"Ağrını içində çəkməlisən, paylaşmamalısan, büruzə verməməlisən... Versən – deməli, qızbibisən!"
4 Sentyabr 2014 17:46 (UTC+04:00)
Mövqe.az sizə jurnalist Vüsal Məmmədovun yazısını
təqdim edir:
Əgər sən Şərqdə qadının əzildiyini düşünürsənsə, bu, o deməkdir ki,
Azərbaycanda kişi olmaq nə deməkdir – bundan xəbərsizsən. Mən
dünyada istər mənəvi, istərsə də maddi planda Azərbaycan kişisindən
daha çox yüklənən ikinci bir məxluq təsəvvür edə
bilmirəm.
Hər şey bu iki hecanın ağırlığından başlayır –
KİŞİ! Bu sözün Azərbaycanda kəsb etdiyi mənanı fil çəkə bilməz ki,
bizim kişilər pis-yaxşı, hələ ki çəkirlər."Sən kişisən!" hökmü ilə uşaqlıqdan bizi elə yükləyirlər ki,
böyüdükcə fərdiyyətimiz bu yükün altında deformasiya
olunur. Azərbaycanda oğlan uşaqlarını
yeni cücərən bir toxuma bənzətsək, "Sən kişisən!" hökmü beton yol
örtüyüdür. Tanış bir qadın danışır ki, tək böyütdüyü oğlu ilə "əsl
kişi necə olmalıdır" söhbəti eləyirmiş, 5 yaşlı uşaq qulaq asandan
sonra deyib ki, "Ana, olar, mən hələ ki özüm olum, böyüyəndə
istəsəm, kişi olaram?.." Bir azərbaycanlı qadının nəzərindəki
kişilik şərtləri uşağa çox ağır görünübmüş...
Kişiliyin bir yük olması oğlan uşaqlarına verilən
sarsaq və mənasız "Kişi ağlamaz!" təlimatından başlayır. Halbuki,
kişi də insandır, emosiyaları, göz yaşı vəziləri və o vəziləri işə
salan bioloji mexanizmləri var. O da
yıxılanda ağlayıb sakitləşməlidir, amma yox –
olmaz!
"Kişi ağlamaz" – bu, gələcək kişini normal insan
olmaqdan uzaqlaşdıran ilk dəhşətli
təlimatdır. Sən ağrını içində
çəkməlisən, paylaşmamalısan, büruzə
verməməlisən... Versən – deməli,
qızbibisən!
Beləcə, gələcək insanın içindəki ilk insanlıq
toxumları milli düşüncənin zəhərli radiasiyasına məruz qalır. Və
getdikcə bu radiasiyanın dozası daha da
artır: Kişi qeyrət çəkər, ana-bacıdan
tutmuş, xalaqızıya qədər hamının namusuna "otveçat" olar, kişi heç
nədən qorxmaz, kişi qadını qoruyar, kişi pul qazanar, kişi arvadın
ipini boş buraxmaz, kişi yumruğunu stola vurar, kişi qabağından
yeməz, kişi aciz və zəif olmaz, kişi ailəsini yaxşı saxlayar, kişi
belə edər, kişi elə edər... edər, edər... kişi, kişi,
kişi...
Bütün bu təlimatların içində bircə şey yoxdur:
kişi də insandır. Kişinin də ürəyini
boşaltmağa, başa düşülməyə, mənəvi rahatlıq tapmağa, bəzən
qorxmağa, bəzən gücsüz və zəif olmağa ehtiyacı və haqqı var;
kişinin də həyatında uğurlu və uğursuz, pullu və pulsuz dövrlər
olur; kişi daim başqa kişilərlə yarışmağa məhkum edilməməlidir,
kişi öz xoşbəxtliyini də düşünməlidir.
Şair, (onsuz da bu
ölkədə hamı şair olduğu üçün, qoy, sənə belə müraciət
edim) Azərbaycan kişisinə ən çox lazım
olan şey yaxşı ağı deməyi bacaran bir anadır ki, oturub halına
ağlasın. Bu bədbəxt kişinin mahiyyətində, genində öz qadınına
böyüklük, ailəsinə başçılıq eləmək proqramı var. Bu, onun özündən
asılı deyil, təbiətdən gəlir. Müasir cəmiyyətdə biz "f" ilə
başlayan sözlə Azərbaycan kişisinin bu təbiətinə qarşı çıxırıq,
deyirik ki, yox, ailənin başçısı tək sən deyilsən, qadının də ən
azı sənin qədər hüququ var. Amma bu zaman kişinin çiynindəki
məsuliyyətlərin heç birini qadına yükləmirik. Evdə nəsə çatışmırsa
– günahkar kişidir; qadının toya geyməyə təzə paltarı, taxmağa
qızılı yoxdursa – günahkar kişidir; kimsə nəsə qələt edibsə -
günahkar kişidir...
Kişinin ancaq borcu və məsuliyyəti, qadınınsa
hüquqları var. Hətta belinin
ağrısından dikələ bilmədiyi vaxtlarda belə, kişi metroda durub,
qadına yer verməlidir. Azərbaycan kişisi mümkün olmayanları
etməlidir – məsələn, anası ilə arvadının arasında başını itirməmək
kimi... Kişi ev almalıdır, təmir etməlidir, maşını olmalıdır –
yoxsa "nə kişidir ki..."
Amma hətta bütün bunları etsə belə, hər bir
azərbaycanlı kişi heç olmasa ömründə bircə dəfə də olsa, yenə də,
"Sən nə kişisən e, kül sənin kişi başına" sözünü eşitməkdən qaça
bilmir. Bu, artıq onun ölən günüdür.
Onu Azərbaycan qadını öldürdü. Fatihə!..
Deməyim odur ki, şair, Azərbaycanda kişi olmaq – fərdiyyət deyil, tale deyil, bir
obrazdır, qəlibdir. Hər bir oğlan uşağı böyüdükcə "Əəə, yekə
kişsən..." deyilə-deyilə zorla bu qəliblərə
soxulur. Onu məcbur edirlər ki, sən
belə olmalısan, yoxsa kişi deyilsən. Sanki bütün analar kişi
inkubatorudurlar, onların doğduqları kişilərin hamısı eyni cür
olmalıdır.
Bax, hərdən düşünürəm ki, indi bizim müşahidə
etdiyimiz bu saçını uzadan, qaşını çapdıran, şortik və mayka ilə
küçəyə çıxan, sırğa taxan gənc nəsil ki var a, onlar bu yollarla
özləri də fərqində olmadan həmin o "kişi" qəlibinə etiraz edirlər.
İndi "kişinin bığı olar" stereotipi daha yoxdur, amma xeyli daha
betərləri hələ qalır.
Hərdən isə mənə belə gəlir ki, Azərbaycan kişisi
özü əzildiyi üçün bəzən qadını da əzməyə
çalışır...
Əlimdə olsa, şəhərin gözəgəlimli bir yerində
reklam billbordu götürüb, üstünə "Kişi də insandır" yazdırardım.
Kişinin də qadının ehtiyac duyduğu hər şeyə - o cümlədən sevgiyə və
qayğıya ehtiyacı var. Bax, elə indicə bunu deməklə mən oldum pis
kişi, "light erkek". Amma eybi yox, kimsə bunu deməli idi
axı...