Prezident İlham Əliyev Beyləqandadır
28 Avqust 2014 19:16 (UTC+04:00)
Avqustun 28-də Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev Beyləqanda Birinci
Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil
yolunun istifadəyə verilməsi mərasimində iştirak
edib.
Bu yol Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamı ilə tikilib.
Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə
ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. İyirmi beş min nəfərin
yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39
kilometrdən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik
hissəsinin inşası başa çatdırılıb.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil
yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti işləri
qısa müddətə, həm də keyfiyyət meyarları nəzərə alınmaqla həyata
keçirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun
kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.
Dördüncü texniki dərəcəli bu yolun istifadəyə
verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o
cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır,
rahatlığını təmin edir.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini
birləşdirən avtomobil yolunun tikintisi bir daha sübut edir ki,
Beyləqanda sosial məsələlərin həlli, yol infrastrukturunun
yenilənməsi sürətlə davam edir. Belə tədbirlərin həyata
keçirilməsi, ilk növbədə, sakinlərin rahatlığını və onların sosial
məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş
etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial
siyasətin respublikanın hər bir kəndini əhatə etdiyini
göstərir.