Azərbaycan benzin idxalını dayandıracaq

23 Avqust 2014 09:20 (UTC+04:00)

Ölkədə benzinin keyfiyyətindən heç də hamının razılıq etdiyini söyləmək mümkün deyil. Əslində, benzinin kefiyyətinin müasir tələblərə cavab verməməsi rəsmi səviyyədə də etiraf olunur. Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov da bir müddət əvvəl diqqəət çatdırmışdı ki, Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə tələbini ödəyir, lakin bu yanacağın keyfiyyəti müasir tələblərə cavab vermir. Onun sözlərinə görə, artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır. İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən "Avro-5" standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq.

Deməli, ölkədə keyfiyyətli öenzin istehsalı hələ 4 il sonra mümkün olacaq. Hazırda isə keyfiyyətli benzin kateqoriyasına idxal benzinləri aiddir, ancaq onların qiyməti yerli istehsala nisbətən bahadır. Özü də xatırladaq ki, avqustun 6-sından etibarən ölkəmizdə "Premium Avro-95" benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda "Premium" markalı benzin 97 qəpikdən satılır.

Ekspertlər hesab edirlər ki, dünya bazarında neftin qiymətinin dəyişməsi mütləq şəkildə idxal olunan benzinin qiymətində özünü göstərəcək. Yəni, bundan sonar da idxal benzinin qiymətində dəyişikliklər olması mümkündür. Aİ-92 markalı benzinin qiymətində isə hələ dəyişiklik olması gözənilmir. Ai-92 markalı benzinin qiyməti Tarif Şurası müəyyənləşdirir və bu, benzin tənzimlənən qiymətlər siyahısına daxildir. Ai-92 markalı benzinin qiymətinə faktik olaraq dünya bazarındakı qiymət dəyişiklikləri və digər faktorlar təsir göstərmir. Çünki bu tənzimlənən qiymətlərdir və tənzimlənən qiymətlər olduğu üçün bu qiymətlər yalnız Tarif Şurasının müəyyənləşdirdiyi tariflər əsasında dəyişilir. Tarif Şurasının isə bu benzinin qimytəini yaxnı tezlikdə dəyişməyəcəyi məlumdur. İdxal benzininə gəlincə, onun da ölkə daxilində istehsalından sonra qiymətində dünya bazarlarında baş verən proseslərdən asılı olaraq tez-tez hansısa dəyişiklik olacağı gözlənilmir. Qeyd edək ki, Azərbaycanda əvvəllər də yüksək oktanlı benzinin istehsalı üçün texnologiya olmayıb. Bu, 92 markalı benzinə aşqarların əlavə edilməsilə onun oktan dərəcəsi artırılıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edir: "Əvvəllər istehsal olunan benzinin oktan dərəcəsi kimyəvi yolla artırılırdı. Bu baxımdan da, sürücülər narazılıq edirdilər. Çoxu 95 markalı benzini şəhərlərarası yola çıxanda vururdular. Onlar benzinin havaya uçduğunu bildirirdilər. Tıxaca düşən, yaxud benzin bir neçə gün qalanda, ona vurulan aşqarlar buxarlanırdı. Onun da yerinə 92 markalı benzinin tərkibi qalırdı". Onun sözlərinə görə, indi 95 markalı benzinə təlabat azalıb: "Baxmayaraq ki, küçədə bahalı maşınların sayı artıb. Lakin mən müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, "Premium Avro-95"a olan təlabat daha da azalıb. Mən yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sorğular aparıram ki, 95 markalı benzinə təlabat nə qədərdir. Bütün yanacaqdoldurma məntəqələrindən bildirilir ki, bu benzinə təlabat daha da azalır".

Ekspert bildirir ki, Azərbaycanda "Super Avro-98" benzininə olan təlabat çox aşağıdır: "Bəzən yanacaqdoldurma məntəqələrində 98 markalı benzin yazılır. Lakin həmin benzindən heç aylarla istifadə etmirlər. Bir çox yanacaqdoldurma məntəqələrində həmin markalı benzin heç yoxdur. Sadəcə, görüntü xatirinə yazırlar. Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər saldıqda görərik ki, 2013-cü ildə bir il ərzində Azərbaycana 98 markalı benzindən cəmi 3 min ton yanacaq gətirilmişdi". İlham Şaban hesab edir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların yaradılmasına ehtiyac var: "Ona görə də, ölkə başçısı birinci yarımilliyin yekunlarına həsr olunmuş hökumətin iclasında ARDNŞ-ə tapşırıldı ki, yaxın 3 il ərzində "Avro-5" standartına uyğun yanacaq istehsalına keçirilsin. Bununla da, Azərbaycan artıq başqa ölkələrdən benzin almayacaq. Bu da ölkənin daxili təlabatını yeni zavod işə düşənə qədər ödəmək üçün nəzərdə tutulub". Beləlirklə, yeni neft emalı zavodu işə düşdükdən sonra Azərbaycan benzin idxalını dayandıracaq, həmçinin, daxili istehsal müasir tələblərə də cavab verəcək.