Millət vəkili əsgərlərin yemək bişirməsindən danışdı
1 Sentyabr 2014 10:40 (UTC+04:00)
Milli Məclisin deputatı Fazil Mustafa orduda yemək
bişirilməsinin və təsərrüfat işlərinin mülki şəxslərlə müqavilə
əsasında həyata keçirilməsi barədə Ali Baş Komandanın göstərişinə
münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Fazil Mustafa sosial
şəbəkədəki səfifəsində bunun doğru bir qərar olduğunu qeyd
edib:
"Mən Sovet ordusunda Ukraynada Daxili Qoşunlarda
xidmət etmişəm. Bizdə bu işləri müqavilə əsasında mülki şəxslər
yerinə yetirirdi və əsgərlər bütün günü hərbi təlimlərlə məşğul
olurdu. Həqiqətən də təsərrüfat işləri zabitləri və əsgəri əsas
vəzifəsinin icrasından uzaqlaşdırır. Ümumiyyətlə əsgərlərin və
zabitlərin ayrı-ayrı komandirlərin şəxsi təsərrüfatında çalışması,
yuxarı komandirlər üçün çoxsaylı xidmətçi-əsgər personalının
mövcudluğu probleminə də diqqət yetirmək lazımdır. Əsgərin əsas
vəzifəsi mümkün qədər qısa müddətdə ona təhkim olunan silahı
mükəmməl səviyyədə istifadə etməyi bacarmaqdır. Bir də ən vacib
məsələ valideynlərin hər həftə ciddi bir səbəb olmadan hərbi
hissədə övladlarına baş çəkmə ənənəsinin dəyişilməsidir. Uşaq mobil
telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır. Kamçatkada,
Vladivastokda deyil, uzaqbaşı Bakıdan 5 saatlıq yoldur, Əksər
valideyinlər həqiqətən də uşaqların normal əsgərlik keçməsinə imkan
vermirlər. Bundan istifadə edən bəzi məsuliyyətsiz zabitlər və
gizirlər də uşaqlara təzyiq göstərərək telefonlarına kontur
yüklədirlər və ya başqa mənfəətlər güdürlər. Ən rahat xidmət edən
əsgər, əsasən arxasınca valideyinin hər ay gəlmədiyi əsgərlər
olur".