Bu gün dövlət büdcəsi kirayə bazarına görə milyonlarla pul itirir. Səbəb mənzillərin kirayəyə verilməsi zamanı bunun əksər Avropa ölkələrində olduğu kimi müqavilə halında olmamasıdır. Məlumdur ki, əksər hallarda Bakıda, həmçinin rayonlarda kirayə verənlə kirayə götürən arasında müqavilə bağlanmır. Halbuki, qanunla kirayə verən aldığı məbləğin hər ay 14%-ni gəlir vergisi kimi büdcəyə ödəməlidir. Amma bir çox hallarda aşağı qiymətə verilən mənzillərdə müqavilə bağlanmır və yaxud bağlansa da rəsmiləşdirilmir. Araşdırmalar göstərir ki, orta qiymətdən yuxarı verilən kirayə evlərin 60-65%-də müqavilə bağlanır. Bunlardan da təxminən 20-25% notarial qaydada dövlət qeydiyyatından keçir. Ucuz qiymətə verilən mənzillərin 50%-nin rəsmi müqaviləsi yoxdur. Bağlanmış müqavilələrin çox cüzi hissəsi dövlət qeydiyyatından keçirilir. Hazırda mövsümi amilərlə əlaqədar kirayə bazarında yenidən canlanma yaşanmaqdadır. Evlərin kirayə qiymətləri durmadan artır. Bununla paralel olaraq kirayə müqavilələrinin bağlanması elə də intensiv xarakter daşımır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai
Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı fikrilərini
Movqe.az-a açıqlayıb. Ekspert kirayə bazarının canlandığı bir
vaxtda qeyri-rəsmi kirayə müqavilələrinə görə dövlətin kifayət
qədər vəsait itirdiyini bildirir: "Bu gün kifayət qədər belə
halla qarşılaşmaq olar ki, evlər kirayəyə verilir və buna görə
dövlətə vergi ödənilmir. Amma əslində reallıq budur ki, istənilən
gəlir müvafiq vergiyə cəlb olunmalıdır. O cümlədən kirayə
bazarından gələn gəlirlər. Bu gün Bakıda 200 manatdan ucuz kirayə
ev tapmaq mümkün deyil. Bunun hardasa 4%-i vergiyə cəlb edilsə, 8
manat pul edir. Düşünürəm, bu 8 manat kirayə verən üçün bir o qədər
böyük məbləğ deyil. Amma belə evlərin sayının 10 minlərlə olduğunu
düşünsək, bu, son nəticədə böyük məbləğdə pul edir. Bu baxımdan,
büdcə hər il müəyyən qədər pul itirir. Problemin həlli yolu,
təbii ki, kirayə bazarının inkişaf etdirilməsi, gəlirlərin
vergiyə cəlb edilməsidir. Bunun lisenziyalaşdırılması həyata
keçirilə bilər. Kirayə evlərin siyahısı müəyyənləşdirmək lazımdır
ki, müqaviləsiz olanlar bilinsin, buna qarşı tədbir görülsün. Çünki
bu gün Azərbaycan kirayə bazarı kifayət qədər gəlir əldə
edir".
"MBA LTD" konsaltinq
şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə evlərin müqaviləsinin
olub-olmaması məsələsinə nəzarətin mənzil kommunal idarələrinə,
mənzil istismar idarələrinə verilməsini təklif edir: "Bunu hər
ərazi üzrə quruma tapşırmaq olar ki, orda evlər qeydiyyatdan
keçirilsinlər. Ümumiyyətlə, Vergilər Nazirliyinə də tapşırmaq olar
ki, daim kirayəyə verilən evlərin qeydiyyatını aparsın. Necə ki,
icarəyə verilən ofislərin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən
aparılır, icarəyə verilən obyektlərin hər biri reyestrə salınıb və
hazırda buna nəzarət aparılır. Güman edirəm ki, gələcəkdə
mənzillərin də reyestrini Vergilər Nazirliyi apara bilər. Amma
bunun üçün həm zaman lazımdır, həm də bunu tək Vergilər
Nazirliyinin üzərinə də qoymaq doğru olmaz. Yerli icra
strukturları, o cümlədən yerli mənzil istismar idarələri bu
məsələdə kömək olmalıdır. Çünki yerli mənzil-istismar sahələri
birmənalı şəkildə bilirlər ki, hansı ərazidə hansı evlər kirayəyə
verilir, hansı qiymətə verilir. Digər tərəfdən, cəmiyyət bu işə
ciddi yanaşmalıdır. Vergi Məcəlləsinə onu əlavə eləmək olar
ki, kim qeydiyyatdan keçməyən, müqaviləsiz ev kirayə verirsə,
cərimə olunsun. Çalışmaq lazımdır ki, insanlar özləri öz
işlərinə məsuliyyətlə yanaşsınlar. Güman edirəm ki, bunun da zamana
ehtiyacı var. Yəqin, müəyyən zaman keçdikdən sonra bu məsələlər öz
həllini tapacaq. Amma artıq son 2 ildir ki, bu məsələ öz həllini
obyektlərdə tapıb. Yəqin, yaxın gələcəkdə evlərin kirayəsi
zamanı da bu qaydalar gözlənəcək".
Əslində, belə müqavilələr evlərini kirayə verənlər üçün də sərfəlidir. Belə ki, Mülki Məcəllənin 329-cu maddəsinə əsasən qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə əməl olunmadan bağlanmış müqavilə etibarsız sayılır. Nəticədə problem yarananda, məsələn, kirayənişin pulu vaxtında ödəmədikdə ev sahibinin ona qarşı qanunla tutarlı arqumentləri olmur. Halbuki, kirayə müqaviləsi olarsa, vəziyyət tam fərqli xarakter alar.