Məktəb bufetlərində yoxlama aparılacaq

9 Sentyabr 2014 18:14 (UTC+04:00)

Sanitar-Epidemiologiya Mərkəzi bufetlərdəki vəziyyəti araşdıracaq

"Məktəblərin əksəriyyəti yenidən təmirdən çıxdığı üçün sanitar-gigiyenik məsələlərdə problem mövcud deyil".


Bu sözləri anspress-ə açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. 


O bildirib ki, məktəblərdə xüsusi ilə paylayıcı bufetlərin fəaliyyəti nəzərdə tutulur. Z. Kazımovun sözlərinə görə, yeni tədris ilindən etibarən məktəb bufetlərinin fəaliyyət istiqaməti müəyyənləşdikdən sonra müvafiq yoxlamalara başlanılacaq.


"Məktəblərdə əsasən bulka, un məlumatları kimi məhsulların satıldığı bufetlər üstünlük təşkil edir. Bu tip bufetlərə paylayıcı bufetlər deyilir. İsti yeməklərin bişirildiyi bufetlər isə elə də çox deyil. Bu bufetlər paylayıcı bufetlərdən fərqli olduğu üçün burada monitorinq şərtləri də fərqlidir. Biz bu məsələləri nəzarə alaraq hazırlıq işləri görürük". 


Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri bildirir ki, bufetlərdə araşdırmalar aparılması üçün Ədliyyə Nazirliyin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir.


Ziyəddin Kazımov qeyd edir ki, bufetlər məktəblərdə müqavilə əsasında fəaliyyət göstərirlər. Yəni, məktəblər Təhsil Nazirliyinə tabe olduğu halda, bufetlər sahibkarlara məxsusdur.