Azərbaycanın əməkdar artistinin ölkədən çıxmasına qadağa qoyulub

10 İyul 2012 21:28 (UTC+04:00)
Azərbaycanın tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarovanın ölkədən çıxması qadağan edilib.
APA-nın məlumatına görə, bu barədə qərar aktrisanın daimi qeydiyyatda olduğu rayon üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən verilib. Məhkəmə qərarına əsas kimi M. Xanlarovanın borclu olması göstərilib. Rayon məhkəməsinin qərarından narazı qalan M. Xanlarova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Müraciətə iyulun 12-də hakim İlqar Dəmirovun sədrliyi ilə baxılacaq.
Bakı Apellyasiya Məhkəməsinin saytında da bu barədə elan yerləşdirilib. Elanda bildirilir ki, iyulun 12-də Yasamal Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli icra sənədi üzrə borclu Xanlarova Mehriban Aslan qızının ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimata baxılacaq.
Mehriban Xanlarova isəAPA-ya açıqlamasında məsələnin hüquqi tərəfi ilə vəkilinin məşğul olduğunu deyib. Aktrisa bildirib ki, onu "Unibank" məhkəməyə verib. Məhkəməyə verilməsinin səbəbi isə həmin bank vasitəsi ilə kreditlə aldığın avtomobilin pulunun ödənməməsidir.
Aktrisa məhkəmədə prosesində iştirak etdiyini də deyib: "Məhkəmədə qərara etiraz elədim. Məhkəmədəki çıxışımda bildirdim ki, mən sənətçiyəm, tanınmış insanam, vaxtaşırı teatrla səfərlərə gedirəm. Cani, narkoman deyiləm ki, belə qərar verirlər. Maşını hamı kimi mən də satmışam. Mən maşını Lalə Dadaşovaya satmışam, o da başqasına, burda mənim günahım nədir? Əlbəttə bankda mənim adıma olduğuna görə məsuliyyəti mən daşıyıram. Sadəcə, bu məhdudiyyət nəyə lazım idi?"
M. Xanlarova 21 min manat borcunun bir hissəsini artıq ödədiyini deyib: "Banka borcum indi 16 min manatdır. Deyirlər, banka nəsə əmanət qoy, mənim nəyim var ki, girov qoyum? 16 min manata görə adama məhdudiyyət qoyarlar? Hara qaçacağam Azərbaycandan, 16 minə görə ölkədən qaçaram mən? Uzaqbaşı məhkəmə qərar verəcək, maaşımdan çıxacaqlar də..."