Yas mərasimlərində israfçılıq davam edir

3 Sentyabr 2014 08:27 (UTC+04:00)

Azərbaycanda yas mərasimləri zamanı hələ də ciddi israfçılığa yol verilir. Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da yas mərasimlərinin həddini aşmamalı olduğunu diqqətə çatdırıb: "Yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir".

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var. Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir". Qeyd edək ki, bu məsələ uzun müddətdir ki, dəfələrlə gündəmə gətirilir. Görəsən, yas mərasimlərində israfçılıq problemi öz həllini necə tapmalıdır? 

Ekspert Seyid Camal Əzimbəyli düşünür ki, problemin həllində başlıca vasitə maarifləndirmə və ictimai qınağın tətbiqindən keçir: "10 ilə yaxındır ki, yas mərasimlərində israfçılıq mövzusu ilə bağlı dəfələrlə sərbəst yazılar yazmış, ekspert mövqeləri ilə çıxış etmişəm. Bütövlükdə Qarabağ seyid ocaqları adından daim olaraq bildirmişik ki, israfçılıq nəinki haram əməldir, dinin gətirdiyi qaydalara ziddir, həm də Azərbaycan milli-mənəviyyatına, cəmiyyətimizin tam olaraq formalaşmasına böyük bir ayıb işdir. Açıq şəkildə bildirirəm ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlar üzrə Dövlət Komitəsinin tutduğu mövqe təqdir olunasıdır. Bu gün Naxçıvanda israfçılıqla bağlı dövlətin inzibati yolla həyata keçirdiyi tədbirləri də bu mənada alqışlayıram. Çünki, Naxçıvanda xeyir-şər məclislərində israfçılıq baş verdikdə məclis aparan din adamlarının ora getməsi yasaq olunub. Birmənalı olaraq kimsə düşünər ki, bu insan haqlarına təcavüzdür. Amma əksinə, bir tərəfdən dövlətin bu məsələnin üzərinə getməsi həm də həmin insanların günaha batmamasına bir vəsilədir. O baxımdan düşünürəm ki, yas mərasimlərində hökm sürən israfçılığa qarşı mübarizədə birinci növbədə maarifləndirmə işini önə vermək lazımdır. Bu işi vaxtında sistemli şəkildə qura bilməmişiksə, heç olmasa indidən belə maarifləndirmə işlərini kütləviləşdirməliyik. Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da bu mövzu ətrafında söylədiklərini təqdir edirəm. Bunun üçün hər bir şəxs bu mücadilənin önündə olmalıdır. Artıq xeyir-şər məclislərində biabırçı süfrələrlə üzləşirik. Bəzi yas mərasimləri var ki, orada təkcə spirtli içki çatmır. İsrafçiliq dinimizə, islamın gətirdiyi qaydalara nə qədər yasaqdırsa, digər tərəfdən Azərbaycan mənəviyyatı, milli genefonundan gələn milli heysiyatımıza da yad bir məqamdır. Ona görə də süfrələrimizi fironların süfrəsinə çevirməkdən əl çəkməliyik. İctimai qınaq olarsa və maarifləndirmə sistemli şəkildə həyata keçərsə, problemin tezliklə həllinə nail olarıq ".

Axund Rauf Sərdarov da məsələnin həlli üçün təbliğat və maarifləndirmə işinin aparılmasını önə çəkdi: "Yas mərasimlərində baş verən israfçılıq hallarının qarşısını almaq üşün birinci növbədə insan dini qayda-qanunları yaxşı bilməli və ona əməl etməlidir. Həmçinin, milli mentalitetini də bilməlidir. İnsanların özləri arasında bu istiqamətdə təbliğat, maarifləndirmə işləri getməlidir. Bu istiqamətdə insanlar arasında işləmək lazımdır. Hüzr yerinə gələn özünü yeyib-içmək məclisində deyil, yasda hiss etməlidir. Onun da əsasında məsələ öz həllini tapmalıdır. Bəzi regionlarda problem bildiyiniz kimi öz həllini tapıb. Yəqin ki, yaxın zamanlarda digər bölgələrdə də məsələ çözüləcək. Bütün hallarda problemin həllinin zamana ehtiyacı var".