Bazarlarda keyfiyyətli mal tapmaq müşkülə çevrilib

5 Sentyabr 2014 08:09 (UTC+04:00)

Azərbaycandan Rusiyaya ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı artmaqda davam edir. Moskvanın Qərbdən gələn ərzaq məhsullarına qoyduğu qadağa fonunda, artıq bu ölkə bazarlarını Azərbaycandan gətirilən mallar doldurmağa başlayıb. Rusiyada həmin məhsulların baha olması və yaranmış vəziyyət Azərbaycan sahibkarlarını məhz bu istiqamət üzrə fəaliyyəti genişləndirməyə sövq edib. Bu fonda Azərbaycan bazarlarında boşluq yaranmaması üçün onun əvəzinin idxal malları ilə doldurulacağı gözlənir. Qeyd edək ki, qış aylarından başlayaraq yayın əvvəlinə qədər Azərbaycan bazarları əsasən xaricdən gətirilən meyvə və digər kənd təsərrüfatı məhsulları ilə zəngin olub. Amma bununla yanaşı yerli məhsullarda satışda olub. İndi isə göründüyü kimi yerli məhsulun tez və daha baha qiymətə Rusiya bazarlarında realizə edilməsi üçün əlverişli məqam yaranıb. Belədə aydın məsələdir ki, yaxın zamanlarda ölkəmizə bu istiqamət üzrə idxal məhsulları daha geniş çeşiddə gətiriləcək. Amma bu zaman da hansı ölkələrdən idxalın daha sərfəli olması məsələsinə diqqət yetirmək gərəkdir. Bu xüsusda keyfiyyət məsələsi də öndə olmalıdır. Yəni elə məhsullar idxal edilməlidir ki, o, ən azından yerli malın keyfiyyətindən aşağı olmasın.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, Azərbaycana Türkiyə və İran kimi ölkələrdən aqrar sahə məhsullarının idxalı daha sərfəlidir: "Azərbaycana ərzaq və kənd təsərrüfatı gətirilməsi baxımından ölkəmizə yaxın bazarlar Türkiyə, İran və Rusiyanın özüdür. Azərbaycanda kartofa olan ehtiyac tezliklə artacaq. Baxmayaraq ki, bəzi rəsmilər ölkədə kartof və soğana olan ehtiyacın ödəniləcəyini deyirlər. Artıq kənd təsərrüfatı məhsullarının bazarda qıtlığı ortalıqdadır. Başqa bir tərəfdən, bu il ölkəmizə idxal olunacaq kənd təsərrüfatı məhsullarının qiymətində artımların olacağı mütləqdir. Ona görə də idxal məsələsində rəqabət mühitinə imkan yaradılmalıdır. Avropanın elə ölkəsi var ki, orada hər hektardan 500 ton pomidor istehsal olunursa, Azərbaycanda cəmi 50 ton səviyyəsindədir".

