Şimal Alyansından Rusiyaya qarşı əzələ nümayişi

9 Sentyabr 2014 08:15 (UTC+04:00)

NATO-nun Uels sammiti bir sıra məqamları ilə yadda qaldı. Ölkələrin ərazi bötüklüyünün dəstəklənməsi ilə yanaşı, alyans həmçinin döyüş hazırlığının yüksəldilməsinə dair fəaliyyət planı qəbul etdi. NATO qərargahı Polşada olacaq çevik qüvvələri və Şərqi Avropada öncül dəstələri yaratmaq qərarına gəlib. Bununla yanaşı, alyans Şərqi Avropadakı mövcudluğunu rotasiya sistemi ilə təmin edəcək. Həmçinin o da vurğulanıb ki, NATO tezliklə müntəzəm xarakterli qəfil təlimlərə başlayacaq.

Siyasi şərhçilərin fikrincə, NATO-ya bu addımı atmağa Rusiya vadar edir. Ancaq alyansın qərarları regionda Rusiyanın hegemonluq istəklərinə qarşı da zəruri manverdir. Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri qəzetimizə bildirdi ki, Rusiya aqressiv davranışlarına rəğmən, hələ də özünə haqq qazandırır: "İkinci Dünya Müharibəsindən sonra Rusiyanın işğalçılıq siyasəti bütün beynəlxlq münasibətlər sistemini tamamilə pozdu. Artıq dövlətlərarası sazişlər heç bir rol oynamır. Bu hadisələrə qədər NATO ilə Rusiya arasında bir əməkdaşlıq mövcud idi. Bu da qlobal təhlükəsizliyi təmin etmək üçün dünya güclərinin birgə əməkdaşlığı idi. Ancaq bu gün Cənubi Qafqaz bölgəsi də daxil olmaqla heç bir ölkə təhlükəsizlikdən təminat ala biləcək səviyyədə deyil. Yenidən soyuq müharibə dönəminə başlamışıq. Rusiya NATO-nun onun sərhədlərinə qədər böyüməsinə və tamamilə onu çevrəyə alması üçün NATO-ya böyük bəhanə verdi. Bu gün gedən proseslər ona dayanır. Artıq Şərqi Avropada, Baltikyanı ölkələrdə NATO getdikcə güclənir. Özünün quru qoşunlarını yerləşdirir. Hətta istənilən işğal faktoruna qarşı dərhal hərəkət edə biləcək çevik qüvvələr haqqında konkret qərar qəbul etdi. Bu gün NATO Rusiyanın sərhədlərinə qədər gəlib çatıb. Sabah əgər Ukrayna NATO-nun üzvü olarsa, Rusiyanın ən iri şəhərlərinə həmsərhəd yerlərdə NATO qoşunlarının yerləşməsi mümkün olacaq. Bunu hərəkətləri ilə Rusiyanın özü etdi. Bu, dünyada təhlükəsizlik sisteminin aradan qaldırılması deməkdir. Vəziyyət bütün dünyaya böyük təhlükə vəd edir. Ona görə də bu gün Ukraynada Ukrayna-Rusiya yox, dünyada təhlükəsizliyin mövcud olunması üçün savaş aparılır. Bütün dünya, hətta post-sovet ölkələri belə Ukraynaya öz yardımı göstərməlidir. Çünki, Rusiya Ukraynanı ram edə biləcəksə, sabah Qazaxıstanı, Belarusu, Gürcüstanı da ram etmək üçün cəhdlər edəcək. Hazıda Rusiyanın hərbi təlimləri ən yaxın mütəffiqləri, Avrasiya və Gömrük Birliyinin təsisçilərindən biri olan Qazaxıstanın sərhədləri yaxınlığında baş verir. Eyni zamanda Azərbaycanın da sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir. Bu, güc nümayişliyi ilə yanaşı, həm də təhlükəsizliklə bağlı həmin ölkələri təhdid etmək deməkdir. Təlimlər eyni zamanda Baltikyanı ölkələrin və Şərqi Avropanın sərhədlərində də baş verir. Buna adekvat olaraq ABŞ-ın da Ukrayna ərazisində hərbi təlimləri keçirilir. Bu təlimdə hətta Azərbaycan belə iştirak edir. Həmçinin, NATO Rusiyanın sərhədləri yaxınlığnıda - Qara dənizdə hərbi təlimlər keçirir. Bu, onu göstərir ki, artıq sülh böyük təhlükə qarşısındadır. Sülh soyuq müharibə mərhələsinə keçib. Özünə heç bir hesabat verməyən prezident Vladimir Putinin sabah müharibə istiqamətində addım atmayacağına kimsə zəmanət verə bilməz. Ona görə də Rusiya dünya gücü ilə dayandırılmalıdır. Lakin böyük ehtimalla, Ukraynada Rusiya böyük məğlubiyyətə düçar olacaq. Əgər Rusiya bu istəklərindən vaz keçməzsə, dünyanı böyük savaşın astanasında hesab etmək olar. Artıq soyuq müharibə mərhələsinə girmişik. Çünki, Ukrayna müasir silahlarla təminatla bağlı müəyyən zəmanətlər alıb. NATO ölkələri ayrı-ayrılıqda Ukraynaya yeni silahlar verəcək. Zamanında SSRİ-nin çökdürlməsi üçün SSRİ-yə tətbiq edilən üsul tədricən bu gün Rusiyaya tətbiq edilməkdədir. Yəni, Rusiya imperiya iddialarından geri çəkilməlidir. Yenidən dünya dövlətləri ilə münasibətlər sistemini qurmaqda davam etməlidir. Əks təqdirdə, bu proses Rusiyanın çöküşünə qədər davam edəcək".