Bilindiyi kimi, banklara tutulan əsas iradlardan biri də onların real sektora daha az həcmdə kredit ayırmalarıdır. Belə fikirlər də səslənir ki, əksər bankların əlindəki resurslar real sektor üçün azlıq edir. Hesab olunur ki, bankların real sektora pul verməsi üçün onların maliyyə ehtiyatları inzibati resurslar hesabına artırıla bilər. Məsələn, valyuta ehtiyatlarının bir hissəsi banklara ayrıla bilər. Xatırladaq ki, Azərbaycan böyük miqdarda strateji valyuta ehtiyatları formalaşdıra bilib. Həmin strateji valyuta ehtiyatlarının miqdarı illər üzrə artır ki, bu da ölkəyə maliyyə sahəsində daha asan şəkildə manevrlər etməyə imkan verir. Dövlət Neft Fondunun vəsaitləri və Mərkəzi Bankdakı rəsmi valyuta ehtiyatları birgə hesablandıqda Azərbaycanın 53 milyard dollar strateji valyuta ehtiyatları olduğu məlum olur. Bu fonda təklif olunur ki, valyuta ehtiyatından banklara sırf real sektora ayırmaq üçün kreditlər verilsin.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
sədri Vüqar Bayramov Movqe.az-a açıqlamasında məsələ ilə
bağlı fikirlərini bildirib: "Bankların kredit portfelinin strukturu
göstərir ki, banklar real sektora resurs ayırmağa o qədər də
maraqlı deyillər. Belə ki, bu gün bankların kredit qoyuluşlarının
40%-i istehlak kreditləri, 10%-i mikrokreditlərdir. Faktiki olaraq,
istehlak kreditləri bankların kredit qoyuluşlarının yarısını təşkil
edir. Bankların istehsal sektoruna ayırdığı kreditlər ümumi kredit
portfelinin 10%-ni təşkil edir. Aqrar sektora yönləndirilən
kreditlər isə 4.5% təşkil edir. Beləliklə, aqrar sahəyə,
istehsal sektoruna, emaledici sektora yönəldilən vəsait ümumi
kredit portfelinin cəmi 15%-nə yaxın həddi təşkil edir. Digər 85%
təəssüf ki, bu gün bank portfelində praktiki olaraq qeyri-real
sektora yönəldilən kreditlərdir. Real sektora ayrılan kreditlərin
artırılması üçün dövlət müəyyən təşviqedici metodlardan istifadə
etməlidir. Bizim təkliflərimizdə də bir sıra modellərin tətbiq
edilməsi yer alıb. O cümlədən Yaponiya modelində olduğu kimi, real
sektora kredit yönəldən kommersiya banklarına güzəştlərin tətbiq
edilməsi, onlara kredit resurslarının ayrılmasının təmin edilməsini
təklif edirik. Eyni zamanda ehtiyat normasının real sektora
yönəldilən kreditlər üçün müəyyənləşdirilməsi olduqca vacibdir.
Digər metodlardan biri də rezevlərin bir hissəsinin kommersiya
bankları vasitəsilə real sektora yönəldilməsi ola bilər. Amma bunun
həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəf təbii ki, real
sektorun rezervlərdən faydalanması, onların nisbətən ucuz vəsaitlər
əldə etmək imkanı qazana bilməsidir. O baxımdan rezervlərin bir
hissəsinin kommersiya bankları vasitəsilə real sektora yönəldilməsi
müsbət hesab edilə bilər. Amma bu prosesin mənfi tərəfləri də var.
Əvvəla, mənfi tərəf ondan ibarətdir ki, bütün hallarda dövlət
birbaşa maliyyələşdimə həyata keçirirsə, bu, pul dövriyyəsinin
şişməsinə gətirib çıxaracaq. Əslində, daha məqsəduyğun olardı ki,
banklar öz vəsaitləri hesabına real sektoru
maliyyələşdirsinlər. Bu zaman bu pul dövriyəsinin şişməsi,
dövriyyədəki pulların artması ilə nəticələnməz. Amma əgər
rezervlərdən kommersiya bankları vasitəsilə real sektoun
maliyyələşməsi üçün istifadə olunarsa, bunun həcmi böyük
olmamalıdır. Sonda, yenə də, daha yaxşısı bankların öz resursları
hesabına real sektora maliyyələşdirilməsinə nail
olmaqdır".
İstənilən halda ölkənin strateji valyuta ehtiyatlarından banklara müəyyən həcmdə kredit ayrılsa, bu, hansısa bahala kreditin axtarılıb tapılmasına ehtiyacı aradan qaldırar. Eyni zamanda, bu hal kreditlərin də ucuzlaşmasına yol açar.