ATƏT-in Monitorinq qrupunun fəaliyyəti hələ də nəticə vermir

3 Sentyabr 2014 08:56 (UTC+04:00)

Cəbhə bölgəsində atəşkəs rejimi pozulmaqda davam edir. Erməni işğalçıları elə gün olmur ki, atəşkəs rejimini pozmasınlar. Hər gün cəbhənin bu və yaxud digər məntəqəsində ermənilərin atəşkəsi pozması halları baş verir. Amma məsələ ondadır ki, atəşkəs rejiminə nəzarət etməli olan qurum, ATƏT-in Monitorinq qrupu da fəaliyyətsizdir. Onlar prosesə nəzarət edərək, atəşkəsi pozan tərəfi cəzalandırmaq əvəzinə, bu günə qədər bir dəfə də olsun atəşkəs rejiminə əməl etməyən Ermənistana münasibətdə hansısa kəskin addım atmayıb. Hətta atəşkəsin intensiv pozulduğu bir ay öncəki dövrdə də belə Monitorinq qrupu tərəfindən Ermənistana hər hansı bir irad bildirilmədi. Bu isə qurumun üzərinə düşən vəzfənin öhdəsindən gələ bilməməsi və yaxud gəlmək istəməməsinə dəlalət edir. Belə olan halda, bir çox ekspertlər təklif edir ki, sözügedən qurum ləğv edilərək, başqa birisi ilə əvəzlənsin.

Siyasi şərhçi Qulu Məhərrəmli bu məsələnin baş tutacağını real saymadı. Əksinə, onun fikrincə, məsələni Monitorinq qrupunun ləğvi üzərində deyil, onun fəaliyyətinin yaxşılaşdırılmasına yönəltmək üzərində qurmaq gərəkdir: "Atəşkəslə bağlı ATƏT-in Monitorinq qrupunun fəaliyyəti artıq qəbul olunmuş mexanizmdir. Hansı ki, münaqişə tərəfləri də bunu normal qəbul edirlər və neçə ildir, pis-yaxşı bu mexanizm işləyir. Sadəcə olaraq, müşahidə qrupunun işinin çətinliyi odur ki, cəbhənin müxtəlif yerlərində atəşkəs olur və onun hansı tərəfdən edildiyini operativ şəkildə müəyyənləşdirə bilmirlər. Təbii ki, Ermənistan tərəfi atəşkəsi tez-tez pozur. Azərbaycan tərəfi də onun layiqli cavabını verir. Amma indiki halda söhbət orada status və mexanizmin dəyişdirilməsindən yox, sadəcə olaraq, ATƏT-in hazırkiı monitorinq aparan missiyasının fəaliyyətinin yaxşılaşdırılmasından gedə bilər. Yəni quruma texniki cəhətdən dəstək vermək, müşahidə məntəqələrinin sayını artırmaq olar. Hesab edirəm ki, indilikdə BMT-nin bu işə nəzarət etməsi uyğun hal deyil. Hər halda bütün hallarda BMT-lik burada bir iş yoxdur. Adətən, BMT-nin ayrıcı dəstələri kəskin döyüşlər gedən və sonra sakitliyin qorunması üçün sülhməramlı qüvvələrin yeridildiyi yerlərdə fəaliyyət göstərir. Hesab edirəm ki, indiki halda ATƏT-in Monitorinq qrupunun işini daha da yaxşılaşdırmaqla problemi həll etmək olar".

Politoloq Elxan Şahinoğlu da ATƏT-in Monitorinq qrupundan imtinanı və onun BMT ilə əvəzlənməsini məqbul saymır: "Prezidentlərin son Soçi görüşünə qədər cəbhə xəttində atəşkəs rejimi ermənilər tərəfindən intensiv olaraq pozulurdu. Bu bizi narahat edirdi. Əslində, ATƏT-in Minsk qrupunu da bu vəziyyət sözdə narahat edirdi. Düzdür, həmin görüşdən sonra kiçik istisnalar xaricində, pis-yaxşı atəşkəsə nail olunur. Amma Monitorinq qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikdən də bu istiqamətdə şəxsi təşəbbüs və fəallıq göstərməsi tələb olunur. O da məsələni yerində araşdırmalıdır. Gəlib burada müzakirələr aparsa da, bu günə qədər göründüyü kimi real nəticə yoxdur. Ermənilər istədikləri zaman atəşkəsi pozmaqda davam edirlər. Monitorinq qrupu o məsələyə də aydınlıq gətirməlidir ki, niyə Ermənistan İraq və Suriyadan qaçan erməni və yezidi kürdlərini işğal olunmuş ərazilərdə yerləşdirir? Bu məsələyə də aydınlıq gətirilməlidir. Lakin bütün bunlar heç də o demək deyil ki, ATƏT-in Monitorinq qrupu və Kasprişkdən imtina etməliyik. Əksinə, onların aktiv fəaliyyət göstərmələri üçün daha real mexanizmlər hərəkətə gətirilməlidir. Bunu onlardan tələb edirik. Amma onu da bilməliyik ki, nə qədər tələb etsək də, bizim əvəzimizə onlar gəlib problemimizi həll edən deyillər. Qarabağ məsələsinin bu qədər uzanması da sübut edir ki, kimsə gəlib, əvəzimizə problemin həllində ölkəmizə dəstək verən deyil. Təşəbbüsü öz əlimizə almalıyıq ki, digərləri də onunla hesablaşsınlar".