Avropanın ikili siyasəti tam ifşa olundu

14 Avqust 2014 08:54 (UTC+04:00)

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri Fuad İsgəndərov bu günlərdə maraqlı bir açıqlama ilə çıxış edərək bildirib ki, Avropa İttifaqı ölkəmizə bağlı qapılar arxasında həmişə təşəkkürünü bildirib, hətta digər "Şərq Tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir: "Açıqda isə onlar başqa cür davranırlar". Yəni ölkəmiz açıqda haqsız yerə tənqid olunur.Demək olar ki, ölkəmiz anoloji durumla başqa beynəlxalq təşkilarlarla əməkdaşlıq sahəsində də üzləşir. BMT, ATƏT, Avropa Şurası və s. qurumlar da bəzi hallarda Azərbaycana münasibətdə qərəzli mövqeləri ilə seçilirlər. O cümlədən, Avropa İttifaqı da yuxarıda qeyd edildiyi kimi, həmin ikili standartdan çıxış edir.

Millət vəkili Asim Mollazadə düşünür ki, həmin ikili standart Qərbdə ölkəmizə qarşı aparılan böhtan kampaniyası ilə bağlıdır: "Əslində, Avropa İttifaqının ölkəmizə münasibətdə ikili standart sərgiləməsinin səbəbi, ölkəmizə qarşı Qərbdə aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Bunun nəticəsində bir sıra Avropa təşkilatlarında Azərbaycanla bağlı mənfi fikirlər formalaşdırılıb. Bununla yanaşı, Avropa siyasətçiləri gözəl anlayır ki, Azərbaycan bu qitə üçün çox mühüm bir ölkədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində, nəqliyyat, kommunikasiya əlaqələrində böyük rol oynayır. Ən əsası, Azərbaycan türk və islam dünyasının dünyəvi dövləti olaraq çox zəngin multikulturalizm, tolerantlıq ənənələrinə malik bir ölkəsidir. Bu ideyalar da Avropa üçün mühüm bir amildir. Bununla yanaşı, Avropanın bəzi siyasi dairələri Azərbaycana düşmən, onu sevməyən qüvvələrdən yararlanaraq, ölkəmizə təzyiq kimi bir sıra insan hüquqları və demokratiya məsələlərindən istifadə etməyə çalışır. Azərbaycan üçün mühüm amil isə ölkəmizin müstəqilliyi, onun müstəqil siyasət yürütməsidir. Azərbaycan Avropa Birliyi qarşısında hüququn aliliyi məsələsini dəfələrlə qaldırıb. Azərbaycanın ərazisinin bir hissəsi işğala məruz qalıb. BMT və Avropa Parlamentinin bu istiqamətdə verdiyi qətnamələr icra olunmur. Lakin təcavüzkara qarşı Avropa qurumları tərəfindən heç bir sanksiya tətbiq edilmir. Ukrayna məsələsində gördüyünüz kimi, Rusiyaya qarşı dərhal hansısa sanksiyalar tətbiq edildi. Belədə niyə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Ermənistanda baş verən istənilən cinayətlərə Avropa qurumlarında göz yumurlar. Bu öz-özlüyündə təbii ki, narahatçılıq doğuran məsələdir. Səfirimizin sözügedən açıqlamalarını da ilk növbədə bununla bağlayıram".

Millət vəkili Fərəc Quliyev isə belə məqamlardan narahat olmamağa çağırdı: "Avropa Birliyində ayrı-ayrı adamların mövqeyinin nə olduğunu bilmirəm. Amma faktiki olaraq, beynəlxalq birliklərin hamısı Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan artıq o mərhələyə çatıb ki, kimdənsə kömək ummur, hətta başqalarına kömək etməyə başlayıb. Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayan Azərbaycan, həm də etnoslararası, mədəniyyətlərarası, dünyalararası dialoqda aktiv rol oynayan bir ölkədir. Həm də Azərbaycan karbohidrogen ehtiyatlarının istehsalçısı və transfer ölkəsi kimi əhəmiyyətini ortaya qoyub. Buna görə də, onlar bizimlə razılaşmağa həm də məcburdurlar. Bundan əlavə, Azərbaycan yeni dünya düzənində "şər üçbucağına" qarşı olan tərəfdədir. Yəni yeni dünya düzəninin bütün dünyada bərqərar olmasında maraqlıdır. Azərbaycansız nə Cənubi Qafqazın təhlükəsizliyini təmin etmək, nə də bölgəmizdə demokratiyanın üstün vəziyyətə gətirilməsi mümkün deyil. Avropa İttifaqı başa düşür ki, ən azından "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın rolu çox mühümdür. Buna baxmayaraq, bəzən düşmən dövlətlərin təsirində olan, lobbiçilik fəaliyyəti nəticəsində Avropa İttifaqında təmsil olunan bəzi nümayəndələr Azərbaycan əleyhinə fəaliyyət göstərib, bəzi məqamlarda müəyyən qərarlar da ala bilirlər. Orada prosedur qaydalarına görə, nümayəndələrin nə qədər olmasından asılı olmayaraq, səsvermədə hətta ümumi üzvlərin üçdə birinin iştirakı olmadan da, iştirak edənlərin çoxluqla məsələni qəbul etməsi ilə hər hansı bir qərar verilir. Ona görə də hesab etmirəm ki, qurumdakı bəzi nümayəndələrin ortaya qoyduğu mövqe bütünlüklə Avropa Birliyinin ümumi mövqeyidir. Bağlı qapılar arxasından əlavə, bütün müqavilə və anlaşmalarda, Azərbaycanla münasibətlərdə həmişə etiraf ediblər ki, ölkəmiz onlar üçün önəmli dövlətdir . O mənada bu məqamdan narahat deyiləm. Bununla bahəm, çalışmalıyıq ki, bağlı qapılar arxasında ölkəmizə münasibətdə deyilən fikirlər açıq münasibət və meydanlarda da ifadə olunsun".