Elektrik qatarları, tramvaylar qayıdır?!

29 Avqust 2014 08:43 (UTC+04:00)

Bakıda tıxac problemi kəskin xarakter almaqda davam edir. Tıxacın məsələsinin həlli üçün bir çox işlər görülüb. Yollar genişləndirilib, müxtəlif körpülər salınıb. Amma yeni də tıxac məsələsi aktual olaraq qalır. Qarşıdan isə sentyabr ayı gəlir. Bu ayda orta və ali məktəblərdə yeni tədris ili başlanır. Bu is o deməkdir ki, bir müddətdən sonra, şəhərdə hərəkət edən avtomobillərin sayı bir qədər də artacaq. Qeyd edək ki, hazırda ölkədə qeydiyyatda olan nəqliyyat vasitələrinin 60 faizindən çoxu paytaxtın payına düşür. Bundan əlavə, hər gün Bakıya rayonlardan çoxsaylı nəqliyyat vasitəsi daxil olub, çıxır. Bu amil də tıxac prosesinə öz təsirini göstərir.

Hazırda şəhərdə tramvay və elektrik qatarlarının bərpası məsələsi gündəmə gəlib. Belə fikirlər səslənir ki, elektrik qatarları və tramvayların bərpası tıxacların aradan qaldırılmasına yardımçı ola bilər

Sabiq polis polkovniki Mahmud Hacıyev heç də o qənaətdə deyil ki, elektrik qatarları ilə tramvayların bərpası tıxac problemini müəyyən qədər də olsa aradan qaldıra biləcək: "Öncə onu deyim ki, şəhərdən elektrik qatarları və tramvayların götürülməsi yanlış addım idi. Çünki, hər ikisi də ekoloji baxımdan olduqca sərfəli nəqliyyat növləridir. Bunun nəticəsidir ki, inkişaf etmiş ölkələrdə tramvay və elektrik qatarlarından geniş istifadə etməkdə davam edirlər. Baltikyanı ölkələr və Gürcüstanda da bu nəqliyyat növlərindən istifadə olunmaqdadır. Həmin nəqliyyat vasitələrinin olduğu şəhərlərdə sözün həqiqi mənasında atmosferin çirklənməsi də kəskin xarakter daşımır. Amma bütün bunlarla yanaşı, düşünmürəm ki, sözügedən nəqliyyat vasitələrinin yenidən Bakı şəhərində bərpası tıxac problemini aradan götürsün. Onun bərpası da uzun bir proses olacaq. Həmçinin, tramvay və elektrik qatarlarının manevr imkanları başqa nəqliyyat növləri ilə müqayisədə aşağı səviyyədədir. Yəni onlara daha genişmiqyaslı, daha geniş küçə və döngələr lazımdır. Lakin Bakıda artıq genişmiqyaslı yol yaratmaq imkanları yox dərəcəsindədir. Bu mənada da ekoloji baxımdan vacib olsa da, hazırki infrastruktur fonunda tramvay və elektrik qatarlarının necə bərpa ediləcəyi bir qədər qaranlıq qalır. Tıxacın qarşısını almaq artıq mümkünsüzdür. Bu günlərdə Binəqədi yolu bağlanarkən, alternativ yollardan istifadə edilməsi tövsiyə olundu. Amma məsələ ondadır ki, alternativ yol da yoxdur. Binəqədiyə alternativ yol Papanindən keşib mikrorayona dirənən yoldur. Həmin yol isə iki ildən artıq müddətdir ki, bağlıdır. Bir alternativ yol qalır, Tiflis prospekti və Xırdalan massivi. Bu yola da isti yay günlərində çoxsaylı insanların nəqliyyat vasitəsinin yerləşməsi qeyri-mümkündür. Tıxacın yaranmasında başlıca amil Abşeron yarımadasının həddən artıq yüklənməsi faktorudur. Nə qədər ki, bu yük aradan götürülməyib, başqa vasitələrlə problemin həlli mümkünsüz görünür. Artıq yarımadanın çox yüklənməsinin qarşısını almaq üçün əhalinin bura axınına qadağa qoyulmalıdır".

Ekspert Azər Allahverənov isə əksinə, bu qənaətdədir ki, tramvayların, elektrik qatarlarının bərpası əhalinin tıxaca düşmək məsələsini müəyyən qədər aradan qaldıra biləcək: "Ölkəmizdə tramvayla elektrik qatarlarının bərpası tərəfdarları və istərsə də opponentləri kifayət qədərdir. Faktiki olaraq, dünyanın aparıcı dövlətlərinin iri şəhərləri, meqapolislərində bu nəqliyyat növlərindən geniş şəkildə istifadə edirlər. Tramvaylar faktiki olaraq əvəzedilməz bir nəqliyyat vasitəsidir. Ekoloji cəhətdən sərfəlidir, təhlükəsizlik nöqteyi-nəzərdən də onlara böyük ehtiyac vardır. Həmçinin, vaxta kifayət qədər qənaət edən nəqliyyatdır. Azərbaycanda düşünə bilərlər ki, tramvaylar bir qədər asta gedir. Lakin məsələ ondadır ki, onlar heç zaman tıxacda qalmır. Onlar üçün ayrıca salınan yollar olur və tramvaylar da bu yollarla hərəkət edir. Belədə əhali istər-istəməz tıxacda qalmadan müəyyən olunmuş ünvana vaxtında və təhlükəsiz şəkildə çatır. Yəni ekoloji cəhətdən sərfəli olması, təhlükəsizlik və vaxtında mənzil başına çatmaq nöqteyi-nəzərdən tramvaylar çox münasib nəqliyyat növüdür. Bakı şəhəri üçün də bu üç şərtin işləməsi çox önəmlidir. Şəhər və nəqliyyat infrastrukturu kifayət qədər yüklənib və proses belədə paytaxtın ekoloji mühitinə mənfi təsir göstərir, havaya atılan tullantıların həcmi də müəyyən olunmuş normadan artıq olur. Bu gün Gəncədə tramvay layihəsinin işə salınması təqdirəlayiq haldlr. Düşünürəm ki, Bakıda da müəyyən ərazilərdə həmin infrastrukturu salmaq olduqca vacib məsələdir. Buna imkan da var. Məsələn, yeni salınmış yollarda onu nəzərdə tutmaq, müəyyən qəsəbələri bir-birilə əlaqələndirmək baxımından, nəzərdən keçiriləsi məsələdir. Amma bu layihənin bütün aspektləri də nəzərdən qaçmamalıdır. Onun yol infrastrukturuna uyğunlaşdırılması vacibdir, verəcəyi dividendlər də hesablanmalıdır. İlkin qənaətimə görə, tramvayların Bakının müəyyən ərazilərində bərpasına böyük ehtiyac var. İnsanlar yollarda hər hansı bir təmir işləri aparılan zaman yolun bağlanmasından çox gileylidir. Amma hansısa bir ciddi nailiyyətə imza atmaq istəyiriksə, müəyyən məsələlər nəzərə alınmaqla, proses kompleks şəkildə həll edilməlidir. Tramvay və elektrik qatarlarının bərpası tıxacların da qismən aradan qaldırılmasına xidmət edən bir məsələdir. Hazırda tıxacda qalan insanların müəyyən hissəsi ictimai nəqliyyatdan istifadə edənlərdən ibarətdir. Tramvayların bərpası ilə isə yolla gedən digər nəqliyyat vasitələri tıxacda qalsa da, onlar öz yolu ilə sərbəst getməkdə davam edəcək. Belədə də nəticə etibatı ilə tramvayla gedən sərnişinlər lazımi yerlərə vaxtında çata biləcəklər".