Süni yağış yağacaq

3 Sentyabr 2014 20:36 (UTC+04:00)
Bu il Azərbaycanda quraqlıq hökm sürüb. Bu da kənd təsərrüfatına böyük zərər vurub. Lakin bu problemin çıxış yolu süni yağış yağdırmaqdır. 

Bu barədə "Azərbaycan Yaşıllar Hərəkatı" İctimai Birliyinin sədri Fəridə Hüseynova ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, bir çox ölkələrdə kənd təsərrüfatına daha əlverişli şərait yaratmaq üçün süni yağış yağdırmaq üsulundan istifadə olunur. Bunun üçün xüsusi hava-yaylım atəş toplarından istifadə olunur.

"Top vasitəsilə bulud topaları dağıdılır Yağış yağdırmaq üşün təyyarələr vasitəsilə xüsusi kimyəvi maddələrdən istifadə olunur. Bu da imkan verir ki, hava durumuna nəarət olunsun. Bunun vasitəsilə quraqlığın qarşısı alınır. Kənd təsərrüfatına dəyəcək ziyan aradan götürülür", - deyə Fəridə Hüseynova bildirib.

Məsələ ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyindən ANS PRESS-ə bildirildi ki, Azərbaycanda belə toplardan istifadə olunmayıb. Hələlik həmin üsulun tətbiqi planlaşdırılmır da. Bu həm maddi baxımdan, həm də təhlükəsizlik baxımından məqsədəuyğun deyil.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da bu üsulun Azərbaycan üçün səmərəsiz olacağını deyir. Ekspertin ANS PRESS-ə verdiyi məlumata görə, bu həm maddi baxımdan çoxlu vəsait tələb edəcək. Həm də, ekologiyaya mənfi təsir göstərəcək.

Telman Zeynalovun sözlərinə görə, quraqlığın qarşısını almaq üçün bundan da yaxşı və səmərəli üsullar var: "Bu təbiətin işinə müdaxilə deməkdir. Dağlıq zonalarda boş ərazilərimiz var ki, orada qrunt su ehtiyatları var. Qusarda Şahdağda 8 nəhəng şəlala, 12 bulaq var. Onların suyundan istifadə etmək daha sərfəlidir. Onlardan bəndlər yaratsınlar. Sovet dövründə süni su anbarları yaradılmışdı. Müstəqillik dövründə onları dağıtdılar. Düşünürəm ki, həmin üsullara qayıtmağın əsl məqamıdır".

Ekspertin fikrincə problemdən digər çıxış yolu kimi yeni su mənbələri tapılmalıdır: "Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik".

Qeyd edək ki, son aylar hökm sürən isti hava və quraqlıq səbəbindən ölkədə çayların səviyyəsi aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən bildirilib ki, bəzi çaylarda suyun həcmi azalıb. Baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, vəziyyət çox ciddidir.

"Problem əsasən İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı rayonlarında müşahidə olunur. Ağsuçay, Girdimançay, Göyçay, Türyançayda suyun kəskin azalması müşahidə olunub", - deyə Asif Verdiyev bildirib.

Mütəxəssislər çıxış yolu kimi suvarma suyundan qənaətlə istifadə etməyi təklif edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkədə suvarma suyundan israfçılıqla istifadə olunur. Ekspertin fikrincə, bunun qarşısı təcili şəkildə alınmalıdır.

"Bu istilərdən sonra payız aylarında intensiv yağışlar başlayacaq. Bu zaman çaylarda yaranan su bolluğundan istifadə etmək lazım olacaq. Ölkədə suvarma suyundan israfçılıqla istifadə olunur. Ötən il 11 milyard kub təbii su mənbəyindən su götürülüb. Bunun 4 milyard kubu itkiyə gedib. Hardasa içməli suyun 40 faizi israf olunub. Bu, əlbəttə yolverilməzdir. Bundan əlavə meşələrin həcmini və ağacların sayını artırmalıyıq. Bu da şirin suyun miqdarını artırar", - deyə Vahid Məhərrəmov bildirib.

Ekspertin fikrincə kənd təsərrüfatı məhsulları istehsalçıları istifadə etdiyi suları yeni texnologiyaya uyğun istifadə etməlidirlər: "Kənd təsərrüfatında suvarmanı yağışyağdırma və damcı üsulu ilə həyata keçirməlidirlər. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifə bundan ibarətdir".

Dövlət qurumlarında isə ekspertlərlə razılaşmırlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə verilən məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.

"İyunun birinə olan statistik məlumata görə, 1 milyon 6 min hektar sahənin 75 faizi biçilib. Yəni biçilmə 758 min hektar sahədə gedib. Bu da respublika üzrə 1,7 milyon ton taxıl istehsal olunub. Fermer və sahibkarlardan standartlara uyğun olaraq, taxılın qəbul olunması haqqında müraciət olunub. Müraciətə əsasən 1 tonun qiyməti 240 AZN olmaqla taxıl alınır. Hələ ki, buğdanın, unun və çörəyin qiymətinin artımı gözlənilmir", - deyə Murtuzəli Hacıyev bildirib.