Rusiyadan Azərbaycana pul göndərilməsi qadağan oluna bilər

11 İyul 2012 09:12 (UTC+04:00)

Rusiyanın İnnovativ İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Qəbələ RLS-i və Transxəzər qaz kəməri layihəsilə bağlı Moskvanın Bakı ilə olan ziddiyyətlərinə cavab tədbiri olaraq Kreml Rusiyadan Azərbaycana pul göndərilməsini qadağan edə bilər. Bildiyimiz kimi, Rusiyada çoxsaylı soydaşımız yaşayıb işləyir. Burada 1 milyon, bəzi mənbələrə görə isə hətta 2 milyona yaxın azərbaycanlı çalışır. Onlar hər il Azərbaycanda qalan ailələrinə milyonlarla dollar pul göndərirlər.

Maraqlar çəkişməsi fonunda isə o da bəllidir ki, Qəbələ RLS-i ətrafında hələ ki, razılıq əldə edilməyib. Daha doğrusu, cari ildə icarə müddəti başa çatan bu qurğunun yenidən icarəyə verilməsi ətrafında Bakı ilə Moskva arasında danışıqlarda hələ də konkret nəticə hasil olunmayıb. Azərbaycan tərəfi hazırkı dövrü nəzərə almaq şərtilə haqlı olaraq icarə haqqının 300 milyon dollara çatdırılmasını istəyir. Köhnə müqaviləyə əsasən isə icarə haqqı ildə cəmi 7 milyon dollardır. Kreml isə hər vəchlə çalışır ki, icarə haqqını xeyli aşağı salsın. Digər tərəfdən Qərbin dəstəklədiyi Transxəzər "Nabukko" qaz kəməri məsələsi də bir sıra məqamlarına görə Azərbaycanla Rusiya arasında fikir ayrılığına səbəb olub. Moskva bu kəmərin işıq üzü görməməsinə və bu zaman ona dəstək verəcəyi gözlənilən Azərbaycan və Türkmənistan kimi dövlətlərə təzyiq göstərməyə çalışır. Bütün bunlara görə İnnovativ İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru hesab edir ki, Rusiya Azərbaycana cavab tədbiri kimi təzyiq elementi qismində ölkəsində çalışan azərbaycanlıların vətənlərinə pul göndərilməsini qadağan edə bilər. Görəsən, bu təzyiq vasitəsi nə qədər realdır?

Politoloq Qabil Hüseynli bildirdi ki, sözügedən addımı atarsa, bu Rusiyanın təzyiq dililə danışmaq niyyətindən xəbər verəcək: "İnnovativ İnkişaf Mərkəzi Strateji Analiz Mərkəzi rəhbərinin dediyi kimi, Qəbələ RLS və Transxəzər layihəsində Bakının tutduğu mövqeyə cavab tədbiri olaraq Moskva öz ölkəsindən Azərbaycana pul göndərilməsini qadağan edərsə, bu, artıq o deməkdir ki, Kreml yenə də Azərbaycanla təzyiq dililə danışmaq istəyir. Digər tərəfdən onu da vurğulayım ki, Rusiya oradan Azərbaycana pul göndərilməsi məsələsini qadağan edə bilməz. Çünki bu antidemokratik olmaqla bərabər beynəlxalq konvensiyalara da ziddir. Vətəndaş pul qazanıb, onun bir hissəsini vətənlərində qalan valideynlərinə göndərmək istəyirsə, bunu necə qadağan etmək olar? Pul göndərilməsi qadağan edilsə belə, bizimkilər vətənlərinə pul göndərilməyin müxtəlif yollarını tapacaqlar. Amma məsələ ondadır ki, Analiz Mərkəzinin dediyi kimi olarsa, bu heç bir halda beynəlxalq hüquq normalarına uyğun deyil. Belədə həmin addım açıq şəkildə təzyiq və təhdid xarakteri daşıyacaq bir addım olacaq. Rusiya qonşuları ilə münasibətlərdə həmişə imperiyapərəst yanaşma tərzi sərgiləyib. Bu gün də həmin yanaşma tərzini davam etdirir. Onlar başa düşmür və ya düşmək istəmirlər ki, XXI əsrdə belə bir təfəkkür tərzi baş tutan deyil".

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da qeyd etdi ki, Rusiyadan Azərbaycana pul köçürülməsini qadağan etmək absurd ideyadır: "Düşünmürəm ki, Rusiyanın İnnovasiya mərkəzi həmin ölkədən Azərbaycana pul göndərilməsi qadağan edilə bilər təklifini irəli sürərkən hansısa ciddi arqument ortaya qoyub. Azərbaycana təzyiq nöqteyi-nəzərindən Rusiyada çox şey deyib, çoxsaylı ideyalar irəli sürmək olar. Amma pulların köçürülməsinə qadağa qoyulması ideyası absurddur. Bu heç bir halda ağlasığan mexanizm deyil. Fikirləşirəm ki, Rusiyada hətta bu tip absurd ideyaların arxasınca gedən siyasətçilər və bank sistemi işçiləri olsa, təbii ki, bir mexanizm təklif edəcəklər. Bu mexanizm isə Rusiyadan Azərbaycana gələn pullarla bağlı faiz dərəcəsinin yüksəldilməsi ola bilər. Eyni zamanda həmin vəsaitlərin əldə olunması mənbələrilə bağlı ciddi araşdırmalara başlanılması ideyasını gündəmə gətirərlər. Yəni həmin vəsaitlərin müxtəlif dairələrlə bağlılığını üzə çıxarmaq niyyətilə buna gedərlər. Sözümün canı odur ki, faktiki olaraq həmin ideya absurd olsa da, Rusiyada bəzi dairələr bunun üzərində düşünə də bilərlər". Həmsöhbətimiz vurğuladı ki, belə məqama da onlar Azərbaycana təzyiq vasitəsi olaraq gedərlər: "Amma fikrimcə, Rusiyanın siyasi elitası heç bir zaman bu tip ideyaların arxasınca getməz. Hazırda Azərbaycanla Rusiya arasında olan münasibətlər tamamilə başqa istiqamətlər üzrə cərəyan edir. Xüsusən də Rusiya Dövlət Dumasının yeni sədri Narışkinin vəzifəyə gəldikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi təsadüfi hal deyil. Ona görə də Rusiyadakı innovasiya mərkəzi, istərsə də, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə mərkəzləri olsun, onların antiazərbaycan şüarları sadəcə olaraq, bir şüar səviyyəsində qalacaq. Amma digər tərəfdən vacibdir ki, sözügedən məqamla bağlı olaraq Rusiya ictimaiyyəti təpki göstərsin. Çünki pul köçürülməsinə qadağa qoyularsa, burada insan haqlarının tapdanması halı baş verəcək. Qeyd edəm ki, Rusiyada çalışan soydaşlarımız qazandıqları vəsaitin 75 faizini onsuz da həmin ölkənin bazarında qoyur. Kirayə haqqı, vergilər, gündəlik ehtiyacların ödənilməsi haqqı kimi məsələlərlə bağlı olaraq vəsaitin cəmi 25 faizini vətənlərində qalan ailələrinə göndərə bilirlər. Bu hal onu göstərir ki, pul köçürülmələrinə qadağa qoyulsa, bu, ilk növbədə, Rusiyanın özünün iqtisadiyyatına böyük zərbə vuracaq. Ona görə də düşünürəm ki, ən azından indiki mərhələdə Rusiya özü üçün əlavə problem axtaran ölkə kimi çıxış etməz".