Ekspert bu qənaətdədir ki, hazırki situasiyada idxal məhsulları keyfiyyət baxımından daxili bazarlarda satılan yerli məhsulları qabaqlayacaq. Bu da keyfiyyətli məhsullarımızın Rusiyaya ixracı ilə bağlıdır: "Son zamanlar yerli bazarlarda artıq keyfiyyətli məhsul tapmaq mümkün deyil. Bu da bir neçə amillə bağlıdır. Kənd təsərrüfatı məhsulları istehsalında cari ildə ciddi problemlər yaşandı. Kəndlinin suya olan ehtiyacı tam ödənilmədiyindən onlar da aqrotexniki qaydalara əməl edə bilməyib, əldə olunan məhsulun da keyfiyyəti aşağı olub. Bu məhsulun nisbətən keyfiyyətli hissəsi də bu gün Rusiyaya ixrac olunur. Digər keyfiyyətsiz hissəsi isə bazarlara çıxarılır. Hazırda daxili bazara çıxarılan məhsullar bir neçə il öncəki qalıb məhv olan məhsulları xatırladır. Bu da ondan xəbər verir ki, artıq bazarlarda keyfiyyətli məhsul yoxdur. İki gün öncə "Yaşıl bazar"da oldum, bazar boş idi. Piştaxtalarda ancaq keyfiyyəti aşağı olan məhsullar satılır. Yalnız Rusiyaya göndərilməsi mümkün olmayan, məsələn, əncir kimi məhsulların keyfiyyətlisinə daxili bazarda rast gəlinir. Ancaq tərəvəz məhsulu, üzüm, alma, armud və s. meyvələrin keyfiyyətli hissəsi Rusiya bazarına çıxarıldığından, Azərbaycanda hazırda satışa çıxarılan məhsullar keyfiyyəti aşağı olan məhsullardır. Xaricdən gətiriləcək məhsulların keyfiyyəti isə bu fonda düşünürəm ki, hər halda bu gün daxili bazara çıxarılan məhsulun keyfiyyətindən yaxşı olacaq. Ancaq buna da ümidim azdır. Çünki, işbazlar bir çox hallarda xaricdən daha keyfiyyətsiz məhsulları gətirməkdə maraqlı olurlar".

Ekspert Nizami Qarayev əsas hədəf kimi daxili istehsalın artırılmasını önə çəkdi. Amma eyni zamanda qeyd etdi ki, idxal məhsullarının hardan gətirilməsi məsələsində seçim edilərkən, məhsula baxıb seçim edilməlidir: "Son dövrlər Qərblə Rusiya arasında yaranmış vəziyyət Azərbaycan kənd təsərrüfatı məhsullarının böyük hissəsinin şimal bazarlarına getməsinə səbəb olub. Bu da daxili bazarda qiymət artımına gətirib. Belə vəziyyət uzun müddət davam edərsə, daxili bazarda qiyməti sabitləşdirmək üçün alternativ variantlara əl atılmalıdır. Bu istiqamətdə əsas tədbir kimi istehsalın artırılması nəzərdə tutulmalıdır. Lakin hazırda mövsümün elə vaxtıdır ki, indilikdə yeni istehsalı planlaşdırmaq, məhsul istehsalını təmin etmək mümkün deyil. Ona görə də başqa ölkələrdən ucuz kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi tədbirləri həyata keçirilə bilər. Azərbaycana belə məhsullar ənənəvi olaraq, Türkiyə, İran, üçüncü dərəcəli ölkələrdən, məsələn, kartof Əfqanıstandan, Ukrayna və Belarusdan gələ bilər. Adətən, məhsula baxaraq hardan gətirilməsi ilə bağlı strategiya yürütmək olar. Ayrı-ayrı məhsullar üzrə başqa-başqa ölkələr seçilər".

Xaricdən idxal olunan məhsulun yerli məhsulun keyfiyyətini üstələməsi məsələsinə gəldikdə, hömsöhbətimiz vurğuladı ki, bu zaman ikili-üçlü vəziyyət yaranacaq: "Məhsulun keyfiyyəti ilə bağlı problem yarananda onun qiyməti aşağı olacaq və əksinə. Azərbaycan məhsullarını keyfiyyət baxımından əvəz edəcək malların gətirilməsi bütün hallarda xeyli çətin olacaq. Bununla belə daxili bazara alternativ məhsulun olması yerli malın qiymətinin kəskin qalxmasının qarşısını alacaq, həmçinin, alıcıya seçim imkanı yaradacaq. Budan başqa, idxal məhsulu rəqabət mühitinə də stimul verə bilər. Amma hər halda əsas diqqət yerli istehsalın artırılmasına yönəldilməlidir. Bunun üçün müvafiq qurumların konkret proqramları olmalıdır. Ölkədən kənara, xüsusən də Rusiyaya gedən məhsulların siyahısı tərtib edilməli, o məhsulun istehsalının artırılması imkanları müəyyənləşdirilməli və bu istiqamətdə ciddi fəaliyyətə başlanılmalıdır".