Cəbhədə ağır texnika işə düşəcək?!

9 Avqust 2014 08:33 (UTC+04:00)

Azərbaycan-Ermənistan münasibətləri son 21 ildə ən gərgin dövrlərindən birini yaşamaqdadır. Əvvəllər atəşkəs az sayda pozulardısa, artıq əks hal müşahidə olunur. Bundan əlavə cəbhədə əvvəlki dövrdən fərqli olaraq kifayət qədər zirehli texnika da yerləşdirilməkdədir. Bütün bunları nəzərə alsaq, cəbəhədə vəziyyətin bundan sonra daha məcrada inkişafı istisna olunmur.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun sözlərinə görə, nə qədər ki, münaqişə öz həllini tapmayıb, müharibə amili hər an ola bilər: "Sonuncu dəfə cəbhə bölgəsində olan Ali Baş Komandan da belə bir fikir səsləndirdi ki, müharibə hər an başlaya bilər. Hər şey vəziyyətdən asılıdır. İyulun 1-də baş vermiş məlum hadisədə də vəziyyət bir anlıq olsa, nəzarətdən çıxa və genişmiqyaslı əməliyyatlar başlaya bilərdi. Ancaq hazırda cəbhə münasibətlərinin ağır texnika müstəvisində həll olunmasına ehtiyac yoxdur. Ağır texnika işğaldan azadetmə əməliyyatlarında lazım olacaq. Yaxın perspektivdə hansısa bir rayonun və ya ərazinin işğaldan azal edilməsi nəzərdə tutulmursa, onların hərəkətə gətirilməsi mənasızdır. Hərçənd ki, bu müddətdə müəyyən qədər vəsait xərcləndi. Təyyarələr, vertolyotlar qalxdı. Tanklar bir istiqamətdən digər istiqamətə hərəkət etdirildi. Bir təyyarənin uçuşu bir neçə min manata başa gəlir. Anlayırıq ki, bunlar müharibə amili ilə əlaqədardır. Amma bu, o demək deyil ki, vəsaitlər ən xırda detallara görə xərclənməlidir. Amma düşmən də narahat oldu. Havadarları sülhə dəvət ruhunda bəyanatlar verdi. Eyni zamanda Soçidə prezidentlərin görüşü keçiriləcək. Ancaq görüşdən böyük nəticə gözləmirik. Qısa müddətə hesablanmış optimist notlarda bəyanatlar səsləndirilə bilər. Ondan o yana məsələ yerindən tərpənməz. Çünki, nə qədər ki, Qarabağ münaqişəsi var, Rusiyanın regionda həm Ermənistana, həm də xüsusən Azərbaycana təsiretmə imkanları var. Onsuz da Ermənistan Rusiyanın tabeliyində olan formal dövlətdir. Genişmiqyaslı əməliyyatlar düşünmürəm. Amma görüşdən sonra ola bilsin, tərəflər razılıq əldə etməsinlər. Bunun da səsi cəbhə bölgəsindən gələcək".

Digər hərbçi-ekspert Emin Həsənli isə hesab edir ki, hadisələrin gedişində iriçaplı silahların işədüşmə ehtimalı hər an var: "Çünki, düşmən beynəlxalq hüquq normalarına əməl etmir. Son hadisələr də bunu sübut etdi. Buna ATƏT-in həmsədr dövlətləri, BMT reaksiya verməli idi. Təəsüflər olsun ki, onlardan hələlik reaksiya görmürük. Azərbaycan isə bütün vasitələrlə hücumların qarşısını alır. Odur ki, hər an döyüş başlaya bilər. Azərbaycan Ermənistana nisbətən bütün üstünlüklərə malikdir. Təbii ki, Rusiyanın dərhal reaksiyası olacaq. Ancaq Rusiya beynəlxalq hüquqa əməl etməlidir. Rusiya hər yerdə müharibə aparası deyil ki. Digər tərəfdən də Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələri var".