"Şəhidlərimizin abidəsini təhqir edənlərə mesaj olsun"-BƏY GƏLİNDƏN XİYABANDA FOTOSESSİYA

9 Sentyabr 2014 16:42 (UTC+04:00)

Onların toy fotosesiyasını Şəhidlər Xiyabanında etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Bu iki gəncin xoş günlərində and yerimiz olan Şəhidlər Xiyabanını seçərək, şəhidlərimizin məzarlarını ziyarət etmələri onları digər bəy və gəlinlərdən fərqləndirib. Elə Movqe.az-da digər bəy-gəlinlərdən fərqli olaraq dəbdəbəli, mənzərəli məkanları qoyub toy fotosessiyaları üçün Şəhidlər Xiyabanını seçən gənclərdən müsahibə alıb.

-Sizin Şəhidlər Xiyabanındakı fotosesiyanız demək olar ki, bir yenilik oldu. Özünüzü daha yaxından tanıdardınız.

- Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Barış Cavid. Əslim Ərdəbildəndir, amma Bakıda doğulmuşam. 25 yaşım var. Hal-hazırda Hacettəpə universitetinin doktorantura pilləsində təhsil alıram.

- Evliliyiniz nə vaxt baş tutdu?

- Avqustun 27-si evləndik.

-Fotosessiyadan görünür ki, sizin dünya görüşünüz, düşüncələriniz üst-üstə düşür. Xanımınız haqda məlumat da maraqlı olardı.

- Ülkər xanım bu il Xarici dillər Universitetinin İngilis dili fakültəsini bitirib. Əsli Şamaxıdandır. Və bir-birimizi sevib ailə qurmağa qərar vermişik...

- Bəs Şəhidlər Xiyabanında fotosessiya etmək kimin ideyası oldu?

- Mən milliyətçi bir insanam. Dərs dediyim tələbələr, ictimai tədbirlərdə yoldaşlar mənim nə əqidəyə sahib olduğumu yaxşı bilirlər. Sadəcə bu mənim arzum idi. Sovet dönəmi bütün gənclər 26-lar parkına gedirdilər. Bizi qıranlara sadiqlik andı içirdilər, Sovetlər Birliyi dağılandan sonra bu adət də dağıldı. Amma yerinə yenisini gətirənlər olmadı. Bəlkə də olub amma mənim qarşıma çıxmayıb. Mən ilk dəfə bunu etdimsə o zaman nə xoş mənə. Bu fotolarımız məncə çox paylaşılsa öz effektini verəcək. Gənclər fotosesiya üçün məhz bu məkanı seçməli, şəhidlərimizin məzarını ziyarət etməlidirlər.

- Belə başa düşdüm ki, ideyanın müəllifi sizsiniz. Bəs Ülkər xanım necə qarşıladı bu təklifi ?

- Bu ideyanı mən irəli sürdüm. Amma qarşılıqlı istək nəticəsində oldu. Valideyinlərimiz də bunu ürəkdən alqışladılar.

- Bir gənc və toy fotosessiyasını məhz Şəhidlər Xiyabanında edən vətənpərvər insan kimi gənclərimizə nə məsləhət verərdiniz ?

- Sadəcə keçmişimizi unutmamağı və ona hörmət etməyi...

- Niyə məhz sizdə digər gənclər kimi güllü çiçəkli yerlərdə yox, məhz Şəhidlər Xiyabanında fotosessiya etdirdiniz ?

- Mənim içimdən, ürəyimdən keçən bu oldu. Bunu istədim və etdim. Sevdiyim insan da mənə dəstək oldu. Bu hərəkətim eyni zamanda yaxınlarda şəhidlərimizin abidəsini təhqir edənlərə də bir mesaj olsun deyə düşündüm. Onları heç kim heç zaman qəlbimizdən silə bilməz.

- İcazənizlə Şəhidlər Xiyabanında olan fotolarınızı paylaşırıq.

- Özəl həyatımı paylaşmağı heç sevmirəm. Amma bugünkü gənclərə örnək olsun deyə, özəl şəkillərimizin yayımına icazə verirəm. Bir ömürlük xatirəmiz olsun deyə, şəhidlərimizlə şəkil çəkdirmək qərarına gədik. İnşaAllah qurduğumuz ailəmiz bu müqəddəs yerdən öz xeyir-duasını almışdır.