Məşhur alimdən Ərdoğana dəstək

10 Avqust 2014 18:07 (UTC+04:00)
Dünya müsəlman alimləri birliyi Türkiyədə keçirilən prezident seçkilərində favorit namizədini açıqlayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Dünya Müsəlman Alimlər Birliyinin sədri, məşhur alim Yusif əl-Qaradavi Türkiyə prezident seçkisində Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bildirib.

O, bu barədə "Facebook" hesabında yazıb:
"İsrailin Qəzzaya hücumları zamanı göstərdiyi münasibətlə, Suriyadakı böhran ərəfəsində və Misirdəki hərbi zülmə qarşı çıxan məzlum xalqın yanında olan Ərdoğanın bu hərəkəti bir çox ərəb liderlərini çətin vəziyyətə saldı. Bu səbəblə də prezident seçkisində etibarlı namizəd, səmimi və güclü lider olan Ərdoğanı dəstəkləyir və Türkiyə xalqını da onu dəstəkləməyə çağırıram."

Qeyd edək ki, bu gün, avqustun 10-da Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilir. Dövlət başçısı seçilmək üçün 3 namizəd – hakim Ədalǝt vǝ İnkişaf partiyasının (AKP) namizǝdi, baş nazir Rǝcǝb Tayyib Ərdoğan, Cümhuriyyǝt Xalq partiyası (CHP) vǝ Millǝtçi Hǝrǝkat partiyasının (MHP) ortaq namizǝdi Ekmǝlǝddin İhsanoğlu vǝ Xalqların Demokratik partiyasının (HDP) namizədi, kürdəsilli deputat Sǝlahaddin Dǝmirtaş yarışacaq.