Mətbuat Şurasında «Açıq cəmiyyət və mətbuat» kitabının təqdimatı keçirildi

12 İyul 2012 18:57 (UTC+04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, "Təfəkkür" Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifovun "Açıq cəmiyyət və mətbuat" kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, kitabda başlıca olaraq açıq cəmiyyət anlayışının mahiyyəti, onun yaranma tarixi, bir formasiya olmaq etibarı ilə formalaşması və mətbuatın müasir mərhələdə bu prosesə fəal təsirindən bəhs edilir. Hazır dövrdə məhz jurnalistika sahəsindəki nümunələrin azlığından danışan Ə.Amaşov nəşri dəyərli elmi vəsait kimi də xarakterizə edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli çıxışında əsasən müəllifin fərdi keyfiyyətləri üzərində dayanaraq bunun yaradıcılıqla çulğalaşmasının gözəl sənət nümunəsinin formalaşmasına səbəb olduğunu vurğulayıb.

Cəmiyyətin özünü ifadə etmək imkanlarının çoxalacağı təqdirdə belə kitabların daha çox ərsəyə gələcəyini vurğulayan BDU-nun dekanı, professor Şamil Vəliyev nəşri təkcə mətbuat deyil, ümumilikdə ictimai-siyasi fikir, mədəniyyət tarixi barədə ortaya qoyulmuş peşəkarlıq nümunəsi kimi dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mətbuat günü ərəfəsində belə bir nəşrin işıq üzü görməsini jurnalistikamız üçün böyük bayram hədiyyəsi adlandırıb. O, müəllifin "Açıq cəmiyyət və mətbuat" kitabı ilə bütövlükdə Azərbaycan jurnalistikasının inkişafı ilə bağlı fundamental baxış ortaya qoyduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, təqdimatı keçirilən nəşrin ən mühüm xüsusiyyətlərindən biri orada Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesində mətbuatın həlledici rolunun qabardılması, bu missiyanın dolğun misallarla sübuta yetirilməsidir.

Çıxış edənlərdən "Assa irada" İnformasiya Agentliyinin "Azərnyus" qəzetinin rəhbəri Fazil Abbasov, veteran jurnalistlər Məzahir Süleymanzadə, Altay Zahidov, həmçinin "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Addım" qəzetinin baş redaktoru Anar Vəziroğlu və başqaları təqdimatı keçirilən nəşrdə Azərbaycan cəmiyyətinin totalitar rejimdən milli dövlətçilik quruculuğuna keçid dövründə medianın demokratiya və söz azadlığı, plüralizm və şəffaflıq, azadfikirlilik və insan haqlarının müdafiəsi sahəsində nəhəng fəaliyyət prinsiplərinin, təbliğatçılıq və təşviqatçılıq funksiyasının konkret fakt və misallar əsasında xronoloji araşdırılmasını müəllifin zəhmətsevərliyinin, peşəsinə hədsiz bağlılığının məhsulu kimi dəyərləndiriblər.

Sonda çıxış edən "Açıq cəmiyyət və mətbuat" kitabının müəllifi Tofiq Yusifov toplantı iştirakçılarına, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, "Apostrof" Çap Evi tərəfindən kütləvi tirajla buraxılmış 220 səhifəlik "Açıq cəmiyyət və mətbuat" kitabı KİV-in praktik jurnalistləri, eləcə də publisistikanın nəzəriyyəsi və təcrübəsi problemlərini araşdıran pedaqoqlar üçün nəzərdə tutulub.

Ki­tab­da mət­bua­tın öl­kədə ge­dən qu­ru­cu­luq proseslə­rinə tə­siri, cə­miy­yə­tin bu qu­ru­cu­luq səy­lə­rini dərindən qav­ra­ması və dəs­tək­lə­məsi, cə­miy­yət­lə döv­lət ara­sın­da müna­si­bət­lə­rin si­vil qay­dada tənzimlənməsin­də onun yeri və rolu elmi və prak­tik şə­kil­də əsaslan­dı­rıl­ıb. Müəy­yən edil­ib ki, açıq cəmiyyə­tin yaranması və ide­ya­la­rı­nın bütün dünyada rezonans doğurması, de­mok­ra­tik cə­miy­yət­lə­rin inkişa­fı­nın ay­rıl­maz his­sə­sinə çev­ril­məsi ötən əsr­də reallaş­sa da, bu proses KİV-in ictimai hə­yata fəal müdaxi­ləsi və onun rolunun, nüfu­zu­nun get­dik­cə artması nə­ticə­sin­də son 20 ildə daha po­pul­yar, qaçılmaz və ak­tual ol­ub. Araş­dır­ma dünya ölkələri mət­bua­tı­nın açıq cəmiyyətin for­ma­laş­ması istiqamətin­də fəa­liy­yət prinsip­lə­ri­nin əsas məqamları­nın öyrə­nil­mə­sin­dən və Azər­baycan mətbua­tı­nın 1991-2004-cü il­lər­də sözüge­dən sa­hədə uğur və çə­tin­lik­lə­rin­dən bəhs edir. Nəşrdə həmçinin öl­kə­mi­zin Avropaya, Qər­bə in­teq­ra­siya ilə bağ­lı strateji siyasəti kon­teks­tin­dən de­mok­ra­tik, si­vil dəyər­lə­rin mət­buat­da təb­liği və KİV va­si­təsi ilə toplumun açıq cə­miy­yə­tin əsas prin­sip­lə­rin­dən olan de­bat­lar sisteminə, aş­kar­lıq, şəf­faf­lıq, xalq­la hakimiyyə­tin dialoqu, fərd­lə­rin və ayrı-ayrı ictimai qrup­la­rın dövlətin idarə olunması pro­se­sin­də iş­ti­rakı və s. məsə­lə­lərə ha­zır­lan­ma­sına ay­dın­lıq gə­ti­rilib.