Rusiya amili Azərbaycanda aqrar məhsulların qiymətini artırmağa başladı

14 Avqust 2014 08:17 (UTC+04:00)

Rusiya Avropa Birliyi ölkələri, ABŞ, Avstraliya, Kanada və Norveçdən idxal olunan bir sıra ərzaq məhsullarına embarqo qoyması bir sıra ölkələr üçün fürsətlər açıb. Federasiya aqrar məhsulların yeni ixracında Azərbaycana, Özbəkistana, Tacikistana və Qırğızstana güvənir. Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov verdiyi müshibədə bu ölkələrlə yanaşı İran, Türkiyə və Serbiyadan da məhsul ala biləcəklərini bildirib. Artıq Braziliya və Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarına olan tələbatlarını ödəməyə hazır olduqlarını bəyan ediblər. Rusiyanın bu qərarı isə ölkəmiz üçün həm sərfəli, həm də pis nəticələr verə bilər. Fermerlər əlavə bazarın qazanacaqlar. Amma daxildə aqrar məhsulların qiymətinin artması təhlükəsi var.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, artıq əvvəlki illərə nisbətən Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb: "Bu da onu deməyə əsas verir ki, əgər belə davam edərsə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarını ixracı kəskin artacaq. Rusiyada alıclıq qabiliyyəti yüksək olduğu üçün Azərbaycan məhsuluna yüksək dəyər verirlər. Bu da bizim fermerlərimizi stimullşadırır. Həm də Rusiyada bazar böyükdür. Bizdə formalaşan yükü orada qısa müddətdə satmaq mümkündür. Azərbaycanda isə alıcılıq qabiliyyəti Rusiyaya nisbətən aşağıdır. Alıcılıq qabiliyyəti aşağı olduğu üçün qiymət bizə yüksək görünür. Rusiya bazarına axının artması Azərbaycanda qıtlıq yaradacaq və qiymətləri nisbətən qaldıracaq. Əlbəttə bu, müvəqqəti xarakter daşıyacaq. Ona görə ki, Azərbaycan sahibkarları digər ölkələrdən məhsul gətirərək o boşluğu dolduracaqlar. Bunlar Rusiyaya məhsul ixrac edə bilməyən ölkələrdir. Əgər biz Rusiyaya daha çox alma ixrac edəcəyiksə, bunun müqabilində Polşadan alma idxal edəcəyik".

Ekspert bildirdi ki, artıq yaranan vəziyyət qiymətlərə təsir edib: "Bir həftə əvvəl Xaçmaz bazarında pomidorun 30 kiloqramının qiyməti 5 manat olduğu halda indi 12 manata qalxıb. Yəni, artıq 2 dəfədən çox qiymət artımı müşahidə olunur. Bu da sərhəddə yaradılmış imkanla bağlıdır. Qiymət artımı digər məhsullarda da özünü göstərəcək. Rusiya bazarında tələbat olan məhsulların qiyməti Azərbaycanda mütləq qalxacaq. Bu işdə isə məcburən digər ölkələrdən məhsul gətirməli olacağıq. Bu da əlavə daşınma xərci deməkdir. Daşınma xərcinə görə qiymətlər artacaq. Hər halda qiymət enməsi gözlənilmir. Çünki, fermerlərimiz üçün alternativ bazar yaranıb və həmin bazara çıxş imkanları asanlaşdırılıb. Lakin bir tərəfdən bu, müsbət haldır. İstehlakçılara çətin olacaq, amma fermerlərimiz həmin bazarda yer tutmalıdırlar. Yaranmış fürsətdən istifadə etmək lazımdır. Amma düşünmürəm ki, proses uzun çəksin. Çünki, Azərbaycandan güclü istehsala sahib olan ölkələr var. Eyni zamanda hazırda Rusiyanın özünün daxilində də meyvə-tərəvəz istehsalı istiqamətində ciddi işlər gedir".

Vahid Məhərrəmov ixrac prosesində kvota məsələsinə də toxundu: "Kvota üçün ayrıca siyasət qurulmalıdır. Yəni, əgər hökumət fermerə ixraca məhdudiyyət qoyursa, onda qiymət siyasəti aparılmaldır. Fermer daha çox istehsal etməkdə maraqlıdır. Məhsulunu özünə sərf edən bazara çıxarmağa çalışır. Əgər biz kvota qoyub, onun məhsulunu aşağı qiymətə satmağa məcbur edəcəyiksə, onda fermer istehsalı artırmaqda maraqlı olmayacaq. Hökumət istəyirsə ki, fermerin məhsulu daxili bazarda qalsın, onun üçün qiymət fərqini ödəməlidir. Bu da inzibati qayda ilə mümkün deyil. Fermer məhsul istehsalında ruhdan düşməməlidir. Bizdə istehsal-satış məsələləri tam oturuşmayıb deyə, kvota ilə bağlı tənzimləyici qərar vermək qəliz məsələdir. Fermerlərin xaricə məhsul çıxarmalarına qadağa qoyulsa, istixanalar fəaliyyətini dayandıracaq, istehsalda geriləmələr olacaq".

İstənilən halda yaranmış vəziyyətin Azərbaycan üçün böyük şans olduğunu bildirən ekspertlər Rusiya ilə Azərbaycanın qonşu olması, vətəndaşlarımızın bu ölkədə ticarətlə məşğul olmasının da kənd təsərrüfatı mallarının ixracının genişləndirilməsinə böyük təkan verə biləciyini bildirirlər.