Fermerlərə növbəti böyük güzəşt

7 Avqust 2014 10:34 (UTC+04:00)

Kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən verilən güzəştlər artırıldı. Belə ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, fermerlər subsidiyalar hesabına gübrə alarkən artıq onun dəyərinin 70 faizi dövlət tərəfindən ödəniləcək. Əvvəl isə bu güzəşt 50 faiz idi. Əgər əvvəl 50 manatlıq gübrələrə subsidiya şamil olunurdusa, indi bu rəqəm 80 manat olub. Gübrələrin alışında əvvəllər tətbiq olunan 300 kiloqramlıq hədd də ləğv edilib. Görəsən, atılan bu addımlar ölkənin kənd təsərrüfatına nə vəd edir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov qeyd etdi ki, verilən yeni güzəştlər sadəcə olaraq, keçən il yanacağın artırılan qiymətinin kompensasiya edilməsinə hesablanıb: "Vaxtilə verilən gübrənin xərcinin 50 faizi, enerji daşıyıcıları xərcinin bir hissəsi də dövlət hesabına ödənilirdi. Ümumiyyətlə, kənd təsərrüfatı sahəsinə güzəştlər tətbiq edilən zamandan bəri, bunun müsbət istiqamətə yönəldiyini hiss etmədik. Edilən bu güzəştlər nəticəsində son 5-6 ildə nəyə nail ola bildik? Əsas kənd təsərrüfatı məhsulu olan buğda istehsalında nəsə əldə edə bildikmi? Əksinə, bu sahədə idxal artdı. Keçən il yenə enerji daşıyıcıları, xüsusən benzin və dizel yanacağının qiyməti qalxdı. Bu artım öz növbəsində fermerlərin xərcini də artırıb. Onlar istehsal zamanı texnikadan daha çox istifadə etməli olur. Hansı ki, həmin texnikada benzin və dizel yanacağı olmadan hərəkət etmir. İndi bu xərclər artdığı halda, hökumət güzəştləri də nisbətən artırır. Ancaq bu o demək deyil ki, edilən hazırki güzəştlər dəqiq hesablanıb və bu fermerlərin büdcəsinə və işlərinə hansısa bir formada müsbət təsir edəcək. Sanki, bu addımla yanacağın artan qiymətini nisbətən kompensasiya edirlər. Ümumiyyətlə, fermerlərə tam sərbəstlik verilməlidir. Onlar gübrə seçimində və başqa addımlarda azad olmalıdırlar. Dövlət müəyyən miqdar subsidiya təyin etməlidir ki, əkinlə məşğul olan fermer hər hektardan istehsal etdiyi məhsula görə subsidiya alsın. Bu zaman hansı gübrəni və hardan almağı isə fermerin özü qərar verməlidir. Bütün hallarda görürük ki, ölkəyə gətirilən gübrənin keyfiyyəti lazımi səviyyədə deyil. Bu gübrəni fermerlər guya güzəştlə əldə edir. Ancaq onun müsbət təsiri, nəticəsi yoxdur. Bu problemlərə ciddi diqqət yetirilməlidir. Həmin istiqamətə xüsusi diqqət yetirilməlidir ki, məhsulun keyfiyyətini artırmaq üçün fermerin özünün qərar qəbul edilməsinə şərait yaradılsın. Bütün hallarda, fermerlər subsidiya vasitəsi ilə gübrə alarkən, onun dəyərinin 70 faizinin dövlətin hesabına ödənilməsini müsbət addım hesab etmək olar. Fermerlərə verilən subsidiyanın həcmini artırmaq gərəkdir. Həmçinin, bu subsidiya fermerə əkini həyata keçirməmişdən öncə verilməlidir. Onsuz da fermerin nə qədər sahəsinin olduğunu, nə qədər əkin işləri aparacağını hamı bilir. Ümumiyyətlə, əkinə görə hektar baxımından 40 manat verilir. Bunu əvvəlcədən vermək lazımdır. Eyni zamanda, imkan yaradılmalıdır ki, gübrənin idxalı ilə bağlı tam sərbəstlik olsun. Digər ölkələrdən çox asanlıqla gübrə gətirilsin, onun keyfiyyətinə nəzarət edilsin və fermer üçün seçim yeri olsun. İndilikdə isə bu seçim yoxdur. Gübrəni isə indilikdə cəmi bir təşkilat gətirir".

Digər ekspert Nizami Qarayev isə atılan addımın müəyyən müsbət rolu olacağını desə də, bunun kifayət etmədiyini dedi: "Kənd təsərrüfatında məhsuldarlıq əhəmiyyətli dərəcədə gübrədən asılıdır. Çünki, Azərbaycan torpaqlarında növbəli əkin tətbiq olunmadığından, bu torpaqların münbitliyinin təbii bərpası mümkün olmur. Belə vəziyyətdə, torpağın bərpası üçün mütləq mineral gübrələrdən istifadə edilməlidir. Azərbaycanda mineral gübrələrdən digər ölkələrlə müqayisədə az istifadə olunur. Məsələn, bir hektar sahəyə düşən gübrənin miqdarını müqayisə etsək, Avropada bu rəqəmin 110 kq olduğu halda, ölkəmizdə 7-13 kq olduğunu görərik. Göründüyü kimi, gübrə istifadəsi ölkəmizdə kifayət qədər deyil. Bu da öz növbəsində məhsuldarlığa mənfi təsirini göstərir. Hökumətin subsidiya yolu ilə alınan gübrədə dövlətin yükünü artırması, bir vermerə verilən gübrə subsidiyasının dəyər ifadəsinin 80 manata qaldırması prosesdə dirçəliş olacağına müəyyən ümid verir, lakin bu yetərli deyil. Dünya bazarında gübrənin qiyməti qalxırsa, bu, istər-istəməz gübrə tətbiqinə müəyyən məhdudiyyət yaradacaq. Əvvəlki tək gübrədən geniş miqyasda istifadə edilməyəcəksə və o, fermerə qiymət baxımından uyğun olmayacaqsa, məhsuldarlıqda dəyişmə müşahidə olunmayacaq. Hər halda hökumətin bu addımı alqışlanmalıdır. Dövlər fermeri davamlı dəstəkləməkdə maraqlıdır. Bununla yanaşı, alternativ tədbirlərə də əl atılmalıdır. Azərbaycanda gübrə istehsalının təşkili barədə qərarın icrasının tətbiqinə başlanılmalı, gübrə zavodu qurulmalıdır. Onda dünya bazarında gübrənin qiymətinin dəyişməsi Azərbaycan fermerinə o qədər də təsir etməz. Gübrələrin tətbiqində verilən subsidiya mexanizminin dəyişməsi də baş verməlidir. Elə bir mexanizm qurulmalıdır ki, o fermerləri daha çox gübrə tətbiqinə həvəsləndirsin, yəni açıq bazar prinsipləri qorunsun ".