"Həcc ziyarətinə birgə yaşadığım adam mənlə getdi, 2 gün sonra isə..."- MÜSAHİBƏ

19 Avqust 2014 12:39 (UTC+04:00)

Onunla açıq havada, elə camaat arasındaca müsahibə təklifimizə yox demədi. Tamamilə komplekssiz olan aktrisa, ətrafdakıların ona olan münasibətindən də, qətiyyən rahatsız olmadı. Deyərdim ki, müsahibəmiz səmimi bir aurada  baş tutdu. Beləcə əməkdar artist, tanınmış aktrisa, bu günə kimi oynadığı obrazları ilə öz sözünü deməyi bacaran Mehriban Xanlarovanın Mövqe.az-ın əməkdaşının suallarını cavablandırdı:


- Bayaqkı kimi heç olub, kimsə sizi tanıyıb özünü tanımamazlığa vursun?

- (gülür-red) Bəzən elə insanlar olur ki, məni tanıyır ancaq özlərini tanımamazlığa vururlar. Ancaq hərdən elə insanlar da olur ki, həqiqətən illərdir ki, Azərbaycan  TV kanallarına baxmayıb, ya səhərdən-axşama kimi işləyir, əziyyət çəkir, bostanda olur, vaxtı olmur. Tanımır da məni. Nə etmək olar? Ancaq Allaha çox şükürlər olsun ki, məni insanlara sevdirən insani keyfiyyətlərim çoxdur. Məni aktrisa kimi sevməzdən əvvəl, insan kimi sevib, hörmət qoyurlar. Min şükür. Mən çalışmışam ki, insanların pis günündə yanlarında olum. Amma çox təəssüf, mənim pis dəqiqələrimdə yanımda o yaxşılıq etdiyim insanlar olmayıb. Elə bil onlar yaxşı günün dostu olub, məndən istifadə ediblər.

- Çoxmu istifadə ediblər sizdən?

- Çox olub. Elə bil mən bu zamanın adamı deyiləm. Tez aldananam.

- Mənəvi ya maddi cəhətdən istifadə ediblər sizdən?

-  Hər ikisində... Amma daha çox mənəvi.

- Bəs bu vəziyyətdən necə çıxış yolu tapmısınız?

- Allah rəhmət etsin Xanım Qafarovanı... O, ölənə kimi evinin yoxluğundan  şikayətləndi. Amma heç kəs, heç nəyi bu maddi dünyadan apara bilmir. Ən çox sıxıntılarım olan zaman dənizə baxıb, ağlayıram ki, niyə mən qurban olmalıydım nələrəsə...

- Ən çox nəyin qurbanı olmusunuz?

- Yalanın.

- Həyatdan küskün olduğunuz zaman yenidən stimulu kimdən və ya nədən aldınız?

- 2 nəvəm var. 2 yaşlı Mehribanı elə bu gün gedib, rayondan gətirmişəm. İnanın ona qaçıram. O məni görən kimi gülür, hər şeyi unuduram. Qabaqlar qarğış edirdim. İndi yox. Sadəcə, Allaha dua edirəm ki, haqqı nahaqqa vermə.

- İbadət edirsiniz?

- Bəli. Xoşlamıram bu barədə danışım, dinlə reklam olmaz. Hər bir qaydasında bir müsəlman kimi borclarımı yerinə yetirirəm. (Söhbət əsnasında öyrəndik ki, Mehriban Xanlarova həm namaz qılır, həm də ki, oruc tutur. Həcc ziyarətində də olub-red)

- Tamaşaçı Mehriban Xanlarovanı daxilən necədirsə elə də tanıya bilirmi ?

- Yox. Efirdən zalım, aqressiv, daş ürəkli kimi tanınıram. Vallah mən elə insan deyiləm. Çox kövrəyəm, kiminsə ürəyini sındırsam, haqqı desəm belə sonra pis oluram, həmin insanın ürəyini alıram.

- Heç olub, efirdə dediyiniz hər hans sözə görə peşman olmusunuz?

- Yox. Amma bir dəfə efirdə dedim ki, vacibdi məgər parta-part beşini doğasan? Bu sözlərim müzakirə olundu. Amma haqq demişdim. Bir ana-ata ki, övladını normal böyüdə bilmir, çətinlik çəkir, təhsil verə bilmir, normal saxlaya bilmir olmasın 5 övlad olsun 2. Amma hər şey qaydasında olsun. Düz demirəm?!

- Bəs siz özünüz övladınızdan razısınızmı?

- Yox, övladımdan narazıyam. Qızım Cəlilabadda ərdədir. Bəzən o da, sözümə qulaq asmır. Bəzən qaynanası mənə şikayət edəndə mən qızımı danlayıram. Yanlarındaca sözümü deyirəm. Mən bağışlamıram. Kimdə günah varsa elə üznə də deyirəm. 

- Bəs Mehriban Xanlarovanın bəzi aktrisalar kimi niyə villaları, bir neçə avtomobili, dəm-dəsgahlı həyatı yoxdur?

- (gülür-red) Bilirsən Əfruzə... (susur-red) Qadına yük çəkmək çox çətindir. Aktrisa var ki, övladı və özüdür. Tək-tük adam olar ki, qardaş-bacıya, qohuma əl uzada. Mən amma belə olmamışam. Pərvanə kimi özümü oda vurmuşam, gücüm çatan qədər hər kəsə əl tutmağa çalışmışam.

- Sizə heçmi lüks həyat təklifləri olamayıb?

- Olub, qəbul etməmişəm. Sözün düzünü deyirəm. Qəbul etsəydim əgər bu gün mənim də sadaladığın o şeylərdən olardı...

- Peşaman deyilsinizmi ?

