“Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlı İnkişaf İndeksi 2013-Azərbaycan” layihəsinin hesabatı

20 Avqust 2014 19:31 (UTC+04:00)

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi ilə birgə təşkil etdiyi "Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012-Azərbaycan" layihəsinin 20 avqust 2014-cü il tarixində təqdimatını keçirmişdir. Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi son 17 il ərzində 29 ölkədə vətəndaş cəmiyyəti təşkilatları sektorunda baş verən dəyişiklikləri izləyir. 2013-ci il üçün İndeks 4.7 balla qiymətləndirilir (1-ən yüksək, 7-ən kiçik inkişaf göstəricisidir).

Layihənin hesabatını təqdim edən Nərmin İbrahimova 2013-cü ildə VCT-lərin qarşılaşdıqları problemlər və VCT sektoruna edilən dövlət dəstəyindən danışıb. Belə ki, 2013-cü ildə VCT-lərin rastlaşdıqları problemlərdən - qeydiyyat prosesi, VCT-lərə tətbiq edilən yeni cərimələr, maliyyə imkanlarının kasadlığı, bizneslə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığın səviyyəsi kimi problemlərdən söz açıb. O cümlədən, 2013–cü ildə dövlət qurumları ilə VCT-lər arasında müxtəlif görüşlərin keçirilməsi, dövlət qurumlarının müxtəlif layihələrdə VCT-lərə kömək etməsi, onlarla əməkdaşlıq etməsi kimi müsbət addımlardan danışıb.


Nərmin İbrahimova qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş ictimai İştirakçılıq haqqında qanunvericilik dövlət orqanlarını ictimaiyyət qarşısında hesabatlı saxlamaq xarakteri daşıyır və qanuna əsasən hər bir icra orqanının tərkibində ictimai şuraların yaradılması icbaridir.

O cümlədən, təqdimatda 2013-cü ildə Dövlət QHT Şurası tərəfindən sektorun inkişafına töhvə verəcək QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanmasından bəhs edilib. Orada QHT-lərin qeydiyyatı, hesabatlılığı, qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlər əks olunub.

Hesabatda qeyd olunur ki, 2013-cü ilin sonlarına qədər qeydiyyatdan keçmiş VCT-lərin sayı təxminən 2960 olub və bunların təxminən 110-u yalnız 2013-cü ildə qeydiyyatdan keçib.