Nazirdən sərt açıqlama
1 Sentyabr 2014 23:35 (UTC+04:00)
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
ərazilərində tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı
müraciət etdiyimiz beynəlxalq təşkilatların heç birində bununla
bağlı faktaraşdırıcı komissiya yaradılmayıb. Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə beynəlxalq
təşkilatlar tərəfindən faktaraşdırıcı missiyanın göndərilməsi
məsələsi sadəcə uzanır, daha doğrusu, süni şəkildə
uzadılır".
Bunu Trend-ə açıqlamasında mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, Ermənistanın işğal etdiyi
Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və
dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə
yönəlmiş vəhşilikləri barədə beynəlxalq təşkilatlar qarşısında bir
neçə dəfə məsələ qaldırılıb: "Hər dəfə də beynəlxalq təşkilatlar bu
məsələyə çox diqqətlə yanaşır və Azərbaycanın mövqeyinə hörmət
göstərirlər. Lakin bu gün həmin təşkilatlar tərəfindən "tarazlıq"
yanaşması tətbiq olunur. Lakin bizim verdiyimiz təkliflərlə bədnam
qonşularımız tərəfindən irəli sürülən təkliflər üst-üstə düşmür.
Ona görə də həm YUNESKO, həm Avropa Şurası, həm də digər
təşkilatların bölgəyə faktaraşdırıcı missiyalarını göndərməsi,
burada tarixi-mədəni abidələrin dağıdılmasının hansısa yolla
müəyyənləşdirilməsi, onların dağıdılmasının qarşısının alınması və
digər bu kimi təşəbbüslər həmişə qarşı tərəfin müqaviməti ilə
rastlaşır".
Ə.Qarayev bildirib ki, Azərbaycan bəyan edir ki,
bu kimi araşdırmalar üçün tam açıqdır: "Biz deyirik ki,
Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən
mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı
mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin
dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də
ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli
araşdırılma aparılmasının tərəfdarıyıq".