- Yox. Sui-istifadə etməmişəm, elə şeylərdən. Mənim atam-anam lal-kar olub. Atam rəhmətə gedib, anamın 80 yaşı oldu avqustun 2-si. Anadırda, ürəyi istəyir. Restoranda keçirdim. İlləri, ayları bilmir. Amma soruşur ki, ad günüm keçdi. Deyirəm hə. Düzdü ürəyi istəyən hər şeyi alıb, verirəm. Qızıl üzük, sırğa istədi, borclada olsa alıb ona verdim onları. Qoy, könlü xoş olsun.

- Niyə aktrisalara pis gözlə baxırlar çox vaxt ?

- Aktyorun ya aktrisanın evi, ailəsi ola bilməz ? Vallah da olar. Mən evli olan zaman həyat yoldaşıma normal qadından yaxşı baxırdım. O əclaf çıxıbsa, mən nə edim? Xəyanətkar çıxıbsa, mən nə edim? Mən etmişdim o xəyanəti ? Yox. 4 ilmi qurban verdim. Nə oldu? Heç nə. Heyf o ssenarilərdən... Qatlandı, getdi.

- Bundan sonra tamaşaçını hansı obrazla riqqətə gətirməyi düşünürsünüz?

- Məndə ancaq psixolojıdır. Komediya mənlik deyil. Mən ağlayıramsa və səni ağlada bilirəmsə, deməli, yaşadığımı tamaşaçı da yaşayır. İndikilər soğanla, kaplilərlə ağlayır. Mən, amma obrazın içinə girirəm, gözümdən də yaş gəldisə dayanmır.

- Bir kadr bir neçə dəfəyə çəkilir. Hər dəfə aktrisa necə ağlasın ürəkdən?

- Ağlasın. Ağlaya bilmirsə, deməli, o, aktrisa deyil.

- Niyə xalq artisti adı verilmir sizə?

- Bizim bəzi ağzı göyçəklər çıxıb dedilər ki, xalq artisti adı verilməsin. Əməkdar artist adı verilib, o da olar. Gözləyək.

- Özünüzü o ada laiq bilirsiniz?

- Əlbəttə. Əgər o ada laiq olmayanlar xalq artisdilərsə, mən niyə o adı almayım?! Baxırsan, heç həmin aktrisanı sevənlər də yoxdu.

- Özünüzdə hansı cəhətinizi bəyənmirsiniz?

- Mərhəmətli olmağımı. Cavabım həmişə nankorluq olub. Amma arsızam. Elə yenə mərhəmətli oluram. Ar olmur ki, mənə...Çox kövrəyəm, özümdən aslı deyil.

- Yaşınızı gizlədən məşhurlardansınız?

- Yox. 1967-ci il avqustun 12-si anadan olmuşam. 48 yaşım oldu.

- Maşallah heç vermək olmur.

- Hə, çoxsağolun. Niyə gizlədim. 50 yaşım nəsib olsa, edəcəm ad günümü...

- Xoşbəxtsiniz?

- Sənətdə hə, qadın kimi yox. Qadın kimi bir müddət xoşbəxt oldum, guya da, sonra yox.

- Ailəli olduğunuz dönəmi xoşbəxtlik hesab edirsiniz?

- Aha, guya da. İstər-istəməz yanımda kişi nəfəsi var idi. Dayaq idi.

- Heçmi bağışlaya bilməzdiniz onun xəyanətini?

- Nəyini bağışlayım? Keçmiş həyat yoldaşım mənimlə evli ola-ola getdi evləndi.

- Başa düşmədim.

- Mənimlə imam nikahında idik. Həcc ziyarətindən gəldik, o getdi nikahla evləndi, toy etdi. Amma ona haqqımı halal etmirəm. Həcc ziyarətinə birgə yaşadığım adam mənlə getdi, 2 gün sonra isə başqası ilə evləndi. Halbuki ora biz ər-arvad olaraq getmişdik. Nə bilim vallah...

- Neçə illərdən sonra üz-üzə gəlmisiniz?

- Yox. Mən avtomobildə olanda deyiblər filankəs keçdi, demişəm cəhənnəmə ki...Üzümü çevirmişəm.

- Hal-hazırda bu məkana gəlsə, təsadüfü görüş olsa nə deyərsiniz ona?

- Salam verməz. Mən də ona heç nə demərəm. Çünki o hərəkətləri ilə sözünü dedi. Onun yanındakı qadın mənə dedi ki, sən onun üçün bişirirdin-düşürürdün, yuyub-yığışdırırdın, indi isə tam tərsidir.

- Necə yəni, tam tərsidir?

- İndi həmin kişi o qadın üçün ev işləri görür. Nə bilim, bir insan ki, Allahın evindən gəlir və and içir yalandan ki, mən ora Mehribanla getməmişəm və həm qadın onun yalançı olduğunu bilə-bilə qəbul edirsə, mən nə edim? İstəyirsən ondan 15 dənə doğ, bir gün bugündən və göz yaşlarından sənin üçün də var. Sadəcə həmin anda həmin qadını görmək istəyərəm. Qadın bilərəkdən bunu etdi, acığa... Kişinin acığına nail oldu ki, onunla evlənsin. Bəzən deyirlər ki, aktrisalara nə var ki, əhli kefdirlər. Ancaq mənim içim o qədər doludur, 3 kitab yazsan belə, bitməz.

- O zaman Mehriban xanım, biz də bitirməyək, oxucularımızla gələn görüşlərə qədər sağollaşaq.

- Mən də Mövqe.az saytına, sizə Əfruzə, çoxsağolumu deyirəm. İnşallah görüşənədək... Dərdim təzələndi, amma səmimi söhbətimiz alındı. İçim boşaldı elə bil, bir neçə dəqiqəlik də olsa.