Azərbaycanda mədəni sərvətlərin müvəqqəti ixracı qaydası təsdiq edilib

9 Sentyabr 2014 11:13 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nı təsdiq edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən hazırlanıb və sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən edir və Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.

Bu Qaydanın tətbiq olunduğu mədəni sərvətlərə təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar; kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri; əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər; tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları; səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri; qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.); şifahi xalq yaradıcılığı nümunələri; arxeoloji və numizmatik xarakterli əşyalar; flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları daxildir.

Qaydaya əsasən, mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan rezidenti olan bütün hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. Mədəni sərvətlərin müvəqqəti ixracının mümkünlüyü barədə Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edir.

Mədəni sərvətlərin müvəqqəti ixracı mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciəti əsasında həyata keçirilir. Müraciətə qəbul edildiyi gündən 90 (doxsan) gün müddətində baxılıb qərar qəbul edilməlidir.