Bakı yol polisindən yeni dərs ili xəbərdaqlığı
5 Sentyabr 2014 20:03 (UTC+04:00)
Bakı yol polisi yeni dərs ilinin başlaması ilə
əlaqədar təhlükəsizliyin təmini məqsədilə tədbirlər planı
hazırlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər
Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif
Əsədov bildirib.
V.Əsədov deyib ki, yeni dərs ilində yol
hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri
tədbirlər həyata keçiriləcək.
Bölmə rəisinin sözlərinə görə, təhsil
müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan
sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək: "Xüsusilə də
məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı
qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil
sürücülərinə qarşı ciddi tədbirlər görüləcək".
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin sözçüsü sürücülərə və avtomobil sahiblərinə müraciət
ünvanlayıb: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil
sahibləri və sürücülərinə təhsil müəssisələri istiqamətində şəxsi
avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının
tələbini yerinə yetirməyi tövsiyə edir. Sürücülər parkomatlardan
istifadə etsinlər. Məktəblərin ətrafında dayandırılmış nəqliyyat
vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və
şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə
çətinlik yaradır".
Bölmə rəisi onu da əlavə edib ki, Bilik Gününədək
ətrafında piyada keçidi olmayan məktəblərin qarşısında şagirdlərin
yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolağı çəkiləcək:
"Artıq həmin məktəblərin siyahısı müəyyənləşdirilib və müvafiq
qurumlara müraciət göndərilib".
Qeyd edək ki, Azərbaycanda yeni dərs ili
sentyabrın 15-də başlayacaq.