Nazirlikdən London taksiləri barədə AÇIQLAMA

12 Avqust 2014 17:30 (UTC+04:00)

"Artıq 500 London taksisinin alınması üçün müqavilə imzalanıb. Müəyyən olunmuş məbləğ də köçürülüb. Avtobuslar isə payız aylarından etibarən ölkəmizə gətiriləcək". Movqe.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib.  Mətbuat katibi əvvəllər daha çox Koreya istehsalı olan avtobuslara üstünlük verildiyini, lakin bu dəfə başqa ölkələrin də istehsal etdiyi avtobusların nəzərdən keçirildiyini dedi: "Taksilərlə bağlı müqavilə imzalandığından dəqiq rəqəm deyə bilirik, amma nə qədər avtobus gətiriləcəyi sual altındadır. Hər şey müqavilədən asılı olacaq. Əvvəllər daha çox Koreya istehsalı olan avtobuslar alsaq da, bu dəfə danışıq apardığımız ölkələr sırasında Türkiyə və Fransa da var. Çalışırıq və istəyirik ki, ölkəmizin yollarında ən müasir avtobuslar olsun". 

N. Həsənov istismar müddəti başa çatan avtobusların xətdən çıxarılacağını da istisna etmədi: "Yeni avtobuslar gətirildikdən sonra hazırda xətdə olan, istismar müddəti başa çatmayan avtobuslar xətdən çıxarılmayacaq. Sərnişindaşıma qaydalarına uyğun olaraq bu, istifadəyə yararsız olan avtobuslara şamil ediləcək".

Mətbuat katibi yeni avtobuslarda kondisioner sisteminin olacağını da vurğuladı. Həmçinin yeni avtobusların gətirilməsinin gediş haqqına təsiri olmayacağını da bildirdi: "Qiymətləri Tarif Şurası müəyyənləşdirsə də, yeni avtobusların gediş haqqına təsirindən söhbət gedə bilməz. Çünki Nəqliyyat Nazirliyi tərəfdən Tarif Şurasına belə bir müraciət olmayıb".

"Daynacaqlarda "Wİ-Fİ" quraşdırılması məsələsinə gəlincə, nazirlik rəsmisi bunları dedi: "Payızdan etibarən bütün dayanacaqlarda "Wİ-Fİ" quraşdırılması həyata keçiriləcək".

Avtobusların kart sisteminə keçirilməsi ilə bağlı N. Həsənov bildirib ki, milyondan artıq kart buraxılıb, 100 minlərlə kart artıq dövriyyədədir. "Nəzərə alsaq ki, yay fəslidir və insanların çoxu istirahətdədir, bu səbəbdən də kart sisteminə maraq azdır. Ümumilikdə kart sisteminə keçidlə bağlı proqram 2014-cü ilin sonuna kimi nəzərdə tutulsa da, 2015-ci ilin 1-ci rübündə də davam edəcəyi istisna edilmir". a