməz və onun bu gün beynəlxalq siyasi proseslərdə ölkəmizin mənafeyini ifadə edən avanqard rolunda çıxış etməsini gözləmək də sadəlövhlük olardı. Bununla belə,  mövzunu diqqətdən kənarda  qoymaq da düz olmazdı. Çünki bir ölkənin müəyyən maraqlarının müdafiəsində bəzən jurnalistlər siyasətçilərdən də üstün söz sahibi olurlar. Bu xüsusda siyasətçilərin jurnalistlərlə birgə fəaliyyət praktikası da var. Məsələn, belə bir fəaliyyət nəticəsində bir çox hallarda rəsmi səviyyədə açıqlanması mümkünsüz görünən məsələlər incə jurnalist qələmi ilə çox aydın şəkildə bəyan olunur. Belə vəziyyətdə qarşı tərəf də məsələnin hansı təfərrüratlarına gedilə bilməsinin mümkünlüyünü görür. Biz bu cür xidmət missiyanı üzərinə götürə bilən jurnalistikanın yetişməsinə çalışmalıyıq. Baxışlarını, mülahizələrini dünya ictimai rəyinin nəzərə alacağı jurnalistikamızın formalaşması olduqca vacibdir. Bu məqam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında da ifadə olunub. Dövlət başçısı 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışı zamanı Şuranın İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə "biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin" söyləyərkən mütəşəkkil ictimai institut kimi məhz jurnalistikaya arxalanmışdı. Xarici qüvvələrin sifarişi ilə hansısa mövzu ətrafında yanlış rəy formalaşdırmaq cəhdlərinə son qoyulmasının vacibliyini ifadə etmiş, jurnalistləri vətənpərvərliyə çağırmışdı. Göründüyü kimi, cənab Prezident prinsipial olaraq məsələni vətənpərvərlik üzərində qurub. Əlbəttə, bu onun jurnalist peşəsinə verdiyi yüksək dəyərdir. Digər tərəfdən, belə yanaşma milli jurnalistikamız qarşısında yeni vəzifələr qoyur. Aydındır ki, regionda və ya dünyada müəyyən siyasi dairələrin əli ilə ölkəmiz barədə yanlış rəy formalaşdırmaq istəyənlər var. Bu tendensiyaya qarşı mübarizədə isə yenə də beynəlxalq proseslərin mahiyyətini anlayan vətənpərvər qələm sahiblərimizin çox olması vacibdir. 

- Layihə çərçivəsində gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?

- Beynəlxalq münasibətlər olduqca çoxşaxəli struktura malikdir. Qərblə əməkdaşlıq, MDB ilə əlaqələr, Türk dünyası, Asiya ölkələri ilə işbirliyi və sair. Düşünürəm ki, bu və ya digər istiqamətlərdə həm Azərbaycanın millimaraqlarını dəqiq ifadə edə bilən, həm də həmin areallardakı siyasi proseslərin mahiyyətini anlayanvə öz şərhlərində oxucuya anlada bilənjurnalistlərimizin çoxalmasına ehtiyac var. Bu isə öz növbəsində beynəlxalq münasibətlər mövzusunu işıqlandıran qələm sahiblərinin özlərinin də konkret istiqamətlər üzrə ixtisaslaşmasını labüdləşdirəcək. Layihənin gələcək mərhələlərində məhz bu cəhətədiqqət yetiriləcək. Mövzunu diqqətdə saxlamaq məqsədilə müxtəlif tematik tədbirlər təşkil olunacaq. Aylıq monitorinqlər davam etdiriləcək.  Onun nəticələrinə görə beynəlxalq münasibətlər mövzusunu ən çox işıqlandıran KİV-lərin siyahısı mütəmadi olaraq açıqlanacaq. Eyni zamanda  daha çox oxucu rəğbəti qazanan  jurnalistlərin gələcəkdə qabaqcıl ölkələrdə təcrübə kurslarına göndərilməsi üzərində də düşünürük. Xaricdən sahə mütəxəssislərinin gətirilərək treninqlər keçirilməsini nəzərdə təşkil etmək olar. Təbii ki, beynəlxalq münasibətlər mövzusunda yazı müsabiqələrinin təşkili də planlarımıza daxildir. Komissiya layihəni davamlı şəkildə icra edəcək. Ümumən çalışacağıq ki, beynəlxalq münasibətlər mövzusu bütün spektrləri ilə daim milli KİV-lərimizin diqqət mərkəzində  qalsın.