“Region gəncləri ilə işıqlı gələcəyə” layihəsi davam edir

2 Sentyabr 2014 12:06 (UTC+04:00)

01.09.2014 tarixində Ağdaş şəhəri Heydər Əliyev mərkəzində, "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin, Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin "A" kateqoriyası üzrə qalibi olmuş "Region gəncləri ilə işıqlı gələcəyə" adlı layihənin növbəti mərhələsi həyata keçirilib. Movqe.az xəbər verir ki, ilk öncə Ağdaş rayonu Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb. Layihədə 16-29 yaş arası 30-dan çox gənc iştirak edib. Layihənin həyata keçirilməsində əsas məqsəd bölgələrdə olan gənclərin liderlik və qrup işi bacarıqlarının artırılması, onlar arasında könüllülüyün təbliği və könüllü qrupların yaradılmasıdır. Bundan başqa layihə yazmağı və qrant müsabiqəsinə müraciət etməyin yolları barəsində onlara məlumat verilib. Layihə çərçivəsində mövzular əsasında gənclərlə qarşılıqlı müzakirələr həyata keçirilib, onların fikir və rəyləri öyrənilib. Həmçinin qrup işinin praktiki olaraq həyata keçirilməsi və layihə yazmaq bacarıqlarını əyani göstərmək üçün gənclər dörd komandaya bölünüb və hər biri ayrılıqda müxtəlif ideyaları layihə formasında hazırlayıblar. Daha sonra hər bir komanda öz layihəsinin təqdimatını keçirib. Buda öz növbəsində digər komandalar və təlimçilər tərəfindən qiymətləndirilib. Bundan əlavə təbliğatı daha da gücləndirmək məqsədilə çoxlu sayda maarifləndirici bukletlər paylanıb. Sonda Ağdaş şəhərində olan gənclər daha aktiv olmağa, öz liderlik bacarıqlarını artırmağa, könüllülüyü inkişaf etdirməyə və ən əsası region gənclərinin Bakıda keçiriləcək 2015 Avropa oyunlarına daxil olmuş Beynəlxalq Avarçəkmə Federasiyasına və Beynəlxalq Kanoe Federasiyasına üzv olunan AMAF müxtəlif beynəlxalq yarışlarda əməkdaşlıq yaratmağa və Könüllü qrupların yaradılmasına çağrılıb. Tədbir xatirə şəkli ilə yekunlaşıb.

"Region gəncləri ilə işıqlı gələcəyə" layihəsinin növbəti mərhələləri Ağcabədi və Goranboy rayonlarında həyata keçiriləcək.