Səlim Müslümov vətəndaşların müraciəti ilə bağlı TAPŞIRIQ verdi

1 Sentyabr 2014 14:45 (UTC+04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan hər bir əməkdaş layiqli iş şəraitində işləməlidir və biz bu istiqamətdə müvafiq işləri aparırıq".  Movqe.az-ın əlumatına görə, bunu əmək və sosial müdafiə naziri Səlim Müslümov Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və  Gəncə şəhər 25 saylı Tibbi-sosial ekspert komissiyasının (TSEK) əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulmuş iş şəraitləri ilə tanış olarkən bildirib. O qeyd edib ki, bir qədər öncə Bakının Binəqədi rayonu üzrə 6 saylı TSEK-in əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışı olub: "Ümumiyyətlə, bu proses gedir və hansı qurumlarımızda ki, iş şəraiti baxımından çətinliklər var, orada müasir tələblərə uyğun şərait yaradılacaq".

Nazir Gəncə şəhər ƏSMM-nin və 25 saylı TSEK-in kollektivlərinə onlar üçün yaradılan belə normal iş şəraiti müqabilində vətəndaşlara yüksək səviyyədə və şəffaf şəkildə xidmət göstərilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, daha sonra S.Müslümov Gəncə şəhər Məşğulluq Mərkəzində yaradılan iş şəraiti ilə tanış olaraq, mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gəncə Regional Peşə Tədrisi Mərkəzində aparılan təmir işlərinin gedişi ilə də tanış olan nazir həmçinin Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində olub. Mərkəzdə dövlət himayəsində yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənən S.Müslümov 1970-ci illərdə istifadəyə verilən bu müəssisədə əsaslı təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib və bununla əlaqədar nazirliyin aidiyyatı struktur bölmələrinə göstərişlərini verib.