Beynəlxalq hüquqda böyük böhran

3 Sentyabr 2014 08:30 (UTC+04:00)

İudeya və Samarinin vətəndaş administrasiyası (İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdə fəaliyyət göstərən rəhbər orqan) İsrailin İordan çayının qərb sahillərində təxminən 400 hektar ərazini mənimsədiyini elan edib. İsrailin bu addımının səbəbləri açıqlanmır. Təəccüblüsü odur ki, İsrailin ən yaxın müttəfiqi ABŞ bu dəfə rəsmi Təl-Əvivi qınayıb. Amerika Dövlət Departamentinin diplomatı İsrail hökumətini öz qərarını dəyişməyə çağırıb: "İsrailin bu hərəkəti fələstinlilərlə münasibətlərin nizamlanmasına mane olur".

Xatırladaq ki, bu, 1980-ci ildən bəri İordan çayının qərb sahillərində İsrailin ən böyük işğalı hesab olunur. Ümumiyyətlə isə, uzun zamandır ki, dünyada bu cür formadaərazinin işğal faktı qeydə alınmırdı. Lakin Rusiyanın Ukraynada həyata keçirdiyi qəsbkarlıq əməllərindən sonra vəziyyət dəyişib. Xüsusən də Krımın ilhaqı təhlükəli presedentin əsasını qoyub. Bu da zamanımızda beynəlxalq hüququn işlək olmadığına bir daha real sübutdur.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, beynəlxalq hüquq 20-ci əsrin əvvəlindən etibarən müharibələri məhdudlaşdırmağa başladı: "İkinci Dünya Müharibəsindən sonra böyük dövlətlər fikirləşdilər ki, elə beynəlxalq hüquq formalaşmalıdır ki, istənilən dövlət istədiyi vaxt müharibə, başqalarının ərazisini işğal edə bilməsin. Ondan sonra Millətlər Cəmiyyətini qurdular. Bu qurum özünü o qədər doğrultmadı. Ondan sonra isə daha güclü sistem olan BMT quruldu. Bu da özünü tam doğrultmayıb. Beynəlxalq hüquq var, amma biz də daim ondan şikayət etmişik. Sanki beynəlxalq hüquq daha çox orta və zəif dövlətlər üçündür. Bundan başqa, beynəlxalq hüquq ABŞ və SSRİ bir-birini balanslaşdıran zaman icra olunmuş olur. SSRİ-nin dağılma mərhələsində də bu boşluq ortaya çıxmışdı. Amma nə SSRİ, nə də ABŞ özü beynəlxlq hüquqa tam əməl etmirdilər. Keçmiş Yuqoslaviya, SSRİ ərazində, Yaxın Şərqdə dəfələrlə beynəlxalq hüququn pozulmasını gördük. Elə İsrailin quruluşundan bu günə qədər dəfələrlə ərazisinin genişlənməsi beynəlxlq hüququn pozulması hesabına baş verib. Biz də daim Dağlıq Qarabağla bağlı sanksiyaların tətbiq olunmamasından şikayət edirik. BMT Təhlükəsizlik Şurasının qərarlarının çoxu tətbiq olunub. Amma tətbiq olunmayan qərarlardan biri də məhz İsrail-Fələstin münaqişəsi ilə bağlıdır. İsrailə qarşı da dəfələrlə BMT Təhlükəsizlik Şurasında qərarlar qəbul olunub, amma hələ ki, icrası yoxdur".

Politoloq qeyd etdi ki, 11 sentyabr hadisələrindən sonra dünyada daha fərqli proses getdi: "İlk dəfə ABŞ həm NATO-dan istifadə edərək, həm də özü birbaşa beynəlxalq hüququ maksimum kənarda qoyub addımlar atdı. İlk dəfə bir dövlət açıqca digərlərini şantaj etdi. ABŞ xüsusən İraqa müdaxilə etmək istəyəndə şantajını açıq şəkildə bildirmişdi. Yəni, ABŞ istəyəndə heç BMT sistemini saymır. Digər tərəfdən isə Rusiya 8 avqust 2008-ci ildə Gürcüstana müdaxilə etdi. İndi isə Krımdakı hərəkətləri onu göstərir ki, sanki dünyada müxtəlif regionlarda həm dövlətlərarası mnasibətlərdə, həm də beynəlxalq hüquqla bağlı ən anarxist vəziyyət yaranıb. Bununla da İsrail, Rusiya ərazilərini, ABŞ isə təsir imkanlarını genişləndirir. Yəni, beynəlxalq hüquq yaranan gündən onun özündə problem olub. Bugünki mənzərə isə artıq beynəlxalq hüququn tam iflası deməkdir. Biz özümüz də Qarabağın timsalında bunu yaşayırıq. Bu həm də bizə bir mesajdır. Düzdür, sülh yolu vacibdir. Amma belə getsə, biz müharibəyə hər gün hazır olmalıyıq. Bizə sülh yolu göstərən dövlətlərin hərəkətlərini görürük".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov dünyada belə faktların baş verməsini xüsusi ilə nüfuzlu beynəlxalq təşkilatların zəifliyində görür: "Azərbaycanın da torpaqları uzun müddətdir ki, işğalçı Ermənistan tərəfindən zəbt olunub. Bununla bağlı BMT ilə yanaşı, başqa beynəlxalq qurumların da qətnamələri var. Amma Ermənistan heç birinə məhəl qoymur. Qətnamələr qəbul olunur, amma kağız üzərində qalır. İlhaqların davam etməsi bunun nəticəsdir. Həmin təşkilatları yaradanlar da super dövlətlərdir. Onlar təşkilatları yaradarkən, qətnamələri qəbul edəndə düşünməlidirlər ki, bir dövlətin işğalçı siyasəti olarsa, bu hal təkrarlana bilər. Qonşular həmişə mehribanlıq şəraitində yaşamalıdır. Bunun üçün isə qəbul edilmiş mövcud sərhədlər beynəlxalq qaydalar var. Onlara əməl olunmalıdır. Beynəlxalq təşkilatlar cəzalandırmaq haqqında da düşünməlidir".