Azərbaycanda təhlükəli virusla baglı vəziyyət açıqlandı

2 Sentyabr 2014 14:36 (UTC+04:00)

"Havaların sərinləşməsi ilə bağlı iri buynuzlu heyvanlar arasında yayılan yoluxucu "Nodulyar dermatit" virusuna yoluxan heyvanların sayında azalma müşahidə olunur". Bunu Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

O, bildirib ki 1 həftə əvvəl gün ərzində 120-200-ə yaxın heyvan "Nodulyar dermatit"virusuna yoluxurdu. Lakin dünən aldığımız məlumata görə, gün ərzində 68 baş iribuynuzlu heyvanda xəstəliyə yoluxma halı qeydə alınıb.

"Xəstəlik baş qaldırandan indiyə qədər isə 1741 heyvanda "Nodulyar dermatit" virusu müşahidə edilib. Onlardan 1496 baş müalicə olunub, 227 iribuynuzlu heyvan isə müalicə altındadır".

Y.Xanvəli xəstəliyə yoluxma hallarının azalmasının aparılan profilaktik tədbirlər, dizenfeksiya işləri, müalicə tədbirlərinin və son günlər havaların sərinləməsi ilə bağlı olduğunu qeyd edib. "Havaların sərin keçməsi qansoran həşaratların fəaliyyətində zəiflik yaratdığından son 3-4 günün nəticəsinə uyğun olaraq, xəstəliyin azalması müşahidə olunur".

Y. Xanvəli xəstəliyin yayıldığı 10 rayon içində üstünlk təşkil edən Ağdaş, Zərdab və Bərdədə vəziyyətin stabilləşdiyini deyib. "Hazırda Zərdabda 20 baş iribuynuzlu, Bərdədə isə 8 baş heyvan müalicə alır".

Xatırladaq  ki, son bir həftə ərzində  Zərdabda "Nodulyar dermatit" virusu 193 heyvana yoluxmuşdu. Onların 144-ü müalicə olunmuş, 45-i isə müalicə altında idi. Bərdədə isə "Nodulyar dermatit" virusuna yoluxan 190 heyvandan  90 başı müalicə olunmuş, 100 başı isə müalicə altında idi.

DBX rəsmisi "Nodulyar dermatit" virusu baş qaldırandan indiyə qədər yayılmış virusla yanaşı gedən digər  xəstəliklərin təsirindən 18 baş heyvan tələf olduğunu deyib. "Respublikanın 10 rayonunda müşahidə edilən "Nodulyar dermatit" virusu ilə bağlı Goranboy, Samux, Yevla, Şəmkir, Cəlilabad rayonlarından son 15 gündən uzun müddətdir ki, xəstəlik haqqında məlumat almırıq. Həmin rayonlarda xəstəliyin qarşısı alınıb".

Y.Xanvəli deyir ki,  yeni virus daha çox Ağdaş, Zərdab və Bərdə  rayonlarında geniş yayılıb. Elə bu səbəbdən də həmin rayonlarda heyvan bazarları müvəqqəti bağlanıb.