Özəl sektorda korrupsiya

3 Sentyabr 2014 08:44 (UTC+04:00)

Rusiya Əmək Nazirliyi qeyri-dövlət sektorunda korrupsiyanın qarşısını almaq üçün nazirliyə yeni funksiyaların verilməsi məqsədilə hökumətə müraciət edib. Əmək naziri Maksim Topilin bildirib ki, bu funksiyların verilməsindən sonra özəl şirkətlərdə maliyyə maxinasiyaları və korrupsiya hallarını qarşısının alınması istiqamətində ciddi tədbirlər görüləcək. Qeyd olunan xüsusda Azərbaycanda da özəl sektorda maliyyə maxinasiyalarının qarışısının alınması üçün hansı tədbirlərin görülməsinin mümkünlüyünü ekspertlər "Mövqe" qəzetiən şərh ediblər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirdi ki, özəl sektorda korrupsiya anlayışı deyəndə burada bir neçə yanaşma nəzərdə tululur: "Hazırda BMT-nin "Qlobal saziş" adlanan beynəlxalq sazişi var. Bu saziş sırf biznes subyektlərinə yönəlir. Dünya üzrə ora daxil olan bütün biznes subyektləri 4 istiqamət və 10 prinsipə riayət etməlidirlər. Bu istiqamətlərdən biri də korrupsiyaya qarşı mübarizədə biznes subyektlərinin iştirakıdır. Belə bir proqram Azərbaycanda da icra edilməyə başlayıb".

Ekpset bildirdi ki, özəl sektorda korrupsiya dedikdə daha çox vergidən yayınma halları korrupsiya əməli kimi başa düşülür: "Bundan başqa rəqabət pozulan zaman da korrupsiya əməlinə yol verilmiş olur. Beynəlxalq aləmdə bunun nümunələrdin biri də odur ki, il ərzində dövlət məmuru nə qədər məbləğdə hədiyyə ala bilər. Özəl sektor məmura müxtəlif bahalı hədiyyələr verirsə, sahibkarlıq subyektləri korrupsiyaya yol vermiş olurlar. Çünki, sahibkarlıq subyektləri öz maraqlarını təmin etmək məqsədi ilə, səlahiyyətli şəxsləri özünə tərəf çəkmək üçün müxtəlif şirnikləşdirici addımlar atırlar".

Ruslan Atakişiyev onu da bildirdi ki, özəl sektorda korrupsiya hallarının genişlənməsi büdcə daxil olmalarına mənfi təsir edir: "Bundan başqa, ümumi daxili məhsulun (ÜDM) formalaşmasına da bu ziyan vurur. Çünki, ÜDM formalaşması dedikdə uçotda olan istehsal olunmuş əmtəə və xidmətlərin məcmusu başa düşülür. Əgər istehsal olunmuş məhsul və xidmətlər gizlədilirsə, bu, ÜDM-da öz əksini tapmır. ÜDM-in məbləğinin aşağı görünməsinə gətirib çıxarır. Bu da artıq gizli iqtisadiyyatın dairəsinin genişlənməsi deməkdir. Həmçinin də, sonda dövlət büdcəsinə rəsmi ödənişlərin səviyyəsini aşağı salır".

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev bildirdi ki, əməlin korrupsiya fakt olması üçün tərəflərdən birinin vəzifəli şəxs olması vacibdir: "Ancaq öz monopolist, hökmran mövqeyindən istifadə edən özəl şirkətlər də var ki, onlar alqı-satqı əməliyyatlarda diqtə etmək iqtidarındadırlar. Bu, hal dünyanın bütün ölkələrində var. Bəzi ölkələrdə bu, cinayət əməli sayılır. Hətta ABŞ-da buna görə 10 ilə qədər cəza nəzərdə tutulub. Ancaq korrupsiyanın subyekti vəzifəli şəxs olmalıdır. Belə olmazsa, burada korrupsiyadan danışmaq çətindir. Şəxs vəzifəsindən istifadə edərək korrupsiya əməlini həyata keçirir. Məsələn, dövlət sahibkarlara kömək məqsədi ilə özəl banklara vəsait verir. Sahibkarlar isə həmin pulu güzəştli kredit formasında götürmək üçün biznes planını özəl banka təqdim edir. Bu zaman kommersiya bankı korrupsiya əməlini həyata keçirməyə yaxındır. Yəni, həmin güzəştli kreditləri özünə sərf edən qaydada verə bilər".

Eldar Qocayev özəl sektorda baş vermiş korrupsiya hallarının dövlət büdcəsinə daxil olmalara mənfi təsir etdiyini bildirdi: "Çünki, korrupsiya halı vergidən yayınmanı özündə ehtiva edir. Bu da kölgə iqtisadiyyatı yaradır. Konkret faizini demək mümkün olmasa, hər bir halda dövlət onun hesablamasını aparır".