Səhhətimizə düşmən kəsilmiş marketlər

14 Avqust 2014 11:03 (UTC+04:00)

Məlumat verildiyi kimi, bu günlərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Masazır qəsəbəsində, Bakı, Gəncə, Daşkəsən, Şirvan və Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.Ümumilikdə, monitorinqlər zamanı 60 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.

Mütəmadi olaraq ölkədə belə monitorinqlər aparılmasına baxmayaraq, hələ də mağazalarda keyfiyyətsiz ərzaq satışı davam edir. Problem səngimək bilmir. Üstəlik aşkar olunan hallardan əlavə, bəzən bu cür məhsullar mağazalarda aşkarlanmamış qalır, istehsalkçılara satılır. İnsanlar bilmədən bu köhnə, keyfiyyətsiz məhsulları alıb istifadə edirlər. 

Həkim Rasif Bağırov belə ərzaqlarının qəbulunun insanları ölümə qədər apara biləcəyini deyir:  "Vaxtı ötmüş bu cür məhsullar insan orqanizmində xroniki problemlərdən tutmuş kəskin təsirlərə, zəhərlənmələrə, nəticədə insan həyatını itirməyə qədər gətirib çıxara bilər. Bu cür məhsulların qəbulu yolverilməzdir. Çünki vaxt keçdikcə onların keyfiyyətinin dəyişməsi prosesi baş verir.   Zamanla ərzağı tərkibində elə maddələr əmələ gəlir kii, onlar toksiki təsir göstərərk zəhərlənmələrə səbəb ola bilir. Ən çox da fəsadlar da böyrəklərdə müşahidə olunur. Amma təkcə böyrəklərdə deyil, insan orqanizmində hansı orqan daxil olmuş toksinə həssasdırsa,  həmin orqanda zədələnmə baş verir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfdən məlumdur ki, qidalara müxtəlif dərman vasitələri vurulur ki, istehsalçı həmin tarixin bitmə müddətini bilir. Həmin vaxt bitəndən sonra məhsulun istifadəsi yolverilməzdir.  Lakin bir çox hallarda məhsulun üstünə müddət yazılmır, ya da ki dəyişdirilir. Bu, çox ciddi məsələdir. Çünki insan həyatından söhbət gedir. O baxımdan hər zaman bu məsələ diqqətdə saxlanmalıdır. Məhsulun xarab olma prosesi baş verəndə insan orqanizmində zəhərlənmələr, toksiki maddələrin toplanması halı yaşanır, burda insan orqanizmində zəhərlənmələrdən, abvertik, anaklatik hadisələrdən tutmuş, insan ölümünə qədər hər şey baş verə bilər. Ona görə də vaxtı keçmiş ərzaqların dükanlarda yer alması çox təhlükəlidr. Burda insan həyatından söhbət gedir". 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dövlətin bu sahədə apardığı işlər zəruridir, amma kafi deyil: "Ona görə zəruridir ki, mübarizə aparılmalıdır. Ona görə kafi deyil ki, istehlakçı siyasəti tam mükəmməl deyil". Birliyin sədri keyfiyyətsiz ərzaq məhsulları satışını həyata keçirənlərə qarşı tətbiq olunan cərimələrin həcminin artırılmasının da vəziyyəti düzəltməyəcəyi qənaətindədir. O, bunun sonda inflyasiyayanın artmasına gətirib çıxaracağını qeyd edir: "Müvafiq dövlət orqanları tərəfindən qoyulan cərimələr ildən-ilə artırılır. Amma heç kəs də cəriməni cibindən vermir. Cərimələrin hamısı məhsulların üzərinə gəlir və bu da son nəticədə bahalaşmaya səbəb olur. Odur ki, dövlət tək inzibati cərimələri gücləndirməməlidir. Gərək bazar üsullarından da istifadə edilsin". Eyyub Hüseynov onu da əlavə etdi ki, apardıqları təhlillərə görə istehlakçı hüquqlarını qoruyan əlahiddə bir dövlət qurumu yaradılmalıdır.