Şimal qonşumuzda dollara böyük tələbat yaranır

23 Avqust 2014 08:57 (UTC+04:00)

Qərbin sanksiyaları nəticəsinə Rusiya iqtisadiyyatına dəyən ziyanlar davam etməkdədir. Növbəti sanksiya paketi işə düşəndən sonra rubl daha sürətlə ucuzlaşmağa başlayıb. Ancaq hazırda Rusiyada dolların məzənnəsində bahalaşma müşahidə edilməkdədir. Bahalaşma avroda da özünü göstərir. Bu da öz növbəsində Federasiyada dollar və avro qıtlığı təhlükəsi yarada bilər. Ondan sonra isə digər ölkələrdən Rusiyaya dollar axını qaçılmaz olacaq. Hansı ki, həmin ölkələr sırasında Azərbaycanı da görmək mümkündür. Mütəxəssislər bu ehtimalı real hesab edirlər. Məsələ ilə bağlı "Mövqe" yə fikir bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun sözlərinə görə, Azərbaycandan Rusiyaya dollar axını bir az mürəkkəb məsələdir: "Azərbaycandan Rusiyaya dollar axını yəqin ki, xarici ticarət dövriyyəsi şəklində mümkündür. Dollar axını Azərbaycan bazarına təsir edəcək səviyyədə olsa da, Rusiya maliyyə bazarları çox böyükdür. Buradan ora dollar axını nəyisə kompensasiya edəcək səviyyədə deyil. Bu gün Rusiyada dolların bahalaşmasının əsas səbəblərindən biri kimi rublun ucuzlaşmasını götürmək lazımdır. Yəni, dollar bahalaşmayıb. Dolların arxasnda ABŞ iqtisadiyyatı dayanır. Təbii ki, onun da kursu ABŞ-ın apardığı siyasətə uyğun müəyyənləşir. Rusiyada dolların baha görünməsinin səbəbi rublun ucuzlaşmasıdır. Digər valyutalara diqqət yetirsək, oxşar tendensiyanı orada da görə bilərik. Bu, son sanksiyalarla bağlı Rusiyanın iqtisadiyyatında görünən təhlükələrdən irəli gələn məsələdir. Həmçinin, Rusiya üçün qaçılmazdır. Hətta bəzi mütəxəssislər hesab edirlər ki, sanksiyalar bir ildən artıq davam edərsə, Rusiyanın devalvasiyaya getməkdən başqa çıxış yolu qalmayacaq. Bu baxımdan Azərbaycandan Rusiyaya dollar axını orada nəyisə dəyişmir. Həmçinin də digər ölkəlrədən gələn dollar. Çünki, dolların arxasında dayanan ABŞ-dır. Amma Rusiya bazarlarında xarici valyutanın qıtlığı ola bilsin ki, Rusiyada fəaliyyət göstərən sahibkarların xarici ölkələrlə ticarət dövriyyələrinə mənfi təsir etsin. Çünki, qıtlıq nəticəsində onlar xarici ticarət dövriyyəsində istifadə edəcək dolları daxili bazarda tapmaqda çətinlik çəkə bilərlər. Bu zaman Azərbaycandan Rusiyaya dollar aparılması gözlənilən haldır. Bu hal mütləq baş verəcəkdir. Eyni hal İrana qarşı tətbiq edilən sanksiyalarda da yaşanmışdı. Həmin dövrdə Azərbaycandan leqal və qeyri-leqal yollarla İrana ciddi dollar axını baş vermişdi. Bu gün də eyni proseslərlə qarşılaşacağıq. Nəticə olaraq Azərbaycanda Mərkəzi Bankın üzərinə düşən təzyiq arta bilər. Çünki, Azərbaycanda valyuta tənzimləməsi dövlət tənzimləməsi siyasəti ilə həyata keçirilir. Yəni, burada "üzən valyuta" siyasəti həyata keçrilmədiyi üçün, yaranmış məzənnə təzyqinin aradan qaldırılması və ölkədə dolların bahalaşmasının qarşısının alınması Mərkəzi Bankın funksiyasını çətinləşdirəcək. Bu, Mərkəzi Bankda hansısa itkilərə də gətirib çıxara bilər. Çünki, bir çox hallarda dolların məzənnəsinin manata nisbətən sabit saxlanılması məqsədi ilə Mərkəzi Bank dolları baha alınıb, ucuz satılması siyasətini həyata keçirir. Digər tərəfdən, Mərkəzi Bankın dollarla olan ehtiyat vəsaitlərinin yenidən dövriyyəyə buraxılması halı ilə də üzləşə bilərik. Regionda baş verən proseslərin fonunda buna bənzər hallar baş verə bilər. Məsələn, ölkədən valyutanın, eyni zamanda ölkədə istehsal olunan məhsulların Rusiyaya axını qaçılmaz olacaq. Bununla bağlı ölkədə hansısa sıxıntının yaşanmaması üçün dövlət önləyici tədbirlər həyata keçirməlidir".