Elmi nailiyyətlərin kommersiallaşdırılmasında Texnoparkların yeri

13 Avqust 2014 13:41 (UTC+04:00)

Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda bir sıra iqtisadi problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.

İstehsalda səmərəlilik əldə edilməsi məqsədilə son dövrlər insan amili mərkəzə çəkilərək digər resurslar onunla əlaqələndirilir və bu ikili qarşılaşdırmalar nəticəsində yeni kombinasiyalar meydana çıxır ki, nəticədə məhsuldar qüvvələrin yeniləşmiş gücü ortaya çıxır. Bu baxımdan da mövzumuzda toxunulması qarşıya qoyduğumuz problemin mərkəzində insan və kapital faktoru qarşılaşdırılır ki, bunun da nəticəsində bənzəri olmayan yeni məhsul, spantan inkişaf və daha çox gəlir gətirən bir model ortaya çıxır.

Bu baxımdan dünya təcrübəsində elmin kommersialaşdırlması, sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması, yeni məhsul və xidmətlərin istehsalının təşkili, dinamik inkişafa nail olunması, xammal və resursların səmərəli istifadə olunması və onların yeni süni ehtiyatlarının formalaşdırılması hesabına istehsalın material bazasının fasiləsiz olaraq artırılması məqsədilə texnoparkların fəaliyyətindən geniş istifadə olunur.

Texnopark – elmi texniki park – elmi ixtiralar əsasında meydana çıxmış məhsulların yüksək texnologiyalı əmtəələr bazarına çıxışını şərtləndirən kiçik elmi-texniki müəsisələrin formalaşmasına təkan verən elmi tədqiqat və istehsalat institutudur.

Texnoparklar öz ətrafında elmi işçiləri cəlb etməklə yanaşı müxtəlif iri müəssisələrin innovasiya istiqamətində çalışan əməkdaşlarını da birləşdirirlər. Burada təcrübi labaratoriyalar, tədqiqat mərkələri, sınaq poliqanları da fəaliyyət göstərir. Əksər hallarda elmi tədqiqatın nəticəsində meydana çıxmış məhsulların ilkin hazırlanması da həyata keçirilir. Qeyd edək ki, son dövrlər biznes aləmində geniş yayılmış nanotexnologiyalara əsaslanan məhsulların meydana çıxmasında da texnoparkların rolu böyükdür.

Texnoparklar əsasən dövlət tərəfindən təşkil olunaraq onun fəliyyəti üçün nəzərdə tutulan bütün texniki təchizat, lazımi resurslarla təminat işləri həyata keçirilir. Lakin, texnoparkaların iri korporasiyalar tərəfidən təşkil edilməsi sahəsində də dünyada xeyli təcrübə vardır. Texnoparklar elmi ideyaların biznesdə reallaşması üçün geniş şərait yaratmaqla yanaşı onun bazarda ilkin satışından da yüksək gəlirlərin əldə edilməsinə köməklik göstərir. Bu baxımdan texnoparkların maliyyələşdirilməsi strukturuna dövlət qurumları ilə yanaşı müxtəlif biznes strukturları da aid edilir.

Müasir dövrdə iqtisadi inkişafın təmin edilməsi üçün əksər ölkələrdə texnoparklar yaradılır. O cümlədən Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Ümumiyyətlə texnoparkların yaradılması aşağıdakı bir sıra məqsədlərə xidmət edir.

Bilik və ixtiraların texnologiyalara çevrilməsi;

Texnologiyaların kommersiya məhsulu halına gətirilməsi;

Kiçik elmtutumlu müəssisələr vasitəsilə texnologiyaların istehsalata ötürülməsi;

Elmtutumlu müəssisənin qurulması və bazar şəraitinə uyunlaşdırılması;

Elmtutumlu sahibkarlıq sahəsində müəssisənin sonrakı inkişafının dəstəklənməsi və s.

Texnoparklarla yanaşı texnopolislərin və elmi-texnoloji regionların formalaşması da sahibkarlığın inkişafında mühüm rol oynayır. Texnopolislər başlıca olaraq böyük bir kompleksi, strukturu özündə ehtiva etdiyi halda elmi –texnoloji regionlar daha çox böyük bir inzibati ərazini əhatə edə bilər. Çox vaxt elmi-texnoloji regionlar iri şəhərlərin, sənayeləşmiş rayonların inzibati əraziləri ilə eynilik təşkil edir. Bu da əsasən bir regionda xeyli sayda biznes strukturlarının, istehsal obyektlərinin, əlaqəli tədqiqat obyektlərinin cəmlənməsi ilə formalaşır.

Amma, forma və quruluşundan asılı olmayaraq elmi-texniki nailiyyətlərin istehsalata transferini nəzərdə tutan istənilən institusional qurumun son məqsədi ölkənin o cümlədən onun sahibkarlıq subyektlərinin bazar prinsiplərinə əsaslanaraq rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində biliklərə əsaslanan sənayeni formalaşdıraraq həm daxili bazarda həm də beynəlxalq aləmdə üstünlüklər əldə etməklə daha çox gəlirlərə nail olmaqdır.



QEYD: Məqalə Şuranın maliyyə dəstəyilə həyata keçirilən "Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması" layihəsi çərçivəsində yazılıb