Şeyxdən Qərbə təklif
1 Sentyabr 2014 20:18 (UTC+04:00)
"Avropa Şurasında Qafqaz Müsəlmanları İdarəsinin
də nümayəndəsinin olmasını təklif edirəm".
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda
Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Qabriella
Battani-Draqonini qəbul edərkən deyib.
Onun sözlərinə görə, QMİ-nin uzun illərlə ölçülən
böyük təcrübəsi var və İdarə bir çox məsələlərin həllində yaxından
öz köməyini göstərə bilər.
A.Paşazadə bildirib ki, dünyanın müxtəlif
yerlərində bəzən dinlərdən insanların öldürülməsi üçün sui-istifadə
olunması məyusluq doğurur: "Dünyanın müxtəlif yerlərində
müsəlmanlar, xristianlar bir-birilərini öldürürlər. Bu, biz
dindarları narahat edir. Xüsusən Suriya, Fələstin və Ukraynada baş
verən hadisələr bizi çox narahat edir. Qarabağ probleminin həllini
tapmaması bizi çox narahat edir. Ermənistan tərəfindən işğal
edilmiş Azərbaycan torpaqlarında, Qarabağda bizim məscidlərimiz,
sinaqoqlarımız, müqəddəs yerlərimiz var. Bu gün o torpaqlarımızdakı
dini-mədəni abidələr dağıdılır. Biz din xadimləri Qarabağın azad
olunmasını, münaqişənin Azərbaycan sərhədləri çərçivəsində sülh
yolu həll olunmasını istəyirik".
Şeyxülislam qeyd edib ki, bəzi qüvvələr
Azərbaycanı haqsız olaraq tənqid edir, burada vicdan azadlığının
olmadığını qeyd edirlər: "Azərbaycanda demokratiya inkişaf edir.
Azərbaycanın inkişaf yolu bəllidir. Bu yolda dindarlar da dövlətə
kömək etməyə hazırdır".
QMİ-nin sədri qeyd edib ki, Azərbaycan dünyada öz
tolerantlığı ilə tanınır. Azərbaycandakı müsəlman, xristian, yəhudi
icmaları həmişə birlikdədir, bir-biri ilə məsləhətləşirlər: "Elə
olur ki, bir-birimizə kömək etmək üçün yığışırıq. Bizim seçkilərdə
onlar, onların icmalarındakı seçkilərdə biz iştirak edirik. Əgər
mən buradan yəhudi sinaqoquna getsəm, görərsiniz ki, məni necə
sevirlər. Eləcə də yəhudi və ya xristian icmasının nümayəndəsini
götürüb məscidə getsək, bunu normal qarşılayacaqlar. Biz hətta
birlikdə moizə də edə bilərik. Azərbaycan vətəndaşları din və
dilindən asılı olmayaraq, öz Vətəninə sadiq insanlardır. Burada
sünnilər və şiələr məsciddə birlikdə namaz qılırlar. Biz, əlbəttə,
dövlətin dinə olan münasibətindən bəhrələnirik. Ümummilli Lider
Heydər Əliyev bu tolreantlığın ənənəsini qoydu, bu gün isə
Prezident İlham Əliyev onun yolunu davam etdirir".
Şeyxülislam Bakıda "Mədəniyyətlərarası dialoq:
mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən
2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa
Şurasının mübadilə görüşündən də müsbət nəticələr gözlədiyini
bildirib.
AŞ baş katibinin müavini Q.Battani-Draqoni
Azərbaycanda dini sahədəki vəziyyətlə yaxından
maraqlanıb.
Görüşdə iştirak edən Azərbaycandakı xristian və
yəhudi dini icmalarının rəhbərləri ölkəmizdə insanların 90
faizindən çoxunun müsəlman olmasına baxmayaraq, digər dinlərə də
hörmətlə yanaşıldığını, bir-birilərinin dini bayramlarını birlikdə
qeyd etdiklərini, dini icmaların fəaliyyəti üçün geniş şərait
yaradıldığını, dinlərin və millətlərin dinc və yanaşı yaşadıqlarını
vurğulayıblar.