İqtisadi və Sosial İnkişaf Mərkəzi rayonlarda korrupsiya ilə mübarizə mövzusunda tədbirlər keçirib

8 Sentyabr 2014 15:13 (UTC+04:00)

İqtisadi və Sosial İnkişaf Mərkəzi Tərtər və Şamaxı rayonlarında Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı adı altında tədbirlər keçirib. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. Tədbirin məqsədi regionlarda insanları korrupsiya ilə mübarizədə hökumətlə əməkdaşlığa və ictimai qınağa səsləmək, korrupsiya və rüşvətxorluğun ölkənin sosial iqtisadi həyatında törətdiyi fəsadları, eyni zamanda isə bu kimi problemlərdə yalnız dövlətin deyil o cümlədən cəmiyyətin də iştirakçılığının vacibliyini xatırlatmaq olub. Görüşdə rayon ictimaiyyəti, müxtəlif dövlət qurumlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib. 

Müzakirələr İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı eksperti Rəşad Həsənovun təqdimatı ilə başlayıb. Daha çox xarici ölkələrin təcrübəsi ilə əsaslandırılan təqdimat iştirakçıların marağına səbəb olub. Xüsusi ilə də ictimai qınaq, onun təsirləri, korrupsiya və rüşvətxorluğu təşviq edən amillər ciddi müzakirə edilib. 

Rəşad Həsənov bildirib ki, dünya təcrübəsinin təhlili onu deməyə əsas verir ki, müasir dövrdə korrupsiya ilə mübarizənin effektivliyi vətəndaşın prosesdə iştirakından asılıdır. Çünki, korrupsiyanın iştirakçısı olan vətəndaş prosesdə qazanan və itirən tərəf rolunda çıxış edir. Vətəndaş sayıqlığının artırılması, ictimai qınağın təşviqi marifləndirmə, hökumətin mübarizədə səmimiliyi və ictimai zərərin düzgün qiymətləndirilməsi kimi amillərdən asılıdır.