Nazir turizm obyektlərindəki qiymətlərdən danışdı

11 İyul 2012 09:27 (UTC+04:00)

Azərbaycanın turizm obyektlərində təqdim edilən xidmətlərin qiymətləri keçənilki səviyyədədir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazir qeyd edib ki, ötən il turizm xidmətlərinin qiymətləri 2010-cu illə müqayisədə 20 faiz enib və bu il də həmin qiymətlər qalıb.

Ə.Qarayev otellərin xidmət səviyyəsinə də toxunaraq bildirib ki, artıq müxtəlif ulduz alan hotellər xidmət üçün ödənilən vəsaitin müqabilində yaxşı xidmətlər göstərirlər.

Nazirin sözlərinə görə, Azərbaycanın regionlarında turistlərə təqdim edilən xidmətlərin səviyyəsi artır.

"Amma bəzi hallarda turizm xidmətlərinin səviyyəsi bizi qane etmir. Xidmət səviyyəsinin inkişafı üçün xüsusi ixtisaslaşmış kadrlara ehtiyac duyulur və hazırda bu istiqamətdə işlər aparılır. Şərt qoymuşuq ki, mütləq bütün turizm təşkilatlarında, müəssisələrində turizm üzrə təhsil alan kadrlar olmalıdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, turizm obyektlərində yay turizm mövsümünün əvvəlində başlamış monitorinqlər göstərir ki, turizmin infrastruktur baxımından inkişafı ümidvericidir.