NATO-dan Ermənistana zərbə

9 Sentyabr 2014 08:35 (UTC+04:00)

Daha bir beynəlxalq təşkilat növbəti dəfə açıq şəkildə ölkəmizin ərazi bütövlüyün dəstəklədi. Şimali Atlantika Alyansının (NATO) Uelsin Nyuport şəhərində təşkil olunmuş sammiti keçmiş sovet respublikalarına dəstək bəyannaməsi ilə yadda qaldı. Belə ki, sammitinin yekun bəyannaməsində NATO Azərbaycanın, Gürcüstanın, Ermənistanın, həmçinin Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiq qalacağı bildirildi. Siyasi təhlilçilərin fikrincə, NATO-nun bu bəyannaməsi digər beynlxalq təşkilatın qərarlarından fərqlənə bilər. Yəni, sözdən əmələ doğru hərəkət görə bilərik.

Millət vəkili Fazil Mustafa "Mövqe"yə bildirdi ki, NATO-nun bu sammitində bir sıra ciddi sənədlər qəbul olundu: "Bunlar Rusiyanın müdaxiləsi ilə bağlı hansısa addımlar olursa, ona dərhal reaksiya verilməsi məsələlərini nəzərdə tutur. Digər tərəfdən, ərazi bütövlüyünün dəstəklənməsi məsələsi Azərbaycan üçün müsbət nəticədir. Bütün hallarda NATO Rusiya ilə bağlı məsələni çözə bilməsə, öz nüfuzunu tamamilə itirmiş olacaq. Ona görə də bu sammiti NATO-nun nüfuzunun bərpası istiqamətində fikir yaradan sammit kimi dəyərləndirmək olar."

Millət vəkilinin fikrincə, burada dolayı yox, konkret dəstəkdən söhbət gedir: "Artıq bıçaq sümüyə dayanıb. Ukraynanı arxayın etdilər, amma onun ərazi bütövlüyündən əsər-əlamət qalmayıb. Bütün bunlar NATO-nun reputasiyasının tamamilə itirilməsi mənasına gəlir".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının sözlərinə görə, NATO-nun Şərqə doğru irəliləməsində Ukrayna açar ölkədir: "Ukraynanı Qərbin təsir dairsinə salmadan NATO-nun Şərqə doğru genişlənməsi onun təhlükəsizlik və genişlənmə strategiyasının yarımçıq qalması ilə nəticələnə bilər. Zirvə toplantısında əsas məqamlardan biri NATO-nun postsovet coğrafiyasına yönəlik siyasətində Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün dəstəkləndiyinin ifadə edilməsidir. Adıçəkilən dövlətlərin ərazi bütövlüyü dedikdə Dağlıq Qarabağı Azərbaycanın, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını isə Moldovanın sərhədləri daxilində gördükləri qeyd edilir. İlk dəfədir ki, NATO sammitində sepratizmlə qarşılaşan dövlətlərin ərazi bütövlüyü bu qədər açıq şəkildə dilə gətirilir. Belə bir bəyanatın verilməsi adıçəkilən dövlətlər üçün olduca əhəmiyyətlidir. Rusiya ilə münasibətlərdə müyyən dinamiklərin dəyişməsinə səbəb ola bilər. Amma NATO-nun dövlətlərə dəstəyi necə olacağı tam açıqlanmayıb. Odur ki, bəyanat adı çəkilən dövlətlərə birbaşa deyil, dolayı dəstək kimi analiz etmək mümkündür".

Politoq əlavə etdi ki, NATO-Rusiya qarşıdurmasında belə bir bəyanatın verilməsi Rusiyanı narahat etməyə bilməz: "Rusiya post-sovet coğrafiyasında bir neçə istiqamətdə ciddi problemlərlə qarşılaşa bilər. Məsələn, Ukrayna böhranı davam etdiyi ərəfədə Dnestryan, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyada da münqişələrin yenidən alovlanması fonunda Rusiyanın daha geniş coğrafiyada təhlükəsizliyi ələ keçirmək məsələsində çətinliklərlə qarşılaşacağı ehtimalı hər zaman var. Bu ərəfədə Vladimir Putinin Qazaxıstanın dövlətçilik ənənəsinin sırf Nursultan Nazarbayevin hakimiyyəti ilə əlaqələndirməsi, Vladimir Jirinovskinin "Rusiya Qazaxıstanı işğal etməlidir" kimi ifadələri diqqətdən qaçırılmamalıdır. Burada Rusiya daha çox psixoloji təzyiq vasitələrindən istifadə edir. Bu baxımdan NATO sammitində belə bir bəyanatın verilməsi təqdirəlayiq olsa da, bunun hansı formada adı çəkilən dövlətlər təsir edəcəyi bəll ideyil".

Burada bir məsələ də xüsusi qeyd olunmalıdır ki, Uelsdə Ermənistan prezidenti Serj Sarkisyan növbəti şapalaq alıb. NATO-nun Uels sammitində növbəti şapalaq alan Ermənistan prezidenti Serj Sarkisyan Böyük Britaniyadan qayıdandan dərhal sonra lideri olduğu hakim Respublika partiyasının fövqəladə iclasını çağırıb. Ermənistan KİV-lərinin etiraf etdiyi kimi, bu iclasda Serj Sarkisyan Azərbaycanın diplomatik uğurlarını təsdiqləyib və tərəfdarlarını beynəlxalq əlaqələri genişləndirməyə, dünya miqyasında öz təbliğatını gücləndirən Azərbaycana qarşı mübarizə aparmaq üçün bu əlaqələrdən istifadə etməyə çağırıb. Serj Sarkisyan NATO-nun sammitlərində, habelə Avropa Şurasının Parlament Assambleyasında Qarabağ məsələsinin müzakirəsini nəzərdə tutaraq belə bir etiraf edib: "Əslində demək lazımdır ki, bəzi hallarda Azərbaycan buna nail olur".