Banklara borclu olanların sayı artır

10 Sentyabr 2014 08:10 (UTC+04:00)

Bu il kredit verilməsi şərtlərinə dəyişikliyin edilməsinə baxmayaraq, hələ də ölkədə kredit götürənlərin sayında azalmalar müşahidə edilmir. Məlumatlara görə, Azərbaycanda kredit alanların sayı 2,2 milyona yaxınlaşır. Bununla yanaşı, zaminlərin də sayında artımların olduğu bildirilir. Rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir. Kredit götürənlər arasında isə həmişəki kimi fiziki şəxslər daha çox üstünlük təşkil edir. İlkin sırada gələn kreditin növündə də dəyişmə yoxdur. Yenə də istehlak kreditinə üz tutanlar çoxdur. Mütəxəssislər bu rəqəmin ölkəmiz üçün yüksək hesab edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspert Rəşad Həsənov "Mövqe"yə açıqlamasında bildirdi ki, bu, iqtisadi məşğul əhalinin təxminən 45-50%-i deməkdir: "Digər tərəfdən rəsmi statistik məlumatlara görə, Azərbaycanda 2.6 milyona yaxın ailə mövcuddur. Onların bəziləri faktiki olaraq, Azərbaycanda qeydiyyatda osla da, kənarda yaşayırlar. 2.2 milyon kredit alan deyiriksə, deməli, hər ailədə kredit alan var. Lakin pratikada təsadüf olunan digər məqam ondan ibarətdir ki, bəzi ailərdə kredit alan olmur. Lakin bəzi ailələrdə bir neçə ailə üzvünün kredit borcu var. Bu, Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir. Eyni zamanda nəzərə alaq ki, hazırda rəsmi şəkildə əməyini leqallaşdrılmış insanların sayı 1.8 milyona yaxındır. Bu, o deməkdir ki, əməyi leqallaşmış insanlardan başqalarına da kredit verilib. Təbii ki, bu, ciddi nöqsan sayıla bilməz. Çünki, kredit verilmə şərtləri 2014-cü ildən dəyişdirildiyi üçün banklar əvvəlki şərtlər daxilində də uzunmüddətli kreditlər veriblər. Kreditin məbləğinə də diqqət etsək, görərik ki, Azərbaycan bazarında təxminən 17 milyarda yaxın kredit var. Bunların 55%-i istehsal kreditidir. Bu, o deməkdir ki, ölkədə kredit bazarında problem var. 17 milyard Azərbaycan dövlətinin bir illik büdcəsinə bərabər rəqəmdir".

İqtisadçı əlavə etdi ki, Azərbaycanda maliyyə kredit bazarının inkişaf tarixi son 12 ilə təsadüf edir: "Kreditləşmənin 2002-ci ildən sonrakı dövrə təsadüf edir. Digər tərəfdən, Azərbaycanda 2002-ci ildən maliyyə bazarında nağd pul axının yeni mənbəyi yarandı. Bu isə insanlara imkan verdi ki, özlərinin gələcək üçün planlaşdırdıqları arzularını daha tez bir zamanda həyata keçirsinlər. Onlar kreditə müraciət edib özlərinin problemini həll edirdilər. Yəni, bütün problemlər kreditlərin üzərinə yüklənib. Ancaq əsas problem kredit faiz dərəcələrinin yüksək olmasındadır. Kreditləşmənin ilk 5 ilində insanlar kredit götürüb sosial problemlərini həll edirdilərsə, sonrakı 5 ildə artıq onlar əvvəlki kreditlərin faizlərindən yaranmış borclarını ödəmək üçün variantlar axtarmalı oldular. Yeni kredit götürüb köhnə krediti bağlamağa cəhd edirlər. Beləliklə də insanlarda sürətli şəkildə borclanma getdi. Yəni, mənzərinin acı səbəblərindən biri məhz yüksək faiz dərəcələridir. Azərbaycanda orta faiz göstəriciləri 30% üzərində dayanır".

Ekspert hesab edir ki, bu prosesi inzibati metodlarla tam dayandırmaq mümkün deyil: "Sadəcə, dinamikanı zəiflətmək olar. Ümumiyyətlə, maliyyə bank sektorunda ciddi islahatlar aparılmalıdır. Bazara kifayət qədər rəqabət qabliyyətli və beynəlxalq kapitala malik banklar buraxılmalıdır. Bu zaman faizlər kifayət qədər aşağı düşəcək. 12 il ərzində yaranmış ciddi problem təxminən 10 il vaxt aparacaq ki, öz həllini tapsın. İnsanlar bu gün kredit faizlərinə görə borclanıblar. Mərkəzi Bankın qərarları ilə bunun qarşısını almaq olmaz. 2014-cü ildə şərtlərə dəyişiklik edilməsinə baxmayaraq, hazırda kredit alanların sayında, kreditləşmənin həcmində artımları görürük. Eyni zamanda problemli kreditlərin həcmində də 2014-cü ildə təxminən 20% artım baş verib".