Xalq artistinin ailə faciəsinin səbəbkarı olan məmur oğluna 12 il həbs
4 Sentyabr 2014 17:30 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq
artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol
qəzasına səbəb olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib. APA-nın məlumatına görə,
prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edərək
təqsirləndirilən Mədətov Xalid Mübariz oğlunun 12 il müddətinə
azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı
rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə
etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı
avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi
"Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı
avtomobilin toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər -
1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü
Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü
Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə
müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik
xəstəxanasına yerləşdiriliblər.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət
Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin
istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq
ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri
yerinə yetirilib. Sürücü X. Mədətov
narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol
sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi
Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda)
maddəsinə tövsif olunub. Onu da qeyd
edək ki, X. Mədətov Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı
Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun
oğludur. Həmin hadisədən 2 gün sonra
isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu
vəzifədən azad edilib, oğlu isə həbs olunub.