Rusiya rəsmisi Dağlıq Qarabağdan söz açdı
24 Avqust 2014 20:07 (UTC+04:00)
"Biz çox təəssüf edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmaması insanların ölümü ilə nəticələnir və itkilər yalnız
silahlı toqquşmalarla məhdudlaşmır".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bunu media
nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi mövzusundakı sorğusuna
cavabında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi
Aleksandr Lukaşeviç deyib.
A.Lukaşeviç münaqişə ilə bağlı ailə üzvlərini itirmiş bütün
Azərbaycan və erməni ailələrinə başsağlığı verdiklərini bildirib və
baş vermiş ölüm faktlarının əsaslı araşdırılmasının vacibliyini
qeyd edib.
Rusiya XİN-in nümayəndəsi tərəfləri Rusiya, Azərbaycan və
Ermənistan prezidentlərinin 27 oktyabr 2010-cu ildəki birgə qəbul
etdikləri ATƏT-in Minsk Qrupu və BQXK vasitəsilə meyitlərin
qaytarılması haqqında bəyanata praktiki əməl etməyə çağırıb.
Xatırladaq ki, hazırda Ermənistanda girovluqda iki azərbaycanlı -
Şahbaz Quliyev və Dilqəm Əsgərov, o cümlədən ermənilərin
güllələdiyi Həsən Həsənovun meyiti saxlanılır.
Azərbaycanda isə ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olmuş
və qəfil ürək tutmasından ölmüş Koren Petrosyanın meyiti var.
Qeyd edək ki, Azərbaycan baş nazirin müavini Əli Həsənov Beynəlxalq
Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana girov və meyitlərin
dəyişdirilməsi ilə bağlı təklif göndərildiyini, lakin Ermənistanın
bu təklifdən imtina etdiyini bildirib.