Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Con Kerri Ermənistana səfər etməyə hazırlaşır. Məlumata görə, hələlik səfərin baş tutacağı konkret tarix müəyyənləşməyib. Səfərin baş tutub-tutmayacağından asılı olmayaraq, dövlət katibinin gəlişi ilkin baxışda son zamanlar Rusiyanın regionda aktivləşməsi ilə izah oluna bilər. Həmçinin, səfər çərçivəsində Dağlıq Qarabağ məsələsinin də müzakirə mövzusu olacağı şübhəsizdir. Çünki, Qarabağ konfliktində status-kvonun dəyişməsi ABŞ üçün artıq prioritet məsələdir və bunu Vaşinqton rəsmiləri açıq etiraf edir. İstər amerikalı həmsədrin, istərsə də digər rəsmilərin çıxışlarında ABŞ-ın Qarabağ məsələsi ilə daha çox maraqlandığı sezilməkdədir. Bu mənada istisna deyil ki, Kerri İrəvan səfərində startus-kvonun dəyişməsi üçün Ermənistana təzyiqlər göstərsin.
Politoloq Razi Nurullayev bildirdi ki, ABŞ-Ermənistan münasibətləri həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın blokadadan çıxarılması və Ermənistanın bundan sonra taleyinin həll olunması istiqamətində qurulub: "Burada əsas nüans Ermənistanın ya Rusiyanı seçməsi, ya da Qərbə inteqrasiya məsələsidir. Hazırda Ermənistan cəmiyyətində bu haqda tam dolğun mövqe yoxdur. Amma prezident Serj Sarkisyan partiyasının birbaşa mövqeyi hələ ki Rusiya ilə yaxınlaşmaqdır. Bu, təbii ki, ABŞ-ı narahat etməyə bilməz. Bunun üçün də Ermənistanın Rusiyadan uzaqlaşması yollarının mümkünlüyü müzakirə olunacaq. C. Kerri Ermənistanın Rusiya ilə birlikdə olarsa, gələcəyi ilə bağlı şübhələrin olduğunu ortaya qoyacaq. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın yedəyindən çıxmasını tövsiyə edəcək. Çünki, Ukrayna hadisələrindən sonra ABŞ Dağlıq Qarabağın həllinə daha çox önəm verməyə başlayıb. Ancaq Rusiya da təşəbbüsü əlindən vermək istəmir. Ermənistana təsir edərək ABŞ-ın bütün təsir yollarının qarşısını alır. Yəqin, bu məsələ ciddi şəkildə müzakirə olunacaq. İkincisi isə, bu müzakirələrin fonunda ABŞ-ın hansı iqtisadi yardımlar göstərə biləcəyi də gündəmdə olacaq. Həmçinin, tərəflər arasında Ermənistanın blokadadan çıxarılması üçün hansı addımların atılması məsələləri də müzakirə oluna bilər.. Yəni, bu səfərlə ABŞ Ermənistanı Rusiyanın cəngindən bir az da olsa, kənara çəkmək istəyir".
Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudov isə dövlət katibinin səfərinə daha fərqli yanaşdı: "C. Kerrinin səfəri dəqiq deyil. Ancaq səfər olacaqsa, yəqin ki, təkcə Ermənistana yox, bütün region ölkələrinə olacaq. Bu da təbii ki, regional məsələlərlə əlaqədardır. Amma C. Kerrinin şəxsiyyətini də diqqətə almaq lazımdır. C. Kerri uzun müddət xarici əlaqələr komitəsinə rəhbərlik edib. Ermənipərəst mövqeyi ilə seçilən konqresmen olub. "907-ci düzəliş"in qəbulunda onun birbaşa rolu olub. Ona görə də departament katibi seçiləndə biz narahat olmağa balamışdıq. Amma təbii ki, ABŞ-ın özünün qayda-qanunları var. Bütün rəsmilər ölkəsinin mövqeyindən çıxış etməlidirlər. Xüsusi ilə ermənilərlə əlaqədar məsələ isə onun şəxsi təşəbbüsü ola bilər. Onun səfəri status-kvo məsələsindən daha çox Türkiyə-Ermənistan münasibətləri ilə əlaqədar olacaq. Çünki, o müxtəlif dövrlərdə vurğulayıb ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması, müvafiq protokolların yenilənməsi regionda status-kvonun dəyişməsi baxımından çox əhəmiyyətlidir".
Politoloq əlvə etdi ki, C. Kerrinin səfəri ilin sonuna qədər baş tuta bilər: "Böyük ehtimalla, səfər regiona ümumi baxış olacaq. Çünki, biz həm Ukraynaya, həm də Yaxın Şərqə yaxınıq. Ona görə də region ABŞ üçün maraqlıdır. Ehtimal ki, C. Kerri gəldiyi zaman Azərbaycan, Ermənistan, hətta Türkiyəyə səfər edəcək". Ceyhun Mahmudov bildirdi ki, tarixən ABŞ-Ermənistan münasibətləri yalnız diplomatik səviyyədə olub: "İqtisadi, siyasi səviyyədə sıx münasibətləri mövcud deyil. Diplomatik münasibətlərin bu qədər sıx olmasına səbəb erməni lobbisinin güclü fəaliyyətidir. Həmçinin, Ermənistanın Rusiya ilə olan sıx münasibətlərdən irəli gələn amildir. Ona görə də səfər münaqişənin həlli ilə əlaqədar olmayacaq. Səfər Ermənistan-Türkiyə münasibətlərinə yenidən baxılmasına yönələ bilər".