Yeni sürüşmə təhlükəsi gözlənir

22 Avqust 2014 08:27 (UTC+04:00)

Hazırda Azərbaycan ərazisində quraqlıq hökm sürür. Uzun müddətdir yağışların yağmaması quraqlığın yaranmasına gətirib çıxarıb. Lakin aydın məsələdir ki, tədricən fəslin dəyişməsi ilə quraqlıq dövrünə də son qoyulacaq. Payız və ardınca qışın gəlməsi yağışların da intensivləşməsinə səbəb olur. Artıq neçə illərdir müşahidə edirik ki, yağışların intensivləşməsi ölkənin bir sıra məntəqələrində sürüşmə təhlükəsi də yaradır. Azərbaycanda potensial sürüşmə təhlükəsi olan ərazilər İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Bakının Zığ qəsəbəsi, qismən də Quba, Qusar rayonlarıdır. Hər il bu ərazilərin bəzilərində yağışdan bir müddət sonra ciddi sürüşmələr baş verir. Hansı ki, onun da nəticəsində sakinlərə müəyyən qədər ziyan da dəyib. Görəsən, hazırda hökm sürən quraqlıq, sonradan yağışların intensivləşməsi fonunda sürüşmə təhlükəsini yenidən artıra bilərmi?

Ekoloq Telman Zeynalov bu qənaətdədir ki, mövcud olan quraqlıq, sonradan intensiv yağışların yağması ilə sürüşmə təhlükəsini artıra bilər: "Son zamanlar dəhşətli quraqlıq hökm sürür. Bu onu göstərir ki, Yer kürəsi yeni buzlaşma dövrünə qədəm qoyur. Buzlaşma dövrünün qışı çox sərt və soyuq, yayı isə həddən artıq isti olur və quraqlıq keçir. Bu quraqlığın ardınca, sentyabr aylnda yağan intensiv yağışlar baş verən sürüşmələrin nəticəsi ola bilər. Çünki, quraqlıq dövründə torpağı saxlayan nəmişlik buxarlanaraq, yoxa çıxır. Belədə torpaq sürüşməyə hazır vəziyyətə gəlir. Ona bir təkan lazımdır ki, yağan yağış torpağın nəmini üzərinə götürüb, ağırlaşsın və tədricən aşağı sürüşərək, qarşısındakı maneələri dağıtsın. Yəni quraqlığın olması bir növ intensiv yağış fəslində sürüşmənin də sürətlənməsinə rəvac verir, çünki, mövcud quraqlıq torpağı demək olar ki, bu prosesə hazırlayıb. Quraqlıq zamanı torpaq həddən artıq quruyur, burada nəmişlik çox aşağı düşərək, 5-6 faizə enir. Yağan yağış da torpağa hopur, onun ağırlığını artırır. Belədə yağış sularının ağır gilə çatması ilə, sürüşmə də baş verir".

Respublika Seysmoloji Mərkəzin rəhbəri Qurban Yetirmişlinin fikrincə isə, əksinə, quraqlığın sürüşmə təhlükəsinə aidiyyatı yoxdur: "Sürüşmələrə təkan verən intensiv yağışlardır. Güclü yağışlar yağanda onun suyu sürüşmələrə meylli ərazilərdə yaranan çatlara süzülür və belədə onun alt hissəsini yumağa başlayır. Bu fonda da torpağı sürüşməyə vadar edir. İkinci bir tərəfdən, sürüşməyə ən böyük təhlükəni, yağışın olub-olmamasından asılı olmayaraq, güclü zəlzələlər törədir. Sürüşməyə quraqlığın hər hansı bir təsiri yoxdur. Çünki, sürüşməyə meylli ərazilər, gilli, nəmli, sullu, qumlu ərazilərdir".

On ud axatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə ərazisində sürüşmə ilə əlaqədar tədqiqatlar aparıblar. Tədqiqat işləri nəticəsində ölkə ərazisinin sürüşmə təhlükəliliyi dərəcəsi müəyyən edilib. Təqribi hesablamalara görə, ölkə ərazisinin ən azı 25-26 faizinin potensial sürüşmə təhlükəsi var.

O da vurğulanır ki, Azərbaycan dağlıq ərazidə yerləşdiyindən və dağlıq ərazidə də süxurlar sürüşməyə meyilli olduğundan rütubətlilik artan zaman sürüşmə olmalıdır.