Mikayıl Cabbarov xaricdə təhsil alanların sayını açıqladı

5 Sentyabr 2014 13:47 (UTC+04:00)

Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil.  Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 18 ildir ki, həyata keçirilməkdədir. Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb". Movqe.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, dövlət proqramı çərçivəsində bu tədris ili üçün 500-ə yaxın gənc xaricdə təhsil almaq məqsədilə seçilib. Nazirin sözlərinə görə, seçim prosesi tam yekunlaşmadığı üçün bu rəqəm bir az da arta bilər: "Əvvəlki illərlə müqayisədə seçim daha böyük rəqabət mühitində keçib. Ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin tələblərin təklifləri nəzərə alaraq dövlət proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. Dövlət Proqramının islahatları bundan sonra da davam edəcək və gənclərin fikirləri, təklifləri bizim üçün önəmlidir. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Bu məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini növbəti illərdə də davam etdirirlər. Ümid edirik ki, tələbələr xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər. Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Məzunların işlər təmin olunması istiqamətində də artıq müəyyən imkanlar yaradılıb. Hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqamətində işlər görülür. Dövlət Proqramının məzunları dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmaq hüququna malikdirlər".